11 sentyabr 2025 11:15
159

Bakıdan regiona sabitlik mesajı

Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi artıq bir ənənəyə çevrilib və bu, ölkəmizin qlobal səviyyədə artan nüfuzunun bariz göstəricisidir. Belə tədbirlərdən biri də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun (SIIS) birgə təşkilatçılığı ilə keçirilən “İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı forumdur. 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “İki sahil”ə müsahibəsində bu mövzuya münasibət bildirərək məsələyə geniş aydınlıq gətirib.

-Tahir müəllim, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun (SIIS) birgə təşkilatçılığı ilə keçirilən forumun əsas məqsədi və gündəlikdə duran prioritet məsələlər nələrdir?

-Bu cür tədbirlər ölkəmizin təşəbbüskarlıq qabiliyyətini, regional əməkdaşlıq və təhlükəsizlik məsələlərinə töhfə vermək imkanlarını nümayiş etdirir. Forumun Bakıda təşkili Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində mövqeyini gücləndirməklə yanaşı, regionda sabitliyin və inkişafın təmin olunması üçün qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqinə xidmət edir. “İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” mövzusunda keçirilən forum region ölkələri arasında strateji dialoqun gücləndirilməsi, təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə platformalar iştirakçı dövlətlərin birgə maraqlarına xidmət etməklə yanaşı, qlobal sabitliyə də töhfə verir. Bu forum həm Azərbaycanın, həm də AQEM çərçivəsində fəaliyyət göstərən dövlətlərin qarşılıqlı maraqlarına xidmət edən vacib bir platformadır. Forumun əsas məqsədi regional əməkdaşlığın yeni formatlarda təşviqi, təhlükəsizlik və inkişaf məsələləri arasında mövcud olan qarşılıqlı asılılığın daha dərindən təhlil olunmasıdır.  Bu tədbirdə gündəlikdə duran prioritet məsələlər sırasında Asiya məkanında təhlükəsizlik idarəçiliyinə yeni yanaşmalar, yaşıl və rəqəmsal transformasiya dövründə təchizat zəncirinin qurulması, eləcə də “Bir kəmər, bir yol”, Orta Dəhliz və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi böyük layihələrin Avrasiya məkanında strateji bağlantıların qurulmasındakı rolu yer alır.  Azərbaycan bu forumda həm coğrafi mövqeyi, həm də etibarlı tərəfdaş kimi tutduğu yer baxımından mühüm fiqurdur. Bu cür tədbirlər Azərbaycanın beynəlxalq proseslərdə artan rolunu və təşəbbüslərini bir daha nümayiş etdirir.

-Cənab Prezidentin forum iştirakçılarına ünvanladığı müraciətdə əsas vurğuladığı məqamlar nələr idi?

-Dövlət başçımızın forum iştirakçılarına ünvanladığı müraciətində əsas məqamlar Azərbaycanın beynəlxalq əməkdaşlığa, regional sabitliyə və iqtisadi inteqrasiyaya verdiyi önəmlə bağlı idi. Dövlət başçısı qeyd etdi ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır. Prezident bildirib ki, keçən ay Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır. “Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir. Eyni zamanda, şübhə etmirəm ki, Orta Dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaqdır. İnanıram ki, bütün bu kommunikasiya xətləri AQEM üzvləri arasında da əməkdaşlığın inkişafına töhfə verəcək”- deyə Azərbaycan Prezidenti vurğulayıb.

Azərbaycan hər zaman regional əməkdaşlıq təşəbbüslərinin fəal iştirakçısı olub və bu istiqamətdə konkret nəticələr əldə edib. Dövlət başçımız, xüsusilə Orta Dəhliz, “Bir kəmər, bir yol” və Şimal-Cənub nəqliyyat layihələrinin əhəmiyyətinə toxunaraq Azərbaycanın bu layihələrdə oynadığı rolu ön plana çəkdi.  Cənab İlham Əliyev, həmçinin ölkəmizin dayanıqlı inkişaf, yaşıl enerji keçidi və rəqəmsallaşma sahəsində atdığı addımları qeyd edərək, bu məsələlərin beynəlxalq əməkdaşlıqla birbaşa əlaqəli olduğunu bildirdi. Müraciətdə Azərbaycanla Çin arasında artan tərəfdaşlığın və Asiya ölkələri ilə əlaqələrin dərinləşdirilməsinin perspektivləri də diqqətə çatdırıldı.

