10 iyul 2025 12:56
122

Lerikdə Hamarmeşə–Bibiyani avtomobil yolu yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Lerik rayonunun Hamarmeşə–Bibiyani avtomobil yolunun yenidən qurulmasına başlayıb.

Bu barədə “İki sahil"ə AAYDA-dan məlumat verilib.

Məlumata əsasən, layihə mindən artıq sakinin yaşadığı iki yaşayış məntəqəsini əhatə edir. Uzunluğu 5,2 kilometr olan və çınqıl örtüyə malik mövcud yol xüsusilə payız-qış mövsümündə nəqliyyat vasitələrinin və piyadaların hərəkətində ciddi çətinliklər yaradırdı.

Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulması zəruri hesab olunub. Hazırda yol 4-cü və 5-ci texniki dərəcələrə uyğun olaraq təkmilləşdirilir, eni isə 10 metrədək genişləndirilir. Layihə çərçivəsində torpaq işləri, qazma, əks-dolğu və yol yatağının tikintisi üzrə texnoloji ardıcıllığa əsaslanan işlər davam etdirilir. Eyni zamanda, suların ötürülməsini təmin etmək üçün mövcud dəmir-beton borular bərpa olunur, zəruri ərazilərdə isə müxtəlif diametrli yeni suötürücü borular quraşdırılır. Bundan əlavə, layihənin birinci kilometrində yeni körpünün və ehtiyac duyulan sahələrdə istinad divarlarının tikintisi də nəzərdə tutulur. Yenidənqurma işlərinin son mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi planlaşdırılır.