13 yaşlı Ramin Yusifovun ağır qəlpə yarası alması erməni vəhşiliyinin növbəti nümunəsidir
Daim danışıqlar prosesinin pozulmasında maraqlı olan işğalçı Ermənistan Azərbaycana beynəlxalq dəstəyin güclənməsi fonunda özünə artan təzyiqdən narahatlığını törətdiyi təxribatlarla təsdiqləyir.
“Bunu biz yaxın tarixdən yaxşı bilirik” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir: “Hələ 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror aktı törədilmişdir və bu da o vaxtkı Ermənistan rəhbərliyi üçün bir bəhanə idi ki, danışıqlar pozulsun. Belə də oldu. 2014-cü ildə Fransada keçirilmiş danışıqlardan dərhal sonra Ermənistan növbəti hərbi təxribata əl atdı, Ağdam rayonunda hərbi təlimlər təşkil etdi. Bizim mövqelərimizə helikopterlər hücuma keçdi və onlardan biri Azərbaycan Ordusu tərəfindən məhv edildi.”
Cənab İlham Əliyev 2016-cı ildə Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammitinə də diqqəti yönəldərək bildirir ki, o vaxt Ermənistan prezidentinə təzyiqlər göstərilirdi ki, məsələ tezliklə öz həllini tapsın. Danışıqları pozmaq üçün aprel hadisələri törədildi, bizə qarşı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Bu cavabın nəticəsidir ki, bu gün bayrağımız Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Sonra növbəti təxribat Füzuli rayonunun Alxanlı kəndində baş verdi. “Bu, erməni faşizminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır” söyləyən ölkə Prezidenti bildirir ki,
balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi: “Nəyə hesablanmışdır bu cinayət? İlk növbədə, bu, Ermənistan siyasi rəhbərliyinin xislətini göstərir. Xocalı qatilindən, uşaq, qadın qatilindən başqa bir şey gözləmək mümkün deyil. Bu, erməni faşizmidir, bütün dünya da bunu belə qəbul etməlidir.”
Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu məqamı da hər zaman önə çəkir ki, Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər. Dünyanın ikili siyasəti ermənilərin daha böyük iddialarla yaşamasına, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmalarına şərait yaradır. Reallıq budur ki, dünyanın iri dövlətləri öz maraqlarını həyata keçirməkdə Ermənistandan bir vasitə kimi bəhrələndiklərindən başına sığal çəkməyə, evin ərköyün uşağı kimi qayğı göstərməyə məcburdular. Bu gün Dağlıq Qarabağ probleminin həlli prosesinin uzanmasında da həmin dövlətlərin maraqlarının toqquşması rol oynayır.
Bu reallıq hər zaman bildirilir ki, münaqişənin beynəlxalq problemə çevrilməsi onun həlli prosesinin uzanmasına gətirib çıxarıb. Hər bir dövlət məsələnin həllinə öz marağından yanaşır. Tərəflərin özünün öhdəsinə qalsaydı, təbii ki, problem çoxdan çözülmüş olardı. Bu, faktdır. Baxmayaraq ki, ATƏT-in Minsk qrupu münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılıb, həmsədr dövlətlər hər zaman məsuliyyəti münaqişəli tərəflərin özündə axtarırlar. Bu kimi yanaşmalar sözsüz ki, ikili siyasətin təzahürüdür. Dünyaya səs salan Xocalı harayı XX əsrin ən dəhşətli faciəsidir. Dövlətimizin başçısı İlham Əliyev dünya birliyinin Xocalı hadisəsini nə üçün soyqırımı kimi tanımamalarının səbəbini açıqlamalarının gərəkliyini bəyan edir: “Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırım deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma faktları əsasında qərar qəbul edirlər.”
Tarixə müraciət etsək, görərik ki, istər XIX əsrin sonları, istərsə də XX əsrin əvvəllərində Qarabağda, Zəngəzur mahalında, İrəvan xanlığında, eyni zamanda Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Naxçıvanda, hər yerdə azərbaycanlılara qarşı qətliamlar törədilmiş, günahsız insanlar qətlə yetirilmişdir. Bunu təsdiqləyən yüzlərlə faktlar sadalamaq olar. Amma dünya birliyi məlum səbəblərdən susmaqla Xocalı faciəsi kimi dəhşətli bir hadisənin yaşanmasına yol açdı. Bu reallıq inkaredilməzdir ki, bir cinayətin cəzasız qalması başqa cinayət üçün başlanğıcdır. Görünür, bu başlanğıclar hələ dünya dövlətlərini düşündürən məsələlər sırasında deyil. Əgər Minsk qrupunun həmsədr ölkələri münaqişənin həllində hansısa tərəfin qalib, hansınınsa məğlub çıxmasını istəmirlərsə, bunu geniş şərh etməyə ehtiyac yoxdur. Maraqların toqquşduğu, hüquq probleminin yaşandığı dünya bu reallığın, tarixin həqiqətin fərqində deyil ki, 20 faiz torpağı işğal altında, bir milyondan çox soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycandır. Ən əsası hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı BMT-nin sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir. İşğalçıya dəstək olmaqla işğalçılıq siyasətini qəbul etdiklərini açıq-aşkar nümayiş etdirən dünya dövlətləri bu addımları ilə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadıqlarının fərqindədirlər. Belə olan təqdirdə onlardan işğalçı Ermənistana təzyiq göstərməyi gözləmək sadəlövhlükdür. Ermənistan rəhbərliyi dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından Xocalı faciəsinin iştirakçısı olduğunu bəyan edirsə, demək onda bu cəsarətə stimul verən amil olmalıdır. Bu amil sözsüz ki, dünya birliyinin işğalçı Ermənistana öz maraqlarına uyğun olaraq dəstək verməsi, bu səbəbdən də belə hallarla rastlaşanda özünü kor və kar kimi aparmaq məcburiyyətində qalmasıdır. Nə zamanadək “kar-kor” prosesi davam edəcək, ermənilərin təxribatları, günahsız insanları qətlə yetirmələri qaçılmaz olacaq. Dövlətimizin başçısı İlham Əliyev Alxanlı kəndində baş verən terror hadisəsi ilə bağlı dünyaya bu çağırışı etmişdir - Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır.
Bu reallıq hər zaman yazılarımızın əsas mahiyyətini təşkil edir ki, atəşkəs pozulur, dünya susduqca ermənilər daha da ərköyünləşir, Ermənistan ordusu mütəmadi olaraq dinc əhalini atəşə tutur. Gün ərzində Müdafiə Nazirliyinin açıqladığı statistik rəqəmlərə müraciət etsək, görürük ki, ermənilərin cəhbə xəttində atəşkəsi pozmaları davamlıdır. Təkcə dünən (10 avqust) saat 09.32-yə olan məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Erməni təxribatlarına dünya birliyinin yalnız bəyanatlarla münasibət bildirməsi işğalçı ölkəni ruhlandırır. Bu günlərdə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində həyətə düşən mərmi nəticəsində 13 yaşlı Ramin Yusifov ağır qəlpə yarası alıb. Dünya dövlətlərinin, təşkilatlarının bəyanatlarında dinc əhaliyə, xüsusilə uşaqlara qarşı bu kimi təxribatlar pislənilsə də, konkret nəticənin olmaması təəssüf doğurmaya bilməz. Artıq kağızları əməli işlə əvəzləmək zamanıdır. İkili standartlar haqqın, ədalətin bərpa olunmasında ən böyük maneədir.
Yeganə Əliyeva, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır