13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə Avrasiya Skaut Regionunda ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbirlər olacaq
Azərbaycanın dünya birliyində möhkəmlənən rolu ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməsində əhəmiyyətli rol oynayır. Bu fikir dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında daim yer tutur ki, əvvəlki illərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bu və ya digər ölkələrə səfərlərin edilməsinə böyük zərurət yaranırdı. Artıq bu gün Azərbaycan hər gün, hər həftə ev sahibliyi etdiyi tədbirlərlə bu istəyini gerçəkləşdirmək imkanlarına malikdir. Təkcə cari ilin ötən dövründə ölkəmizdə keçirilən tədbirlərin mahiyyətinə və onların iştirakçısı olan dövlətlərin miqyasına diqqət yetirsək, görərik ki, bu tədbirlərin coğrafiyası genişlənməkdə, Azərbaycanın inkişaf modeli dəstəklənməkdə və öyrənilməsinin vacibliyi qeyd edilməkdədir. Cənab İlham Əliyev daim bəyan edir ki, Azərbaycanın bütün sahələrdə təcrübəsi öyrənilməli, nümunə olmalıdır.
Avqustun 7-dən 10-dək Qəbələ şəhərində 13-cü Dünya Skaut Gənclər Forumu keçirildi. Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Skaut Hərəkatı Təşkilatının və Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən forumda 133 ölkədən 320 gənc iştirak edirdi. Forumla bağlı beynəlxalq rəy belə oldu ki, tədbir iştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük toplantısıdır. Qeyd edək ki, Dünya Skaut Hərəkatı Təşkilatı dünyanın 224 ölkəsi və regionunda fəaliyyət göstərir, 40 milyon üzvü öz ətrafında birləşdirir. Skaut hərəkatının məqsədi gənclərin özlərini şəxsiyyət kimi formalaşmasına və cəmiyyətdə konstruktiv rol oynamasına, onların ən yaxşı dünyanın qurulması işində iştirakına kömək göstərməkdir. Qəbələdə keçirilmiş Dünya Skaut Gənclər Forumunun iştirakçıları gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr aparmış, eləcə də tədbirin bütün iştirakçıları arasında gənclər proqramlarının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi etmişlər. Forum çərçivəsində “Mədəniyyət axşamı”nda hər bir iştirakçı öz ölkəsinin tarixi və ənənələrini, milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirib. Azərbaycanlı təmsilçilərin milli mədəniyyətimizi təqdim etmələri maraqla qarşılanıb.
Azərbaycanın bu sahədə də təcrübəsi nümunədir. Gənclər ölkəsi olan Azərbaycanda əhalinin bu təbəqəsinin potensial imkanlarını ortaya qoymaq üçün yaradılan şərait göz qabağındadır. Gələcəyimiz kimi dəyərləndirilən gənclərin idarəçilik sistemində iştiraklarını təmin etmək üçün mühüm addımlar atılır. Bir məqamı qeyd etmək kifayətdir ki, ötən ilin sentyabrında keçirilən referendumda ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti gənclərə diqqət və qayğını ortaya qoyur. Bu əminlik ifadə olunur ki, gənclərin malik olduğu imkanlar qlobal dünyada insan kapitalının biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında əhəmiyyətini müzakirə obyektinə çevirməyə stimul verəcək. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər əyani surətdə nümayiş etdirir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Bu inam da ifadə edilir ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.
Məlumdur ki, avqustun 14-dən 18-dək isə Bakıda 41-ci Dünya Skaut Konfransı keçiriləcək. Dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən artıq skautun qatıldığı bu beynəlxalq tədbirlərdə Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksək vəzifəli qonaqlar da iştirak edir. Avqustun 13-də paytaxtımızın gözəl məkanlarından biri olan Fəvvarələr meydanında 41-ci Dünya Skaut Konfransı çərçivəsində fotosərgi açılıb. Bakı Konqres Mərkəzində, eləcə də Heydər Əliyev Mərkəzində 14-18 avqust tarixlərində keçirilən Dünya Skaut Konfransında isə əsas mövzu skaut təşkilatlarının gələcək inkişafından, strategiya və fəaliyyətlərinin yaradılmasından, eləcə də gələcək dövrlər üçün təşkilatın rəhbər orqanlarına sədrin və üzvlərin seçilməsidir. Hər bir məsələdə təcrübə mübadiləsi, səylərin birləşdirilməsi mütləqdir. Dünyanın 157 ölkəsindən 1500 təmsilçi bu sayda təqdimat, yeni fikir, ideya, ən əsası səy deməkdir. Hər bir təmsilçi ölkəsinin malik olduğu imkanları təqdim etməklə yanaşı, günümüzün çağırışına öz töhfəsini verməyə çalışmalıdır.
Azərbaycanın ev sahibliyi etdiyi hər bir tədbir əhatə etdiyi mövzu ilə yanaşı, beynəlxalq münasibətlər sistemində yeri və roluna təsiri baxımından da xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı İlham Əliyevin daim bildirdiyi kimi, tədbirlər dostluq, həmrəylik tədbirləri kimi tarixə yazılır. Müxtəlif dinlərin, mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan tədbirlərin təşkili üçün ideal məkan kimi qəbul olunmaqla üzərinə düşən məsuliyyəti hər zaman yüksək səviyyədə yerinə yetirməyə səy göstərib. Bu nöqteyi-nəzərdən yanaşaraq, belə bir inam ifadə edilir ki, 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə Avrasiya Skaut Regionunda ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbirlər olacaq. Prezident İlham Əliyev Dünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalvesi və təşkilatın baş katibi Skot Teareni qəbul edərkən, bu cür vacib qlobal tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizin daha da yaxından tanıdılması baxımından yaxşı fürsət yaradacağına ümidvar olduğunu, beynəlxalq səviyyəli müxtəlif tədbirlərin ölkəmizdə həmişə uğurla təşkil edildiyini bildirmişdi.
Qeyd edək ki, Azərbaycan 2013-cü ilin fevralında DSHT-nin əsas tədbirləri olan və üç ildə bir dəfə keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürüb. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib. Azərbaycan Skautlar Assosiasiyası 1997-ci il oktyabrın 11-də təsis edilmişdir. Təşkilat 2000-ci ildən etibarən ölkəmizi Dünya Skaut Hərəkatında təmsil edir. Ölkəmizdə gənc nəslin tərbiyəsində mühüm rol oynayan Azərbaycan Skautlar Assosiasiyasının 16 bölgədə 1750-dən artıq üzvü var. Təşkilatın üzvləri üçün hər il proqramlar və yay düşərgələri təşkil olunur, onlar beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edirlər. Hər bir tədbir Azərbaycan reallıqlarının təbliğinə böyük töhfədir.
Yeganə Əliyeva, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır