11 sentyabr 2025 17:30
182

“SOCAR Enerji Məktəbi” proqramına qəbul üçün müraciətlərə start verildi

“SOCAR Türkiyə” və Türkiyənin Sabancı Universiteti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “SOCAR Enerji Məktəbi” sertifikat proqramının dördüncü mərhələsi üzrə müraciətlərin qəbuluna start verilir. Enerji sahəsində ixtisaslaşmaq istəyənlərin iştirak edə biləcəyi proqram üçün müraciətlər oktyabrın 11-də başa çatacaq.

“SOCAR Türkiyə” və Sabancı Universitetinin birgə təşkilatçılığı ilə ilk dəfə 2022-ci ildə keçirilən “SOCAR Enerji Məktəbi” proqramının bu il dördüncü mərhələsi reallaşdırılacaq. Proqram çərçivəsində Azərbaycan və Türkiyənin enerji sahəsindəki strateji mövqeyi, enerji gündəmində ön plana çıxan məsələlər, xüsusilə bərpaolunan enerji istiqamətində yeni tendensiyalar müzakirəyə çıxarılacaq. Həmçinin iki ölkənin enerji təhlükəsizliyinə, yaşıl transformasiyaya və regional inteqrasiyaya verdiyi töhfələr diqqət mərkəzində olacaq.

Enerji sahəsində əməkdaşlıq və yeni tendensiyalar

“SOCAR Enerji Məktəbi” ilk ildən etibarən iştirakçılara təqdim etdiyi zəngin məzmunla seçilir. Artıq davamlı bir platforma kimi tanınan proqramın məqsədi enerji sahəsində ixtisaslaşmaq istəyən dövlət və özəl sektor menecerlərini, alimləri, media üzvlərini, beynəlxalq siyasətçiləri və enerji ekspertlərini bir araya gətirməkdir. Enerjinin bütün sahələrində hərtərəfli və geniş perspektivə sahib olmaq, qlobal və regional enerji məsələlərini çoxşaxəli prizmadan qiymətləndirmək imkanı verən proqramda ekspert təlimatçılar və dünyada məşhur olan natiqlər enerjinin müxtəlif sahələrində öz bilik və təcrübələrini bölüşəcəklər. 2022-ci ildən indiyədək 2023 namizəd arasından aparılan seçim nəticəsində ümumilikdə 204 nəfər iştirak hüququ qazanıb.

Proqramın məqsədi...

“SOCAR Enerji Məktəbi” proqramının əsas məqsədi iştirakçılara enerji sahəsinin müxtəlif alt sahələrini əhatə edən 360 dərəcə bir perspektiv qazandırmaqdır. Bundan əlavə, qlobal və regional enerji məsələlərində ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsini təşviq etmək, xüsusən Türkiyə və Azərbaycanla bağlı enerji məsələlərində məlumatlı peşəkarların təliminə töhfə verməkdir. Əlaqədar sahələrdə fəaliyyət göstərən dövlət və özəl sektor rəhbərləri, akademiklər, beynəlxalq səviyyədə qərar qəbul edənlər və enerji mütəxəssislərini, ixtisaslaşmaq istəyən iştirakçılarla bir araya gətirən mühüm bir platforma təqdim etməkdir.

Zəngin proqram və beynəlxalq panel müzakirələri

Yeni dövr üçün hazırlanmış proqram 25 əsas dərs, 5 seçmə dərs, 3 qiymətləndirmə sessiyası, 4 xüsusi sessiya və dünyaca məşhur məruzəçilərin çıxış edəcəyi 13 paneldən ibarətdir. Ümumilikdə 142 saatlıq tədrisi əhatə edən proqramın əsas hissəsi onlayn platforma üzərindən keçiriləcək. Proqramın açılış mərasimi və ilk dərsi “SOCAR Türkiyə” nin Əliağadakı istehsalat müəssisələrində keçiriləcək. Enerji sahəsində dünya şöhrətli ekspertlərin, milli və beynəlxalq universitetlərin professor-müəllim heyətinin verdiyi təlimlər onlayn platformada izləniləcək.

Ödənişsiz iştirak imkanı

“SOCAR Enerji Məktəbi”nin dördüncü mərhələsi də ödənişsiz əsaslarla həyata keçiriləcək. Bu il proqrama 65 nəfər qəbul ediləcək. Namizədlər oktyabrın 11-dək www.socarenergyschool.com və www.socarenergyschool.com/en saytları vasitəsilə müraciət edə bilərlər. Tədris noyabrın 29-da başlayacaq və 2026-cı il martın 7-də başa çatacaq.

Proqramı uğurla başa vuran iştirakçılar, həmçinin enerji sahəsində apardıqları araşdırmalarla “SOCAR Enerji Məktəbi”nin Tədqiqatlara Dəstək Proqramına müraciət edə biləcəklər. 

Dördüncü dəfə təşkil olunan “SOCAR Enerji Məktəbi” sertifikat proqramı da sosial tədbirlər və xüsusi layihələrlə zənginləşdirilərək iştirakçılara bu xüsusi şəbəkə vasitəsilə bir-biri ilə əlaqə saxlamağa və ünsiyyəti müxtəlif platformalara köçürməyə imkan verəcək.

Orxan Vahidoğlu, “İki sahil”