Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb.
“İki sahil” Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluğunun birgə məlumatına istinadla xəbər verir ki, sentyabrın 4-də saat 00:25-də Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında – Neftçala rayonu istiqamətində sürətlə hərəkət edən naməlum üzmə vasitəsi müşahidə olunub. Sərhəd gəmiləri tərəfindən dərhal təqibetmə əməliyyatı həyata keçirilərək sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb.
Keçirilən əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı sərhəd gəmisinin işıq və səs siqnallarından istifadə edilməklə “Dayan” komandası verilərək xəbərdarlıq atəşi açılsa da, sərhəd pozucuları Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərdiyindən onların saxlanılması məqsədi ilə üzmə vasitəsinin mühərrik hissəsi hədəfə alınmaqla atəş açılıb.
Üzmə vasitəsində baş verən yanğın səbəbilə hər iki şəxs bağlamalarla birlikdə özlərini dənizə atsa da, keçirilən xilasetmə tədbirləri nəticəsində sərhəd pozucuları sudan çıxarılaraq yaralıya ilkin tibbi yardım göstərilib. Həmçinin “Yamaha-200” markalı “Layner” tipli üzmə vasitəsində baş verən yanğın söndürülüb, dənizə atılan bağlamada isə ümumi çəkisi 11 kiloqram 850 qram narkotik vasitə aşkarlanaraq götürülüb.
İlkin araşdırma nəticəsində sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları – 1994-cü il təvəllüdlü Qulreza Cavad Alireza və 1996-cı il təvəllüdlü Bordbar Milad Mansur olduqları müəyyən edilib.
Fakt üzrə DSX-da sentyabrın 4-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluqla birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.