07 aprel 2026 08:00
201

Beyin qorxu ilə necə mübarizə aparır?

Alimlər beynin instinktiv qorxu reaksiyasını necə aradan qaldırdığını müəyyən ediblər. “Science” jurnalında dərc olunan araşdırmanın nəticələrinin fobiya, həyəcan pozuntusu (anksiyete) və travma sonrası stress pozuntusu kimi problemlərin müalicəsinə töhfə verə biləcəyi bildirilib.

Tədqiqat çərçivəsində alimlər təxminən 100 siçan üzərində eksperiment aparıblar. Heyvanlar qapalı mühitdə yırtıcı quş hücumunu xatırladan vizual simulyasiyaya məruz qalıblar. İlkin mərhələdə siçanlar qorxu reaksiyası göstərərək sığınacaq axtarsalar da, təkrar olunan 30-50 simulyasiyadan sonra normal davranışlarına qayıdıblar.

Araşdırma zamanı siçanların beyin fəaliyyəti izlənilib və qorxunun tədricən azalması ilə əlaqəli sinir mexanizmləri müəyyən edilib. Nəticələr göstərib ki, ilkin mərhələdə görmə qabığı (vizual korteks) əsas rol oynayır. Lakin qorxunun basdırılması öyrənildikdən sonra bu məlumat beynin daha az araşdırılmış hissəsi olan ventrolateral genikulyat nüvəsində (vLGN) saxlanılır.

Tədqiqatın rəhbəri Sara Mederos bildirib ki, bu mexanizm beynin hansı təhlükələrin real olmadığını təcrübə yolu ilə ayırd etməsinə imkan verir. Onun sözlərinə görə, vLGN bölgəsinin bu prosesdəki rolu indiyədək tam aydın deyildi.

Alimlər qeyd ediblər ki, insan beynində də oxşar sinir yollarının mövcud olması ehtimalı bu kəşfin tibbi əhəmiyyətini artırır. Bu mexanizmin daha dərindən öyrənilməsi gələcəkdə anksiyete, fobiya və travma sonrası stress pozuntularının müalicəsində yeni yanaşmaların inkişafına şərait yarada bilər. Bununla belə, mütəxəssislər vurğulayıblar ki, əldə olunan nəticələrin klinik tətbiqi üçün əlavə tədqiqatlara ehtiyac var.

Şahnigar Əhmədova, “İki sahil”