02 oktyabr 2026 11:28
114

Müstəqil Azərbaycan dövlətçiliyinin xilasetmə və inkişaf yolu: 1993-cü ildən bu günə

“Azərbaycanın belə bir dağılan vəziyyətində, parçalanan vəziyyətində mən Azərbaycana gəlib bir məqsəd daşımışam — Azərbaycanı bu fəlakətdən xilas edim, parçalanmaqdan xilas edim”.

Ümummilli Lider Heydər Əliyev

3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycanın müasir siyasi tarixində mühüm mərhələlərdən biri olmuşdur. Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi və iqtisadi şəraitdən keçdiyi dövrə təsadüf edirdi. Bu dövrün tarixi əhəmiyyəti sonrakı illərdə Azərbaycanın siyasi, hüquqi və institusional inkişafında baş verən dəyişikliklər fonunda daha aydın görünür.Siyasi sabitliyin möhkəmləndirilməsi, hüquqi institutların formalaşdırılması, iqtisadi inkişaf xəttinin müəyyənləşdirilməsi və Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsi əsas təhlil istiqamətləridir.

Müstəqilliyin bərpası Azərbaycan qarşısında yalnız yeni imkanlar deyil, eyni zamanda olduqca mürəkkəb vəzifələr də yaratmışdı. 1990-cı illərin əvvəllərində ölkə bir tərəfdən Qarabağ münaqişəsi və hərbi qarşıdurma, digər tərəfdən daxili siyasi gərginlik, idarəetmə problemləri və iqtisadi çətinliklərlə üzləşmişdi. Yeni dövlət institutlarının formalaşdırılması isə bütün bu proseslərlə paralel aparılmalı idi.

Belə bir şəraitdə 1993-cü ilin siyasi hadisələri ölkənin sonrakı inkişaf istiqamətinə ciddi təsir göstərdi. Həmin il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisənin tarixi əhəmiyyəti yalnız hakimiyyət dəyişikliyi ilə məhdudlaşmırdı. Əsas məsələ müstəqilliyini yenicə bərpa etmiş dövlətin idarəçilik imkanlarının möhkəmləndirilməsi və gələcək siyasi xəttinin müəyyənləşdirilməsi idi.

Bu baxımdan 3 oktyabr 1993-cü ili bir günün hadisəsi kimi deyil, daha uzun bir siyasi prosesin başlanğıc nöqtələrindən biri kimi qiymətləndirmək mümkündür. Sonrakı illərdə dövlət idarəçiliyinin sabitləşdirilməsi, qanunvericilik bazasının yaradılması və dövlət institutlarının formalaşdırılması həmin mərhələnin əsas xüsusiyyətlərinə çevrildi.

33 il bundan əvvəl, 1993-cü il oktyabrın 3-də keçirilmiş Prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün  yeni bir mərhələnin başlanğıcı idi.  Xalqımız müstəqilliyi, dövlətçiliyi,  inkişafı, rifahı əsas götürərək  böyük səs çoxluğu ilə  Ulu Öndər Heydər Əliyevi Prezident seçdi.  Xalq ona, o isə xalqa arxalanırdı,   gücü ondan alırdı. Müdrik siyasətçi özü bu haqda fikir bildirərkən qeyd edirdi ki “ Ölkənin ağır vaxtında prezident seçiləndə, prezident kürsüsünə qalxanda da, and içəndə də mən təkcə Azərbaycanın ərazisində olan azərbaycanlılara yox, bütün dünyada yaşayan azərbaycanlılara müraciət etdim. Bildirdim ki, respublikanın bu ağır dövründə hər bir azərbaycanlı, damarlarında azərbaycanlı qanı axan hər bir insan gərək Vətənin bu gününə yansın, münasibətini bildirsin, kömək etsin”. Ümummilli Lider  həmin çətin günlərdə bütün azərbaycanlıları səfərbər edir, hər bir təklifi, müraciəti diqqətlə dinləyir, qərarlar verirdi.

1993-cü ildən sonra qarşıda duran başlıca məsələlərdən biri ölkədə siyasi sabitliyin təmin edilməsi və dövlət hakimiyyəti institutlarının işlək vəziyyətə gətirilməsi idi. Müstəqilliyin davamlı olması üçün onun hüquqi və institusional dayaqlara söykənməsi zəruri idi.

