12 iyun 2025 19:39
185

Gənc Ailə Forumu çərçivəsində panel müzakirələri təşkil olunub

“Milli mədəniyyətimizi, kimliyimizi və dəyərlərimizi keçmişdən gələcəyə daşıyan körpü - Ailə” mövzusunda Gənc Ailə Forumu çərçivəsində panel müzakirələri təşkil olunub.

“İki sahil” xəbər verir ki,  birinci panelə moderatorluq edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya şöbəsinin müdiri Elgün Səfərov ailənin cəmiyyətin əsas dayağı olduğunu, milli kimlik və dəyərlərin nəsildən-nəslə ötürülməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.

Müzakirələrdə Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova, Azərbaycan İlahiyyat İnstitutunun dosenti İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova, Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinin Sosial mədəniyyət kafedrasının müdiri Sevinc Əskərova, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova çıxış edərək, medianın ailə dəyərlərinin təşviqində və gənc ailələr üçün nümunəvi ailə modelinin yaradılması prosesində rolu, ailə institutunun dini və mənəvi dəyərlərlə əlaqəsi, ailənin mədəniyyətin formalaşmasında və sosial mühitin inkişafında rolu, texnoloji yeniliklərin və rəqəmsallaşmanın ailə dəyərlərinə təsiri, gənc ailələrin dəstəklənməsinə dair fikirlər səsləndiriblər.

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) İdarə Heyətinin sədri Şamil Sadıqın moderatorluğu ilə davam edən 2-ci paneldə ailə münasibətlərində psixoloji sağlamlığın və qarşılıqlı anlaşmanın əhəmiyyəti, gənc ailələrdə emosional dayanıqlığın formalaşdırılması, ailənin sosial müdafiəsi, erkən uşaqlıq dövrünün inkişafında ailənin əhəmiyyəti, ailə psixologiyası üzrə maarifləndirici proqramların artırılması, ailədə gender rollarının düzgün bölgüsü, valideyn məsuliyyətinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Paneldə Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının dosenti Kamilə Kazımova, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Seymur Hüseynov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Səbinə Cabarova çıxış edib.

Tədbirdə ailənin cəmiyyət həyatında dayanıqlı təməllər üzərində qurulması, milli-mənəvi dəyərlərin gənc nəsillərə ötürülməsi və ailə institutunun müasir çağırışlara uyğun inkişafı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.