02 oktyabr 2026 10:05
108

“Artsax”ın biri bir qəpiyə...

Günün nəbzi

“Özünü yorma, kişi, mən düzələn-zad deyiləm”

Rəşadətli Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərinin və 44 günlük Vətən müharibəsinin başlanmasının növbəti ildönümləri ərəfəsində və sonrakı dönəmdə sosial şəbəkələrə,  xüsusilə “Facebook” platformasının erməni seqmentinə nəzər yerirərkən mərhum şairimiz  Rüfət Zəbioğlunun məşhur “Düzələn-zad deyiləm” satirik şeirinin hər bəndinin sonunda yer alan “Özünü yorma, kişi, mən düzələn-zad deyiləm” misrasını xatırlamamaq olmur. Bir daha əmin olursan  ki, özünü yormağa dəyməz. Hər addımda “real Ermənistan” deyib bar-bar bağıran, hətta bu “ideyasını”  pencəyinin yaxasına taxdığı döş nişanı vasitəsilə hamıya nümayiş etdirməkdən çəkinməyən baş nazir Nikol Paşinyanın və onun eyni dəst-xətlə hərəkət edən komandasının  gecə-gündüz nəfəs dərmədən “sülh nəğməsi” oxumalarına rəğmən, hər fürsətdə buqələmun kimi rəngini dəyişən  vətənsiz  vəhşi hay toplumu,  necə deyərlər, iki dünya bir olsa da düzələn-zad deyil. Axı, necə düzəlsinlər. Bizim məşhur el məsəlində deyildiyi kimi, “qozbeli qəbir düzəldər.” Ancaq bu abırdan-həyadan, insanlıqdan uzaq vandal qəbilə sürüsünün beli o qədər donqarlaşıb ki, onu heç qəbir də düzəldən deyil.  

Hə, əziz oxucular, nədən bu qənaətə gəlməyimin səbəbini söyləyim siz də ərz edin görək haqlıyam, yoxsa yox? Yuxarıda ötəri vurğuladığım kimi, Azərbaycanın tarixi zəfərlərinin ildönümləri ərəfəsində və sonrakı dönəmdə xislətlərinə uyğun sosial şəbəkələrdə dayanıb durmadan vay-şüvən qoparan, ağlayıb-sıtqımaqla  heç zaman mövcud olmamış qondarma  “artsax”ın xiffətini çəkən haylar elə nağıllar uydururlar ki, adamın əli üzündə qalır. Sosial şəbəkələrin erməni seqmentindəki  paylaşımlarda, bu statusların altında sayı minlərlə, bəzən daha böyük rəqəmlərlə ölçülən şərhlərdə, necə deyərlər. “artsax”ın biri bir qəpiyə  təklif olunur. Halbuki  ötən əsrin 80-ci illərinin axırlarında Azərbaycanın bu muxtar vilayətinin ərazisində yaşayan  hayların  keçmiş SSRİ rəhbərliyinin, şəxsən “qırmızı imperiya”nın ozamankı başçısı, gorbagor Mixail Qorbaçovun xeyir-duası, Ermənistanın tarixi torpaqlarımıza birbaşa hərbi təcavüzü ilə başlatdıqları  Qarabağ avantürasının ilk günündən ta XXI əsrin ikinci  onilliyinin sonuna qədər bircə dəfə də olsun “artsax” ifadəsini dillərinə gətirməmişdilər.  Biz yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırıq ki, münaqişənin ilk illərində separatçıların əsas tələbi  “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsi” idi. Sonralar bunun mümkünsüzlüyünü anlayan Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı xunta  rejimi  Kreml rəhbərliyinin onların özbaşınalıqlarına  loyal münasibətindən, daha dəqiq desək, yarıaçıq, yarıgizli dəstəyindən  şirnikləşərək daha dərin təxribatçı əməllərə baş vurdular. Hətta iş o yerə çatdı ki, 1991-ci il sentyabrın 3-də Xankəndidəki terrorçu-separatçı xunta regimi Azərbaycan torpağında  yaratdığı qondarma “dövləti” “Dağlıq Qarabağ respublikası” adlandırmaq “cəsarətində” bulundu və bu proses qeyd etdiyim kimi,  İkinci Qarabağ müharibəsinə qədər davam etdi. Bəs bütün bunlardan sonra  qondarma “artsax” termini nə məqsədlə qəflətən dövriyyəyə buraxıldı? Bu sualın çox sadə və birmənalı  cavabı var. Vətən müharibəsində tarixi Zəfərimizdən sonra Qarabağın həm coğrafi, həm də bu adın mənşəyi, ümumiyyətlə, bütün parametrlər  baxımından tarixən Azərbaycana məxsusluğunun beynəlxalq ictimaiyyət tərəfindən birmənalı  qəbul olunması  artıq hayların  Qarabağ termini ilə manipulyasiya imkanlarını sıfıra endirmiş oldu.

 Bəs nə etməli? Dünya ictimaiyyətini bu  ərazilərin “qədim erməni torpağı” olmasına necə inandırmalı? Haylar bu suallar ətrafında çox düşündülər, daşındılar və nəhayət, yekdilliklə yeni qondardıqları “artsax” termininin üzərində dayandılar. İndi Ermənistanda Paşinyan iqtidarının nümayəndələrindən başqa bircə nəfər də olsun hayın dilindən Qarabağ kəlməsini eşitməzsən. Əvəzində işğalçı ölkədə, necə deyərlər, pəpə yeyəndən məmə deyənə”  qədər hamı bir ağızdan “artsax” deyib durub. Hayların tarixi Azərbaycan torpaqlarının guya nə vaxtsa mövcud olmuş mifik “böyük Ermənistan”ın bir parçası olması və digər cəfəng fikirlərlə dolu  absurd paylaşımlarını və şərhlərini oxuyarkən dəhşətə gəlməmək  mümkün deyil. Nələr çərənləmirlər, nələr uydurmurlar, nələr sayıqlamırlar  bu soyu, kökü bəlli olmayan vətənsizlər... Ay nə bilim “artsax tarix boyu erməni torpağı olub, bundan sonra da erməni torpağı olacaq”, “qəhrəman artsax xalqı ikinci artsax müharibəsində 5 güclü dövlətə qarşı təkbaşına vuruşub və bu qeyri-bərabər döyüşlərdən sonra bizim ana  vətənimiz işğal olnub”, “Rusiya sülhməramlıları biz artsaxlıları  azərbaycanlılara satdılar”, “müharibə hələ bitməyib, biz yenidən güc toplayıb qarşıdakı həlledici döyüşlərdə qalib gələcək və əzəli torpaqlarımıza qayıdacağıq”, “qəhrəman artsax xalqını məğlub etmək heç kimə nəsib olmayacaq”, “yer üzündə tayı-bərabəri olmayan gözəl stepanakert şəhərimiz və digər tarixi ərazilərimiz biz artsaxlıların yolunu gözləyir”, daha nələr, nələr...