Bu prosesdə 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi xüsusi yer tutur. Konstitusiya dövlət hakimiyyətinin təşkili, hakimiyyət bölgüsü, insan və vətəndaş hüquq və azadlıqları, demokratik, hüquqi və dünyəvi dövlət prinsipləri üçün əsas hüquqi çərçivəni müəyyən etdi. Bunun ardınca məhkəmə-hüquq sisteminin yenilənməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman institutunun yaradılması, ölüm hökmünün ləğvi kimi addımlar hüquqi dövlət quruculuğunun tədricən institusional məzmun qazanmasına xidmət etdi.

Burada mühüm məqam ondan ibarətdir ki, dövlətçilik artıq yalnız müstəqilliyin siyasi bəyanı ilə ifadə olunmurdu. Müstəqillik qanunları, Konstitusiyası, idarəetmə mexanizmləri və hüquqi institutları olan sistem şəklində möhkəmlənirdi.

Dövlət quruculuğunun davamlılığı iqtisadi əsasların yaradılmasından da asılı idi. Sovet iqtisadi modelindən çıxmış Azərbaycan üçün bazar münasibətlərinə keçid, sahibkarlığın inkişafı və xarici sərmayənin cəlb olunması yeni iqtisadi siyasətin vacib istiqamətləri idi.

20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” bu baxımdan mühüm hadisəyə çevrildi. Azərbaycanın enerji ehtiyatlarının işlənməsinə xarici şirkətlərin cəlb edilməsi ölkəyə investisiya axınının genişlənməsinə və dünya iqtisadiyyatı ilə əlaqələrin dərinləşməsinə imkan verdi. Enerji siyasəti sonrakı illərdə nəqliyyat və kommunikasiya layihələri ilə tamamlanaraq Azərbaycanın regional iqtisadi əlaqələrində rolunu artırdı.

Eyni zamanda, müstəqil xarici siyasətin formalaşdırılması dövlət quruculuğunun ayrılmaz hissəsi idi. Müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin genişləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq və Azərbaycanın mövqeyinin beynəlxalq platformalarda təqdim olunması bu dövrün xarici siyasət gündəliyində mühüm yer tutdu. Yeni müstəqil dövlət üçün dünyaya açılmaq sadəcə diplomatik əlaqələr yaratmaq deyil, öz maraqlarını müəyyənləşdirib həmin maraqları beynəlxalq münasibətlər sistemində müdafiə etmək bacarığı formalaşdırmaq demək idi.

Tarixi hadisələrin əhəmiyyəti bəzən onların baş verdiyi anda deyil, sonrakı illərdə yaratdığı nəticələr fonunda daha aydın görünür. 3 oktyabr 1993-cü il də bu baxımdan Azərbaycanın müasir dövlətçilik tarixində diqqət çəkən tarixlərdən biridir.

Həmin tarixdən sonrakı mərhələdə siyasi sabitliyin möhkəmləndirilməsi, Konstitusiyanın qəbul olunması, hüquqi institutların yaradılması, iqtisadi modelin yenilənməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl proseslər baş verdi. Buna görə 3 oktyabr 1993-cü il yalnız prezident seçkilərinin keçirildiyi gün deyil, müstəqil Azərbaycanın dövlət institutlarının möhkəmlənməsi ilə səciyyələnən yeni siyasi mərhələnin başlanğıc nöqtələrindən biri kimi araşdırıla bilər.

Ulu Öndər Heydər Əliyev mürəkkəb, ziddiyyətli tarixi prosesləri dərk edən, ən çətin vəziyyətdə belə təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri, reallıqları dərindən anlayan və qiymətləndirərək  xalqımızın, dövlətimizin maraqlarını  hesablayan bir lider idi. O, öz ölkəsini dərin iqtisadi- siyasi-hərbi böhrandan çıxararaq, Azərbaycanda sabitlik, inkişafa nail oldu. Tək Azərbaycanın deyil, Cənubi Qafqazın gələcəyinə böyük ümidlər yaratdı, inam gətirdi. Bu, çoxsaylı dövlət başçılarının,  beynəlxalq siyasətin ən  tanınmış politoloqlarının, ekspertlərinin dahi Heydər Əliyevə verdiyi qiymətdir. Heydər Əliyev realist siyasətçi idi. O xalqa fantastik və populist vədlər vermir, əksinə, real vəziyyəti və cari şəraitdə əldə edilə biləcək nəticələri açıqlayırdı. Tarix  onun seçdiyi yolun, idarəetmə prinsiplərinin nə qədər doğru olduğunu dəfələrlə sübut etmişdir.

