Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın diplomatik uğurlarına və güclü, qüdrətli ordusuna söykənərək, böyük inam və qətiyyətlə bəyan edir ki, biz işğal edilmiş torpaqlara qayıdacağıq
“Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir, işğal edilmiş torpaqlardan çıxmaq istəmir. Ona görə biz və beynəlxalq ictimaiyyət, vasitəçilər onları məcbur etməlidirlər. Bunun başqa yolu yoxdur.”
Ölkə Prezidenti İlham Əliyev bu bəyanatı ilə eyni zamanda dünyaya çatdırır ki, beynəlxalq hüququn norma və prinsiplərinin icrası üçün konkret mexanizm olmalıdır, ən əsası bu prinsiplər bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır. Dünyanın ikili siyasətinin hansı problemlərə yol açdığını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzanmasında görürük. Dünyanın iri dövlətlərinin, ən əsası münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransanın bəyanatlarında səsləndirdikləri fikirlərlə məqam yetişəndə atacaqları addımlar arasında böyük fərqin olması sözsüz ki, diqqətdən kənarda qalmır. Bu isə öz növbəsində maddi və mənəvi dəstəkdən ərköyünləşən Ermənistanın təxribatlarını daha da davamlı edir, onu məsuliyyət hissindən uzaqlaşdırır.
Ötən ilin aprel döyüşləri bu reallığı təsdiqlədi ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycan hərb yolunu seçdiyi təqdirdə də qələbəsi şəksizdir. Cənab İlham Əliyev istər həmin ərəfədə Təhlükəsizlik Şurasının iclasında, istərsə də bu il Aprel döyüşlərinin ildönümü ilə bağlı bir qrup hərbçimizlə görüşündə, eyni zamanda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri zamanı keçirdiyi görüşlərdə bu məqamı bir daha diqqətə çatdırmışdır ki, Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.
Beynəlxalq aləm bir daha əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. ATƏT-in Minsk qrupu həmsədrlərinin fəallaşması, beynəlxalq ictimai rəydə münaqişənin tezliklə həlli ilə bağlı tələblərin səslənməsi bunu bir daha sübut edir.
Ermənistan təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mif dağıldı, bu kimi iddiaların heç bir əsası olmadığı bir daha açıqlandı.
Müstəqilliyi formal xarakter daşıyan Ermənistandan fərqli olaraq Azərbaycan Ordusunun gücü, qüdrəti göz önündədir. “Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir: “Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər. Biz sadəcə olaraq bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici ölkədir. Azərbaycan bölgədə çox böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə icra edilə bilməz. Ona görə sabitliyi qorumaq, məsələni sülh yolu ilə həll etmək üçün biz hələ ki siyasi yollara üstünlük veririk. Ancaq sirr deyil ki, Azərbaycan gündən-günə güclənir, Ermənistan gündən-günə zəifləyir. Bizim iqtisadi gücümüz müqayisəedilməz dərəcədə artmışdır. Düşməni istənilən istiqamət üzrə bir neçə dəfə, bəzi istiqamətlər üzrə 10 dəfədən çox üstələyirik və bu fərq getdikcə böyüyəcəkdir. Çünki bizim açıq-aydın gələcəyimiz, perspektivlərimiz, inkişaf yolumuz vardır. Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Son 10 il ərzində dünyada iqtisadi inkişaf baxımından Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur. Bu amillər, - bir daha demək istəyirəm, tarixi amillər, beynəlxalq hüquq normaları, siyasi amillər və iqtisadi-hərbi gücümüz, - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində, ədalətli həll edilməsində öz sözünü deyəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaqdır.” Aprel döyüşləri ölkə Prezidenti İlham Əliyevin böyük əminliklə söylədiyi bu fikirləri bir daha təsdiqlədi.
Dağlıq Qarabağ probleminin həllində vacib amillərdən biri də beynəlxalq dəstəkdir ki, bu gün Azərbaycanın bu sahədə əldə etdiyi uğurların miqyası genişdir. Təkcə bu ilin ötən dövründə baş verən mühüm hadisələrə, eyni zamanda dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə səfərlərinin miqyasına, iştirak etdiyi beynəlxalq tədbirlərdə müzakirə olunan məsələlərə və ölkəmizə verilən önəmə diqqət yetirdikdə Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin hansı səviyyədə olduğunu daha aydın görmək mümkündür. ABŞ-ın Baş Qərargahlar rəisi, general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun fevral ayında ilk dəfə olaraq Bakıda görüş keçirmələri dünya mətbuatında geniş müzakirə olunan məsələlər sırasında oldu. Azərbaycanın bu görüş üçün məkan seçilməsi böyük uğur, dövlətimizin həyata keçirdiyi siyasətə dəstək kimi dəyərləndirildi. ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ, Fransa və Rusiyanın ölkəmizlə bağlı mövqeyinə işıq salan bu hadisələr diqqətdən kənarda qalmadı. Minsk qrupunun həmsədrləri olan bu üç dövlətin mövqeyi təbii ki, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.
Lakin yenə də dünyanın ikili siyasətinin yaratdığı problemlərə qayıdırıq. Məhz bu yanaşma Ermənistanın təxribatlarına şərait yaradır. Cəbhə xəttində mütəmadi olaraq yaşananlar da bunun təsdiqidir. Mülki əhalinin, xüsusilə uşaqların qətlə yetirilməsinin yolverilməzliyi prbolemin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri tərəfindən bəyan edilsə də, hansısa bir təzyiqin göstərilmədiyi göz önündədir. Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşündə bu reallığı diqqətə çatdırıb ki, Ermənistan tərəfi mühüm tədbirlər, eyni zamanda, həmsədrlərin regiona səfərləri zamanı cəbhə xəttində təxribat törədir, Azərbaycan Ordusu adekvat cavab verir. Onların bu addımının məqsədi bəllidir: “Azərbaycan tərəfini buna ona görə təhrik edirlər ki, sonra bizi atəşkəsi pozmaqda ittiham etsinlər. Hadisələrin xronologiyasına baxmağınız kifayətdir ki, nə vaxt Azərbaycan əsgərinin Ermənistan ordusu tərəfindən öldürüldüyünü və nə zaman buna Azərbaycan tərəfindən adekvat cavab verildiyini görəsiniz.”
Ümumiləşdirsək, artıq Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır, cəbhə xəttində təxribatlar törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır. Hər dəfə beynəlxalq aləmdə belə rəy yaratmağa çalışırdılar ki, guya Azərbaycan tərəfi sülh danışıqlarının aparılmasında maraqlı deyil. Rəsmi Bakının qarşı tərəfin belə sərsəm bəyanatlarına mesajı bu olur ki, ordu quruculuğu suveren hüququmuzdur. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin: “Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, Aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər Aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik.” Bu günümüzün reallıqları bir daha təsdiqləyir ki, Azərbaycan bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.
Yeganə Əliyeva, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır