01 avqust 2025 12:00
123

Deyəsən rəsmi İrəvan gerçəkləri anlamağa başlayıb…

Azərbaycan daim regionda sülh təşəbbüslərinin müəllifi olub. Ölkəmiz Cənubi Qafqazda etimad mühiti və dayanıqlı sülhün bərəqərar olması üçün ciddi addımlar atan, Ermənistanla münasibətlərin normallaşdırılması xüsusunda sülh müqaviləsinin əsasını təşkil edən beş prinsip, eləcə də sənədin mətnini tərtib edərək rəsmi İrəvana təqdim edib. İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş regionun tarixində yeni bir mərhələnin başlanğıcı və sülhə doğru atılan mühüm və tarixi addım kimi dəyərləndirilib. Ekspertlərin də bildirdikləri kimi, bu görüş göstərdi ki, Prezident İlham Əliyevin ikitərəfli təmaslara üstünlük verən mövqeyi və 5 əsas prinsipə əsaslanan təşəbbüsü özünü doğrultdu. Nəticədə, bu istiqamətdə real irəliləyişlər əldə olunmağa başlayıb. Zəngəzur dəhlizi ilə bağlı ekspertlər səviyyəsində müzakirələr davam edəcək və daha sonra bu məsələ siyasi rəhbərlik səviyyəsində dəyərləndiriləcək.  Bu vaxta qədərki təcrübə deməyə əsas verir ki, necə ki, sərhədlərin demilitasiyası və demarkasiyası ilə əlaqədar razılaşmalar əldə olundu və həyata keçirildi, o qaydada da sülh müqaviləsi imzalanmadan nəqliyyat məsələləri ilə əlaqədar ayrıca razılaşma əldə etmək mümkündür.

Son vaxtlar Ermənistan rəsmiləri sülh müqaviləsinin imzalanması ilə bağlı çox ciddi bəyanatlar səsləndirirlər.  Ermənistan prezidenti Vaaqn Xaçaturyan iyulun 29-da Sünikdə (Qərbi Zəngəzur-red) keçirilən müşavirədə deyib ki, Sünik Ermənistanın gələcək inkişafı üçün qapıya çevriləcək. O, Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasının vacibliyindən danışıb. Vaaqn Xaçaturyan Bakı ilə sülh sazişinin imzalanmasının “ən yaxın dövlət vəzifəsi” elan edildiyini bəyan edib: “Əgər biz Sünikin qapılarını aça bilsək - 43 kilometrin imkanlarını nəzərdə tuturam, əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar təqdim edəcək. Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır”.

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın bu fikirlərindən aydın olur ki, deyəsən İrəvanda artıq reallığı daha yaxşı anlamağa başlayıblar.  Prezident V.Xaçaturyanın Zəngəzur dəhlizi barədə səsləndirdiyi fikirlər bunu təsdiq edir.  Erməni politoloq Qriqor Balasanyan bildirib ki, beynəlxalq aktorlar, Azərbaycan və Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gəliblər. Ancaq problem ondadır ki, Ermənistan hakimiyyəti hələ destruktivlik nümayiş etdirərək Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etməkdən imtina edir. Rəsmi Bakının mövqeyi belədir ki, torpaqlarımızın işğalda olduğu zamanlarda qəbul edilmiş Ermənistan konstitusiyasında dəyişiklik edilməsi regional geosiyası zərurətdir. İki ölkə arasında sülh müqaviləsinin imzalanmasına münbit zəminin yaradılması konstitusiyadakı dəyişikliklərdən, eləcə də ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verilməsindən keçir. Ermənistan tərəfi Müstəqillik Aktına və bu akta istinad olunan konstitusiyanın preambula hissəsinə müvafiq qaydada dəyişiklik etməlidir. Çünki işğalçı dövlətin müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsinə, ölkəmizin ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Ən əsası da odur ki, Ermənistan konstitusiyasında bu sənədə istinadlar öz əksini tapıb. İndi rəsmi İrəvan dəhlizin açılması üçün siyasi iradə ortaya qoymalıdır.

Hazırda Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşıb. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez imzalanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqların davam etdirilməsini daim vurğulayır. İndi top Ermənistan tərəfdədir. Nəhayət, rəsmi İrəvan həm dəhlizin açılması, həm də Azərbaycanın haqlı tələblərini yerinə yertirmək üçün siyasi iradə ortaya qoymalıdır.

Zahid Rza, “İki sahil