- Prezident İlham Əliyevin müraciətində region ölkələri üçün hansı mesajları verildi?

-Dövlətimizin başçısının foruma müraciəti bölgə ölkələrinə ünvanlanan aydın bir mesaj idi. Davamlı inkişaf, sabitlik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq yalnız birgə səylərlə mümkündür. Azərbaycanın təşəbbüskar və açıq dialoq tərəfdarı olan mövqeyi isə regional inteqrasiyanın və təhlükəsizlik mühitinin möhkəmlənməsində mühüm rol oynayır. Dövlət başçısı bir daha vurğuladı ki, Azərbaycan regional sabitliyin, qarşılıqlı əməkdaşlığın və inkişafın tərəfdarıdır. Bu mesaj, xüsusilə qonşu ölkələrə istiqamətlənmiş çağırışdır ki, yalnız qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli dayanıqlı nəticələrə gətirib çıxara bilər. Prezidentin çıxışında Orta Dəhliz, Şimal-Cənub Nəqliyyat Dəhlizi və digər strateji layihələrin əhəmiyyəti də diqqət mərkəzində idi. Bu layihələrdə birgə iştirak, regional güc balansının formalaşmasına da müsbət təsir göstərəcək. Təhlükəsizlik və inkişafın ayrılmaz şəkildə vəhdət təşkil etməsi fikri isə dövlət başçısının mesajında əsas xətt kimi yer alırdı. Bu, region ölkələrinə ünvanlanan mühüm bir çağırışdır ki, davamlı inkişaf yalnız təhlükəsiz mühitdə və qarşılıqlı anlaşma şəraitində mümkündür. Bütövlükdə, Prezident İlham Əliyevin müraciəti Azərbaycan diplomatiyasının strateji baxışını əks etdirməklə yanaşı, bölgənin gələcək inkişaf modelinin də konturlarını ortaya qoymuş oldu.

-İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi yanaşması Asiya regionunda sabitlik üçün hansı imkanları yarada bilər? Azərbaycan bu platformalarda hansı rolu oynayır və təşəbbüslərə verdiyi töhfə nədən ibarətdir?

-“İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi” yanaşması Asiya regionunda uzunmüddətli sabitliyin təmin olunması üçün vacib bir konsepsiyadır. Bu model göstərir ki, iqtisadi əməkdaşlıq, dayanıqlı inkişaf, infrastrukturun genişləndirilməsi və qarşılıqlı etimada əsaslanan münasibətlər təhlükəsizlik risklərini minimuma endirə bilər. Yəni sosial-iqtisadi rifah artdıqca, münaqişələrə meyil azalır, region ölkələri arasında qarşılıqlı asılılıq güclənir, bu da siyasi sabitliyə töhfə verir. Azərbaycan bu platformalarda mühüm rola malikdir. Geostrateji mövqeyi, nəqliyyat və enerji layihələrindəki fəallığı, "Orta Dəhliz", "Şimal-Cənub" və “Cənub Qaz Dəhlizi” kimi təşəbbüslərdə liderliyi ilə regionda inkişaf və təhlükəsizlik arasında körpü rolu oynayır. Azərbaycanın təşəbbüsləri təkcə iqtisadi deyil, həm də siyasi sabitliyin təmin olunmasına yönəlib. Ölkəmiz müxtəlif mədəniyyətlərin qovuşduğu məkan kimi həm Şərq, həm də Qərb üçün etibarlı tərəfdaş olduğunu sübut edir.

-Tahir müəllim, “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycana gətirdiyi əsas strateji və iqtisadi üstünlüklər nələrdir?

-“Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycana böyük strateji və iqtisadi üstünlüklər gətirir. Strateji baxımdan, Azərbaycan Asiyanın və Avropanın qovuşduğu körpü rolunu gücləndirir, bu da ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində vacib tranzit mərkəzinə çevrilməsinə imkan yaradır. Bu təşəbbüs sayəsində Azərbaycanın rolu regional əlaqələrin inkişafında artır, həmçinin enerji və ticarət marşrutları üzrə strateji əhəmiyyəti yüksəlir.

