13 avqust 2025 12:36
212

Zəngəzur dəhlizinə yaşıl işıq

Azərbaycan Prezidenti İlham Əliyevin amerikalı həmkarı Donald Trampın dəvəti ilə ötən həftə Vaşinqtona işgüzar səfəri diplomatiyamızın parlaq siyasi triumfu kimi tarixə düşdü. Çünki məhz bu səfər çərçivəsində imzalanan sənədlər regionda sülhün və sabitliyin təmin olunmasına, Azərbaycan ərazilərinin inteqrasiyası və kommunikasiyaların açılmasına xidmət edəcək. Xüsusilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP), yəni Zəngəzur dəhlizinin açılması ilə Ermənistan İkinci Qarabağ müharibəsindən sonra üzərinə götürdüyü daha bir mühüm öhdəliyi təmin etmiş olacaq. Bununla da Azərbaycan Ermənistan ərazisi vasitəsilə özünün digər ərazisinə - ölkəmizin eksklavı olan Naxçıvana maneəsiz keçid əldə edəcək. Bu mənada bu yolun 99 il müddətinə ABŞ-a icarəyə verilməsi həm siyasi, həm də təhlükəsizlik baxımından Azərbaycan maraqlarına uyğundur.

Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. Yeri gəlmişkən qeyd edək ki, “Tramp sülh yolu”nun reallaşması uzun illər təcrid şəraitində qalan Ermənistan üçün də yeni imkanlar açır. Bu məqamda Prezident İlham Əliyevin avqustun 8-də Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində söylədiyi aşağıdakı fikirləri xatırlatmaq yerinə düşərdi: “Mən Ermənistanın Baş naziri ilə görüşlərin birində demişdim ki, Ermənistanın tranzit ölkə olmaq şansı yaranacaq. Dedim ki, siz tranzit ölkə olmağın mənasını bilmirsiniz. Siz tranzit ölkə deyilsiniz və yalnız Azərbaycan sayəsində tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil və siz tranzit ölkə olmağın üstünlüyünü görəcəksiniz”.

Yolun istifadəyə verilməsi dayanıqlı sülhü təmin etməklə yanaşı, Ermənistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli iqtisadi-ticari əməkdaşlığa zəmin yaradacaq. Həm də bu, türk dövlətləri arasında iqtisadi-siyasi əlaqələri  möhkəmləndirəcək və Türkiyə ilə Orta Asiya üçün daha qısa alternativ yol təqdim edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə desək, Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, regionun digər dövlətlərinə də fayda verəcək. Yeri gəlmişkən, rəsmi Bakı kommunikasiya məsələsində qonşu İranın maraqlarını da nəzərə alaraq, “Şərqi Araz Dəhlizi” adlandırılan alternativ layihəni də həyata keçirir. Azərbaycan və İran arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumu çərçivəsində Araz çayı üzərində ikisi dəmir yolu, ikisi avtomobil yolu olmaqla yeni keçidlərin inşası nəzərdə tutulur. Layihə başa çatdıqdan sonra həm Naxçıvana, həm də digər istiqamətlərə yüklərin və sərnişinlərin fasiləsiz daşınması mümkün olacaq. Məhz bütün bunlara görə İran Prezidenti Məsud Pezeşkian deyib ki, İslam Respublikası ilə bağlı bu marşrutla əlaqədar tələblər nəzərə alınıb. Bu mənada demək olar ki, Zəngəzur dəhlizinin reallaşması həm geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları açacaq və Cənubi Qafqazın iqtisadi və geosiyasi mənzərəsini köklü şəkildə dəyişəcək. Zəngəzur dəhlizinin istismara verilməsi, eyni zamanda, Orta və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi irimiqyaslı infrastruktur layihələrinin inteqrasiyasını asanlaşdıracaq. Onu da bildirək ki, 42 kilometrlik bu yol təkcə avtomobil və dəmir yolu hərəkətinə deyil, həm də enerji və telekommunikasiya xətlərinin keçidinə imkan verəcək. 

Halbuki, Ermənistan sadəlövhcəsinə düşünürdü ki, Azərbaycan Qarabağda öz məqsədlərinə tam nail olandan sonra Zəngəzur dəhlizi məsələsini unudacaq.  Amma bu, onların düşündükləri kimi olmadı. Belə ki, təxminən 5 ilə qədər Ermənisanın bu məsələni yubatmasına, “Sülh kəsişməsi” adlı utopik layihə irəli sürərək oyunbazlıqla məşğul olmasına, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmağa çalışmasına baxmayaraq, Prezident İlham Əliyevinin siyasəti nəticəsində Azərbaycan bu problemi Vaşinqton razılaşması ilə yoluna qoymağı bacardı. Beləliklə, dövlət başçımız əsrlərdən miras qalmış daha bir problemi aradan qaldırdı. Bununla da Azərbaycan ən böyük məqsədlərdən birinə də nail oldu. Yeri gəlmişkən, hələ 2021-ci ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində bildirmişdi ki, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. Etdi də.

Yeri gəlmişkən, Azərbaycan bu mövzu ətrafında son beş ildə çoxlu  şayiələr, və təxribatlarla üzləşib. Hətta müxtəlif ölkələrin rəhbərləri Azərbaycanın guya ermənilərə hücum etməyi planlaşdırdığı barədə şayiələr yayırdılar.  Ölkəmizin bu ərazini guya güc yolu ilə ələ keçirməyi planlaşdırdığını deyirdilər. Amma əldə olunmuş razılaşma bir daha göstərir ki, 2020-ci ildən sonra Azərbaycanı tələyə salmaq istəyənlər özləri tələyə düşdülər. Şübhəsiz, həmin dairələr bundan sonra daha cılız  görünəcəklər.

Qvami Məhəbbətoğlu, “İki sahil”