İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün cənnətməkan Qarabağda keçirilməsi İslam dəyərlərinin, birliyinin, Azərbaycanın çoxsaylı humanist təşəbbüslərinin dünyaya daha bir təqdimatıdır
1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan, 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı ( ECO) kimi fəaliyyətini genişləndirən qurum beynəlxalq səviyyədə tanınmaqla böyük nüfuza malikdir. Təşkilatın üzvləri kənd təsərrüfatı, sənaye, nəqliyyat və rabitə, infrastruktur, elm, təhsil, mədəniyyət, energetika sahələrində əməkdaşlıq edir, terrora qarşı birgə mübarizə aparırlar. Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən ECO-nun 10 üzvü var: Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran. ECO-ya üzv ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır. Regional əhəmiyyətə malik təşkilat insan resursları baxımından da kifayət qədər ciddi potensiala malikdir. Bu potensialına görə təşkilatın böyük perspektivi olduğu hesab edilir. ECO üzvləri arasındakı illik ticarət dövriyyəsi 76 milyard dollara çatır.
Azərbaycan təşkilatın demək olar ki, bütün üzvləri ilə sıx inteqrasiya, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi siyasəti yürüdür. Belə ki, Bakı Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla Asiyadan Avropaya yükdaşımaların təşkilini nəzərdə tutan Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində iqtisadi əlaqələrini genişləndirir. Bu ölkələrin nəqliyyat infrastrukturlarının inteqrasiyası istiqamətində çoxsaylı mühüm layihələr həyata keçirilməkdədir. Regionda marağı olan və faktiki rəqabət aparan Avropa İttifaqı, ABŞ və Çinin dəstəyini əldə edən layihənin inkişaf perspektivləri çox yüksək qiymətləndirilir.
Ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, bu sahədə qazandığı zəngin təcrübəsi nümunə göstərilən Azərbaycan yenidən dünya ictimaiyyətinin diqqətini cəlb edib. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün ölkəmizdə, Ermənistanın işğalından azad olunan, hazırda yenidən dirçələn Qarabağda, Xankəndidə keçirilməsi siyasi, iqtisadi əhəmiyyətli tarixi hadisə, suverenliyimizin tam və qəti qələbəsinin daha bir təsdiqi olmaqla simvolik məna daşıır.
2025-ci ilin 3-4 iyul tarixlərində Qarabağın qəlbi olan Xankəndidə liderləri bir araya gətirəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə təkcə regional deyil, Qlobal Cənubun, Avrasiyanın iqtisadi məsələləri, qarşıda duran problemlər geniş müzakirə olunacaq
Ötən ilin noyabrında planetimizin gələcəyi üçün əhəmiyytəli məsələlərin, iqlim dəyişikyi ilə bağlı yaranan risklərin həlli yollarına həsr olunmuş COP29-dan sonra bu cür geniştərkibli sammitə ev sahibliyi siyasi sabitliyi baxımından nadir ölkələrdən sayılan Azərbaycanın dünyada möhkmələnən nüfuzundan qaynaqlanır. COP29-da geniş müzakirə olunan problemlərin davamı kim dəyərləndirilən Xankəndi görüşündə dayanıqlı inkişaf, iqlim dəyişikliyi, iqtisadi əməkdaşlıq kimi mühüm məsələlər müzakirə olunacaq, rəy və təkliflər nəzərə alınacaq, hədəflər müəyyənləşdiriləcək,
Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq «İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Həftəsi»” çərçivəsində təşkil olunan tədbirlərdə beynəlxalq əhəmiyyətli məsələlərin aktuallaşması, qarşılıqlı əməkdaşlığın genişlənməsini təmin edən iqtisadi əlaqələrin şaxələnməsi yeni layihələrin həllini tezləşdirir.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində maraqlı islahatları, humanitar siyasəti ilə dünya ictimaiyyətinin diqqətini cəlb edən, yenilikci lider kimi tanınan Prezident İlham Əliyevin təşəbbüsləri yenə də aktuallaşıb. Qoşulmama Hərəkatının şəbəkəsinin daha da genişlənməsi naminə islahatların vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyevin təşəbbüsü ilə təsisatın Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının, Qadınlar Platformasının yaradılması, eyni zamanda, Azərbaycan humanizminin, birgə yaşayış qaydalarına sadiqliyinin, Qlobal Cənubda əmin –amanlığın, siyasi, iqtisadi əməkdaşlığın möhkəmlənməsinə yönələn təşəbbüslərdir.
Həftə çərçivəsində, Zirvə görüşü ərəfəsində ECO-ya üzv dövlətləri qadınlarının forumunun Ermənistanın işğalından azad olunan , yeni günlərini yaşayan, istifadəyə verilən Beynəlxalq Hava Limanı ilə ölkəmizin müxtəlif dövlətləri ilə əməkdaşlığına yol açan Laçında keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun ifadəsidir. Ölkələrarası əməkdaşlıqda insan resurslarının inkişafına, qadınların cəmiyyətdə fəallığının artırılmasına, milli-mənəvi dəyərlərin təbliğinə, terrora qarşı birgə mübarizəyə yönələn bu cür təşəbbüslərin dünyada dəstəklənməsi ECO-nun beynəlxalq nüfuzunu daha da artırır. Regionda dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında qadınların fəallığı üçün imkanlar səfərbər edilir. Forum, eyni zamanda, ECO-da təmsil olunan ölkələrdə yaşayan qadınlar arasında dialoqların təşkili, təcrübə mübadiləsi, humanist dəyərlərin təbliği baxımından dəyərli platformadır.
Həftəsi çərçivəsində Ağdamda ECO-nun Gənclər Forumunun keçirilməsi də təşkilatın tarixində iz salan yenilik kimi dəstəkləndi. Qarabağın dilbər güşələrindən olan Ağdam şəhərində keçirilən Forumda ECO-ya üzv ölkələrin gənclərinin qarşılıqlı fəaliyyəti üçün əhəmiyətli layihələrin gerçəkləşməsinin vacibliyi diqqətə çatdırıldı.
Adından göründüyü kimi, əsasən iqtisadi məsələlərin həlli üçün platformaya çevrilən Zirvə toplantılarının ayrılmaz hissəsinə çevrilmiş 6-cı ECO biznes-forumunun Şuşa görüşü də maraqlı nüanslarla yadda qaldı. Xatırladaq ki, ECO-nun qərarı ilə Şuşa şəhəri 2026-cı ilin turizm paytaxtı elan olunub. Regional əməkdaşlığın ümumi arxitekturasının aparıcı qolu olan biznes forumun Şuşada keçirilməsi göstərir ki, bu tədbir sadəcə siyasət müzakirələri üçün platforma deyil, iqtisadiyyatın, qarşılqıl əməkdaşlığın, turizmin inkişafı üçün geniş imkanlar yaradan mühüm iqtisadi vasitədir.
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanın Şuşada keçirilən 6-cı ECO biznes-forumunda söylədiyi «Forumda region ölkələrinin liderləri, ticarət-sənaye palataları və ECO Ticarət və Sənaye Palatasının nümayəndələrinin fəal iştirakı bizi xüsusilə ruhlandırır. Həmçinin bu forum hökumətlərlə özəl sektor arasında dərin və məzmunlu dialoqu təşviq etməyə, aparılan müzakirələri real tərəfdaşlıqlara və iqtisadi baxımdan səmərəli layihələrə çevirməyə xidmət edir» sözləri , eyni zamanda, Qlobal Cənubun aparıcı ölkəsi imicini qoruyan, Orta Dəhliz kimi, geniş, tərəfdaşları artan digər nəqliyyat layihələrin mərkəzində yerləşən Azərbaycanın dünya iqtisadiyyatında güclənən mövqeyinin təsdiqidir.
ECO-nun Zirvə görüşünün Xankəndidə təşkili isə Ermənistanın işğalından axzad olunan torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin beynəlxalq ictimaiyyətə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Sammit 30 ildən çox separatizmə yuva olmuş Xankəndidə keçirilən ilk tədbir olmaqla İslam həmrəyliyinin nümunəsidir. Xunta rejimindən xilas olan Xankəndidən bu həmrəyliyin dünya ictimaiyyətinə çatdırılması Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin, müstəqilliyimizin və suverenliyimizin sarsılmazlıq nümunəsidir.
Xuraman İsmayılqızı, "İki sahil"