01 iyul 2025 16:23
135

Sertifikatlaşdırmada uğur qazanmayanlarla işin təşkili məqsədilə komissiya yaradılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan və 2025-ci ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində müvafiq keçid balını toplamayan müəllimlərlə görüşlər başlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, BŞTİ-nin müvafiq əmrinə əsasən təkrar sertifikatlaşdırma prosesi zamanı uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiya yaradılıb.

Komissiyaya müraciət edən müəllimlərlə görüşlər 01-31 iyul 2025-ci il tarixlərində həftənin I-IV günləri saat 14:00-dan 17:00-dək BŞTİ-də keçiriləcək. Bu müddət ərzində təkrar sertifikatlaşdırmada uğur qazanmayan müəllimlərlə görüşlərdə onların ailə tərkibi və sosial vəziyyəti təhlil olunacaq, prioritetlər üzrə müvafiq qeyri-pedaqoji vakansiyalara uyğunluq meyarları müəyyənləşdiriləcək.

Komissiyaya müraciət edən müəllimlər şəxsiyyət vəsiqəsi, diplom və əmək kitabçasının surətlərini, həmçinin müvafiq sosial statusu təsdiq edən sənədləri təqdim etməlidirlər.