04 sentyabr 2025 14:55
118

Goranboy rayonunda yaylaq təsərrüfatına səfər edilib

Goranboy rayonunda kənd təsərrüfatının, xüsusilə də heyvandarlığın inkişafı istiqamətində görülən işlər davam etdirilir. Bu məqsədlə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov birlikdə rayonun Gülüstan yaylağı ərazilərinə köç etmiş qoyunçuluq təsərrüfatlarında olublar.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində təsərrüfat sahibləri ilə görüşlər keçirilib, onların mövcud fəaliyyəti, qarşılaşdıqları çətinliklər və ehtiyacları ilə maraqlanılıb. Qoyunçuluq təsərrüfatlarında mövcud şərait yerində araşdırılıb, heyvandarlığın inkişafı üçün əlavə dəstək imkanları müzakirə olunub.

Deputat Anar Məmmədov çıxışı zamanı qeyd edib ki, dövlətin aqrar sahəyə göstərdiyi dəstək nəticəsində son illərdə qoyunçuluq təsərrüfatlarının sayında artım müşahidə olunur. O bildirib ki, kənd təsərrüfatının inkişafı həm rayon əhalisinin məşğulluğuna, həm də ölkənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verir.

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev isə bildirib ki, Goranboyun təbii iqlim şəraiti və yaylaq əraziləri heyvandarlığın inkişafı üçün əlverişli imkanlar yaradır. Onun sözlərinə görə, təsərrüfatların dəstəklənməsi və onların qarşılaşdığı çətinliklərin aradan qaldırılması diqqət mərkəzində saxlanılır.

Təsərrüfat sahibləri göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlıq edərək, fəaliyyətlərini daha da genişləndirmək əzmində olduqlarını bildiriblər. Görüşlər səmərəli müzakirələrlə davam edib, qarşılıqlı fikir mübadiləsi aparılıb.