Yeddi körpəni öldürməkdə təqsirli bilinən britaniyalı tibb bacısı Lüsi Letbini əlavə cinayət ittihamları ilə üzləşə bilər.
“İki sahil” "The Guardian"a istinadla xəbər verir ki, Prokurorluq Xidməti (CPS) Çeşir polisindən onun daha çox körpənin ölümündə əli olduğunu sübut edən “sənədlər qovluğu” alıb.
"The Guardian"a görə, daha altı körpənin ölümü məsələsi var və sənədlər Lüsi Letbinin 2012-ci ildən 2016-cı ilə qədər tibb bacısı kimi fəaliyyət göstərdiyi bütün illəri əhatə edir. CPS sənədlərin alındığını təsdiqləyib və "əlavə ittihamların irəli sürülə biləcəyinə qərar vermək üçün dəlilləri diqqətlə araşdıracağını" bildirir.
Qadının vəkilləri onun günahsız olduğunu israr etməkdə davam edir və Letby başqa cinayətlərdə ittiham olunarsa, “beynəlxalq səviyyədə tanınmış tibbi ekspertlər ordusu”nu gətirəcəklərini vəd edirlər.
Xatırladaq ki, 2023-cü il avqustun 21-də Mançester Crown Məhkəməsi Çesterdəki Çester Xəstəxanasının 33 yaşlı tibb bacısı Lüsi Letbini 15 ömürlük həbs cəzasına məhkum etmişdi. Məhkəmə belə nəticəyə gəlmişdi ki, tibb bacısı soyuqqanlılıqla yeddi körpənin həyatına son qoyub və daha səkkiz körpəni öldürməyə çalışıb. 2024-cü ilin yanvarından Letbi cəzasını Bronzefield Qadın Həbsxanasında çəkir.