  Ümummilli Lider Heydər Əliyev siyasəti, onun dövlətçilik xətti  bu gün də davam edir. Çünki bu siyasət Azərbaycanın gələcək tərəqqisinin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Onun banisi olduğu bu siyasət balanslıdır, cəmiyyətin bütün təbəqələrinin mənafelərini ifadə edir, vətəndaşların hüquq və azadlıqlarını, onların milli-dövlətçilik maraqlarının, açıq cəmiyyətin ali dəyərlərini müdafiə edir. bu siyasət  2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Cənab İlham Əliyev respublikamızı uğurlu inkişaf yoluna çıxarmaqla, Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerjikommunikasiya layihələrinin başlıca təminatçısına çevrilmişdir. Prezident İlham Əliyevin "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” bəyanatı Ulu Öndər Heydər Əliyev ideallarına sadiqlikdən irəli gəlmişdir.

Ümummilli Lideri Heydər Əliyevin prezidentliyi dövründə dövlət quruculuğu sahəsində atılan strateji əhəmiyyətli addımlar müasir Azərbaycanın bugünkü davamlı və sistemli inkişafının əsasını qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimizin müasirləşdirilməsi və daha da möhkəmləndirilməsi, milli iqtisadiyyatın dinamik inkişafı istiqamətində Ulu Öndərin  apardığı kursu uğurla davam etdirir. Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan uzunmüddətli inkişaf perspektivləri olan dövlətə çevrilmişdir. Beləliklə, müstəqil dövlətçiliyin müdafiəsi heç şübhəsiz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Qeyd etmək lazımdır ki,  bütün möhtəşəm ideyaların  gerşəkləşməsini, məqsəd və vəzifələrin həyata keçirilməsini aydın şəkildə müəyyən edən plan, bütün sahələrdə fəaliyyət proqramı olmadan təsəvvür etmək olmaz. Xalqın və Azərbaycan dövlətinin mənafeyini hər şeydən üstün tutaraq, bütün səyləri, qarşıya qoyulan məqsədlərə çatmağa yönəldən İlham Əliyev 20 ildə ölkənin sosial-iqtisadi həyatında dönüşə nail oldu, dövlət əsaslarını və bünövrəsini  daha da gücləndirdi. Problemlərin həllinə sistemli və kompleks yanaşma, dövlət başçısının məqsədyönlü fəaliyyəti, konkret tapşırıqların icrasına yönəldilməsi nəzərdə tutulanlara səmərəli üsullarla nail olmağa imkan verdi.

Hər birimizin gözləri qarşısında Prezident, Ali Baş Komandan İlham Əliyev   güclü, rəşadətli Ordu və onu  bütün məsələlərdə dəstəkləyən xalqla birlikdə qəhrəmanlıq və dövlətçilik salnaməsi yaratdı.  Ulu Öndərin qoyduğu təməl prinsipləri daha da irəliyə aparaq, Azərbaycanın 200 illik işğal tarixinə son qoydu. Dövlətimizin ərazi bütövlüyü və suverenliyi təmin edildi. Uğurla həyata keçirilən islahatlar ölkəni inkişafın keyfiyyətcə yeni mərhələsinə aparır. “Böyük Qayıdış” Planı əsasında Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur.  Azərbaycan bu illər ərzində həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndi, regionun lider dövlətinə çevrildi, nəhəng nəqliyyat, kommunikasiya, neft, qaz, enerji layihələrinin təşəbbüskarı oldu və dünyaya sübut etdi ki, Cənubi Qafqazda ən güclü dövlətdir. Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq. Vaxtilə Heydər Əliyev deyirdi: “Mən nikbinəm, hesab edirəm ki, xalq, millət, Azərbaycan vətəndaşları - biz hamımız birlikdə bu çətinliklərin öhdəsindən gələcəyik. Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycanın dövlətçiliyini məhv edə bilməz”. Bu gün  Azərbaycan qarşısında dayanan taleyüklü məsələləri həll edərək, daha da  inkişaf edir, beynəlxalq aləmdə  özünü təsdiq edir, haqqını qoruyur. İndi dövlətimizin tək bölgədə deyil, dünyada nüfuzu artır. Ölkəmiz qlobal təşəbbüslər irəli sürür, bütövlükdə dünyanı düşündürən məsələləri səsləndirir, təkliflər irəli sürür, sülh, təhlükəsizlik, harmoniya, bərabərlik, ədalətlilik naminə öz layiqli töhfələrini verir.

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri, professor