İqtisadi cəhətdən isə “Bir kəmər, bir yol” layihəsi Azərbaycanın infrastrukturuna investisiyaları cəlb edir, nəqliyyat və logistika imkanlarını genişləndirir. Bu da ticarətin həcmini artırır, yerli iqtisadiyyata əlavə gəlir gətirir və iş yerlərinin yaradılmasına şərait yaradır. Ümumilikdə, təşəbbüs Azərbaycanın regionda liderliyini möhkəmləndirir və dayanıqlı inkişafına xidmət edir.

-Minsk qrupunun fəaliyyətinə son qoyulması beynəlxalq ədalətin bərpası baxımından hansı mesajı verir? 30 il ərzində Minsk qrupunun fəaliyyəti Azərbaycan üçün hansı nəticələr doğurdu?

-Bu qərar dövlətimizin siyasi iradəsinin və milli maraqlarımızın qələbəsini simvolizə edir.  Eyni zamanda, beynəlxalq ədalətin bərpası baxımından çox önəmli mesaj verir. Bu, 30 ilə yaxın davam edən münaqişədə ədalətsizliyin və ikili standartların artıq qəbul edilməyəcəyini, dövlətimizin siyasi iradəsinin üstünlük qazanacağını göstərir. Beləliklə, beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyi təsdiqlənir və gələcəkdə ədalətsizlik üzərində qurulan mexanizmlərin uzunömürlü ola bilməyəcəyi nümayiş olunur. 30 il ərzində Minsk qrupunun fəaliyyəti Azərbaycan üçün əsasən ədalətsizlik və nəticəsizlikdən başqa heç nə gətirmədi. Bu müddətdə qrupun fəaliyyəti xalqımızın haqq səsini yetərincə müdafiə edə bilmədi, münaqişənin həllini təmin edə bilmədi və diplomatik oyunların, ikili standartların simvoluna çevrildi. Nəticədə, Azərbaycan öz gücü və iradəsi ilə haqqını bərpa etməli oldu. Minsk qrupunun bağlanması isə bu mənada Azərbaycan xalqının uzunmüddətli haqlı mübarizəsinin nəticəsi kimi qiymətləndirilir.

-Azərbaycanın öz gücü ilə ədaləti bərpa etməsi digər münaqişəli bölgələr üçün nümunə ola bilərmi?

-Əlbəttə. Azərbaycanın öz gücü və iradəsi ilə ədaləti bərpa etməsi digər münaqişəli bölgələr üçün nümunə ola bilər. Bu, göstərir ki, milli birliyə və güclü dövlət siyasətinə əsaslanan yanaşma ilə haqq-ədalət bərpa oluna, işğal altındakı torpaqlar azad edilə və ölkə öz ərazi bütövlüyünü təmin edə bilər. Azərbaycanın qazandığı tarixi zəfər digər ölkələrə də öz münaqişələrini ədalətli və qətiyyətli şəkildə həll etmək üçün motivasiya verir və beynəlxalq hüquq prinsiplərinin əhəmiyyətini vurğulayır.

-Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın ŞƏT Sammiti çərçivəsində keçirilən görüşü Azərbaycan-Ermənistan münasibətlərində hansı yeni perspektivlər açdı və bu görüş regionda sülh prosesinə necə təsir göstərdi?

-Bu görüş Azərbaycan və Ermənistan arasında qarşılıqlı anlaşmanın artırılması və mövcud gərginliyin azaldılması baxımından önəmli addım oldu. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında aparılan dialoq tərəflər arasında etimadın bərpası üçün zəmin yaratdı və gələcəkdə əlaqələrin normallaşmasına imkan verəcək yeni perspektivləri ortaya qoydu. Görüş, həmçinin regional təhlükəsizliyin gücləndirilməsi və əməkdaşlığın inkişafı üçün mühüm siqnal kimi dəyərləndirilir. Hələ sülh müqaviləsi imzalanmasa da, bu danışıqların davamlılığı prosesin müsbət irəliləyişi üçün vacibdir və regionda sülhün möhkəmlənməsinə xidmət edir.

Şəmsiyyə Əliqızı, “İki sahil”