11 avqust 2017 14:23
980

İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır

İslam dünyasında mürəkkəb proseslərin baş verdiyi  indiki məqamda  Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması bütünlükdə  müsəlman ölkələrini birliyə  çağırış kimi dəyərləndirilir, həmrəyliyi zərurətə çevirir. “İslam Həmrəyliyi İli” çərçivəsində  bir neçə ölkədə  tədbirlərin keçirilməsi ölkəmizin  mültikultural dəyərlərin beynəlxalq aləmdə  təbliğinə   göstərdiyi diqqətdən irəli gəlir. 

Bu təşəbbüsü ilə təkcə müsəlman  dövlətlərini deyil,  dünya xalqlarını  sülhə, birliyə, bərabərliyə səsləyən Azərbaycanın hədəfi humanizm və  xeyirxahlıq dini olan İslama qarşı qərəzli  halların qarşısını almaq, bu dini terrorla birləşdirən qüvvələrə İslami dəyərlərin əhəmiyyətini təbliğ etməkdir.

Bu günlərdə Tehranda keçirilən “İslam həmrəyliyi İran-Azərbaycan  dostluğu timsalında” mövzusundakı konfransda qeyd olunduğu kimi,  İslam həmrəyliyi bütün dünyada  əmin-amanlığın bərpasına kömək edə bilər. Ötən ili ölkəmizdə “Multikulturalizm İli” 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan edən, milli dəyərlərin qorunmasına, İslam dininə xüsusi əhəmiyyət verən, ümumbəşəri ideyaların carçısı kimi tanınan  Prezident  İlham Əliyev bu kimi humanist təşəbbüsləri ilə  dünya xalqlarını birliyə səsləyir.  Təcrübədən aydın olur ki, dini radikalizmin, ksenofobiya və islamofobiyanın, terrorizmin törətdiyi cinayətlərin, miqrant problemlərinin,  milli zəmində baş verən münaqişələrin qarşısını yalnız  xalqların birliyi və həmrəyliyi ilə almaq mümkündür. Ekstremist qrupların, terrorçuların törətdikləri cinayətləri İslam dini ilə bağlayan qərəzli dairələrin təxribatlarına qarşı ən yaxşı nümunə Azərbaycanın tolerantlıq təcrübəsidir. Əslində İslam pərdəsi altında gizlənən terrorçuların qurbanı da, radikalizmdə qınananlar da elə müsəlmanlardır.

Bu baxımdan Şərq dövləti, müsəlman ölkəsi kimi Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması bütünlükdə bəşəriyyət, sivilizasiyalar üçün böyük önəm daşıyır. İslama qarşı kampaniyalar aparmaqla insanların şüurlarına təsir etmək istəyən siyasi dairələr  milli, dini  zəmində münaqişələr yaratmaqla öz maraqlarını həyata keçirməyə çalışır, hegemonluq iddialarının əsirinə çevrilirlər. Nəticədə isə  əziyyət çəkən dinc, günahsız insanlar olurlar. Dünya əhalisinin 25 faizindən çoxunu təşkil edən müsəlman dövlətlərinin yerləşdikləri coğrafi, strateji əhəmiyyətli ərazilərin yeraltı-yerüstü sərvətlərinə sahib olmaq uğrunda  aparılan mübarizədə qalib gəlmək istəyən qüdrətli dövlətlər terrorçuları silahlandırmaqla  dünyada olan neft ehtiyatlarının 62,  təbii qazın isə 60 faizinə sahib olan müsəlman ölkələrində gərginlik, qarşıdurmalar yaradır, qırğınlar törədir, insanların doğma evlərindən didərgin düşməsinə səbəb olurlar.

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin özü İslam  dövlətlərinin birlik, həmrəylik rəmzi kimi insanları qovuşdurdu.

Tam əminliklə demək olar ki, “Bakı-2017” İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazıldı. Son illərdə birinci Avropa Oyunlarına, Dünya Şahmat Olimpiadasına, 17 yaşadək futbolçular arasında Avropa çempionatına, bədii gimnastika üzrə Dünya Kubokuna, “Formula-1” kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edən Azərbaycan “Bakı-2017” İslam Həmrəyliyi Oyunları ilə bir daha  tolerantlıq və multikulturalizm sahəsində qazanılan zəngin təcrübəsini dünya  birliyinə  çatdırdı.

Azərbaycanın ev sahibliyi etdiyi, 54 ölkədən 3 mindən çox idmançının, 1000-dən çox komanda rəsmilərinin və bir o qədər də texniki nümayəndənin iştirak etdiyi İslam Həmrəyliyi Oyunlarını izləyən əcnəbi qonaqların söylədikləri kimi, indiyədək İslamiada Bakıdakı qədər izdihamlı, təntənəli  olmayıb. İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda sağlam  mübarizə apararaq əsl birlik, həmrəylik nümayiş etdirdilər.

“Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul və təqdir edir. Roma Papası Fransisk Azərbaycana səfəri zamanı ilk dəfə müsəlman ibadət məkanında - Heydər məscidində dünyaya yayımlanan çıxışında Azərbaycanın multikultural həyat nümunəsini yüksək qiymətləndirdi. “Həmçinin Qafqaz Müsəlmanları İdarəsi olaraq, bu il ərzində Rusiya Patriarxı Kiril həzrətləri, Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətləri ilə səmərəli görüşlərimiz Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq prosesinə töhfələrimizdir” söyləyən Prezident İlham Əliyevin  vurğuladığı kimi Bakı İslamiadası dünyaya bəyan etdi ki, dini və mədəni müxtəlifliyin harmoniyası əsasında   sağlam, dinc, sülh və əmin-amanlıq şəraitində cəmiyyət  yarana bilər. 

Xalqların birlik və həmrəyliyi üçün başlıca  amil olan  qarşılıqlı əməkdaşlıq, beynəlxalq simpozium və konfranslar  regionda və dünyada  sülhün təminatına xidmət edir. Bu baxımdan da Azərbaycan liderdir.  Son illərdə ölkəmizdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunda, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, Dünya dinləri liderlərinin Zirvə görüşündə,  BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumunda əsas müzakirə mövzusu xalqları  bir amil ətafında birləşdirmək, dünyamızı risk və təhlükələrdən qorumaq,  beynəlxalq humanitar əməkdaşlığa, multikulturalizmə və digər önəmli məsələlərə dair geniş diskussiyalar, müzakirələr aparmaqdır.

“Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasında qurulubdur. Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir” söyləyən Prezident İlham Əliyev bildirir ki, İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır.

Müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı olduğu indiki dövrdə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır.  “İslam Həmrəyliyi İli”nin əsas məqsədi müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir.

“Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki, yaratdıqları stereotiplərə sığmır. Əfsuslar olsun ki, bu gün İslam aləmi daha çox münaqişələr zonası kimi təqdim edilir, islamofobiya meyilləri güclənir, İslam dininə qarşı təhqir-böhtan kampaniyası aparılır və görəndə ki, müsəlman aləmində belə gözəl, dinamik inkişaf edən, müasir ölkə var, əlbəttə, bu da onların planlarını alt-üst edir.” Bu sözləri ilə  islamofobiyanı formalaşdıran radikalizmə,  təfriqəçiliyə qarşı mübarizənin  bütün dünya xalqlarının işi olduğunu bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi,  İslam dini insanları saflığa, ülvi mənəviyyata dəvət edir.

Xuraman İsmayılqızı, “İki sahil”