İnternet resurslarında belə qeyri-ciddi, pafoslu paylaşım və şərhlərlə, odpüskürmələrlə bir-birlərinə təsəlli verən özlərindən müştəbeh haylar unutmasınlar ki, tezliklə bu tozanaq qoparan kampaniyaları da yaxın keçmişdə əllərində bayraq etdikləri “Dağlıq Qarabağ respublikası” avantürası kimi iflasa uğrayacaq. Beynəlxalq səviyyədə daşdan keçən faktlar əsasında onların sırtılmış sifətinə çırpılacaq ki, bu gün “artsax xalqı” kimi təqdim etdikləri, əslində qədim türk toplumlarından olan sakların qəhrəmanlıqlarına işarə edilən ər sak (yəni, qoçaq, igid sak) deyiminin böyük  rus şairi Aleksandr Puşkinin təbirincə desək, qul, qorxaq, oğru ermənilərə heç bir bağlılığı yoxdur. Bax, o zaman yalanlarını, şər-böhtanlarını  həqiqət kimi qələmə verməkdə mahir olan bu rəzil toplum tarixi Azərbaycan torpaqlarının aborigen sakinləri olmaları ilə bağlı başqa bir mif uyduracaq. Yeri gəlmişkən, artıq bunun ilkin işartıları görünməkdədir. Məsələ burandadır ki, hayların yuxarıda haqqında bəhs etdiyimiz paylamış və şərhlərində artıq cəhənnəmə vasil olmuş “stepanakert” termini bəzən “stefanakert” kimi yazılır. Bu, gözdən qaçan təsadüfi orfoqrafik səhvdirmi? Hesab edirik ki, yox. Qətiyyən yox. Belə qondarma adlar biclikdə, xəbislikdə tayı-bərabəri olmayan ermənilərin gələcək absurd iddialarına indidən zəmin yaratmaq  üçün düşünülmüş yeni alçaq niyyətin anonsu  ola bilər. Axı, haylar da artıq anlayırlar ki, heç bir tarixi mənbəyə əsaslanmadan qondardıqları “artsax”larının paytaxtı kimi təqdim etdikləri Azərbaycanın Xankəndi şəhərini bundan sonra “stepanakert” adlandırmaqla çox da uzağa gedə bilməyəcəklər. Ona görə də təcili bu şəhərin qədim erməni məskəni olması ilə bağlı yeni bir ad  uydurmaq lazımdır. Məsələn,  günün birində iddia edə bilərlər ki, tarixi adı Xankəndi olan, ermənilərin isə hələ də “stepanakert” adlandıqları şəhər qədim “artsax dövləti”nin çarı Stefanın hakimiyyəti illərində inşa edilib.. Buna görə də sonralar əcdadlarımız bu şəhəri onun şərəfinə “stefanakert” adlandırıblar. Ötən əsrin 30-ci illərinin əvvəllərində isə Sovet hökuməti daşnak-bolşevik Stepan Şaumyanın xatirəsini  əbədiləşdirmək məqsədilə “stefanakert”in adını  dəyişib “stepanakert” qoyub. Bax, belə...

Amma çifayda. Artıq,  necə deyərlər, qatar gedib.  Qoca tarix dəfələrlə sübut edib ki, gedən qatarın arxasınca yüyürməyin heç bir faydası yoxdur. İstəyirsən bundan sonra sənin olmayan, əlin çatıb  ünün yetməyən,  sözün əsl mənasında əzəli  sahibinə qovuşmuş torpaqların adını “stepanakert”, “stefanakert” yox, lap “levonakert”. “robertakert”, “serjikakert”, nə bilim daha hansı “kert” qoy, heç nə dəyişməyəcək.  O ki qaldı zaman-zaman tarixi faktları təhrif edib  dünya ictimaiyyətinə özlərinə sərf edən formada təqdim etməkdə usta olan  hayların yeni uydurmalarının həqiqiliyinə beynəlxalq aləmi inandırmaq cəhdlərinə, əbəs yerə özlərini yormasınlar. Əmin olsunlar ki, bu çabaları da heç bir nəticə verməyəyəcək. Çünki zaman o zaman deyil. Artıq dünya ictimaiyyəti ermənilərin timsah yaş yaşlarına, qondarma “genosid” nağıllarına inanmır və bundan sonra da inanmayaq.

...Və nəhayət, qeydlərimi ünlü şairimiz Rüfət Zəbioğlunun yazının əvvəlində haqqında bəhs etdiyim məşhur ”Düzələn-zad deyiləm” satirik şeirindən bugünkü erməni revançist-daşnaklarının alçaq niyyətləri ilə  uzlaşan və onların monoloqları kimi səslənən  bir bənd ilə tamamlamaq istəyirəm:

Sənə nə: biz nəyə gizlincə nə şeylər qatırıq?

Sənə nə: biz nə üsul ilə nə şeylər satırıq?

Səni Allah götürsün yer üzündən, satirik,

Adına rast gələndən gülmür üzüm, şad deyiləm,

Özünü yorma, kişi, mən düzələn-zad deyiləm.

P.S. Yeri gəlmişkən, şeirin bu bəndindəki ilk iki misranı bu günün reallıqlarına uyğun ermənilərin dilindən azərbaycanlılara xitabən belə də təqdim etmək olar:

Sizə nə: biz Qarabağın adına gizlincə nə adlar qatırıq,

Sizə nə: biz nə üsul ilə “artsax”ın birini bir qəpiyə satırıq.

Əhməd Qurbanoğlu, “İki sahil”