03 iyun 2025 12:24
330

Sosial-iqtisadi inkişaf Strategiyasının maliyyə təminatı 6,4 milyard manat icra olunub

Təqdim edilmiş məlumatlara əsasən, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2024-cü ildə maliyyə təminatı 6,4 milyard manat icra olunub. İcra olunmuş vəsaitin əhəmiyyətli hissəsini əsaslı xərclər təşkil edib. Strategiya xərcləri barədə məlumatlar layihə və icra sənədləşməsinə fərqli yanaşma əsasında daxil edilib, bu isə proqnoz və icra üzrə qiymətləndirmələrin aparılmasına təsir edib, eyni zamanda, Strategiyanın bəzi fəaliyyət istiqamətləri üzrə işlərin görülməsi fonunda həmin istiqamətlər üzrə maliyyə tutumu əks etdirilməyib.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin iyunun 3-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Hesablama Palatasının sədri bildirib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsünə daxil olan layihələrin icrasına əlavə olaraq dövlət büdcəsinin ehtiyat fondundan, dövlət əsaslı vəsait qoyuluşundan və dövlət büdcəsinin digər bölmələrindən vəsait yönəldilib. İllik hesabata əsasən, bunun məbləği 5,3 milyard manat olub. Təhlillər digər xərc istiqamətlərindən də bu istiqamətə vəsait yönəldildiyini və müvafiq məbləğin daha çox olduğunu deməyə imkan verir.