İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqir Qalibaf İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında təsdiq edilmiş Müqaviləni ölkə prezidenti Məsud Pezeşkiana göndərib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə bazar günü İranın Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.
“Konstitusiyanın 123-cü maddəsinə uyğun olaraq, parlamentin sədri Məhəmməd Baqir Qalibaf İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Müqaviləni prezidentə təhvil verib”, - səfirliyin “Teleqram” kanalında bildirilib.
Yanvarın 17-də Kremldə danışıqlardan sonra Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə imzalayıblar. Aprelin 21-də Rusiya lideri sazişi ratifikasiya edən qanunu imzalayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”