Həm ölkə daxilindəki dağıdıcı müxalifət düşərgəsinin təmsilçilərinin, həm də Avropanın ayrı-ayrı ölkələrində sərsəri, iyrənc həyat tərzi keçirən, adını “azərbaycanlı” qoyan bəzi antimilli ünsürlərin ölkəmizin əleyhinə aparılan bu şər-böhtan, “qara piar” kampaniyasının hərəkətverici qüvvəsi və siyasi trolları (bəzi dairələr tərəfindən böyük pullarla maliyyələşdirilən, şərəf, ləyaqət, əxlaq, milli qürur tanımayan sosial media canlıları) rolunda çıxış etmələri həyasızlığın və əxlaqsızlığın ən pik nöqtəsidir.
Bədxahlarımızın ölkəmizə qarşı apardıqları ideoloji təxribatları nəticəsiz qalacaq. Ölkəmizin başçısının bildirdiyi kimi, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. Ən əsası da odur ki, qüdrətli Azərbaycan dövləti erməni lobbisinin, məkrli mərkəzlərin, eləcə də onlarla sıx işbirliyində olan antimilli ünsürlərin bütün cəhdlərinə, xarici təzyiq və təhdidlərə həddindən artıq tutarlı cavab vermək imkanlarına malikdir. Dövlətimizin başçısının vurğuladığı kimi, onların bu cür əməllərinin rəsmi, ictimai və media müstəvisində daim ifşa olunması davam etdiriləcək.
Uzun illərdən bəri ölkəmizdəki radikal müxalifət partiyalarının saxta sənədləri ilə Qərbin bəzi ölkələrində “siyasi mühacir” adı ilə məskunlaşan məlum melanxoliklərin əməllərindən, sosial şəbəkələrdə, internet TV-lərdə çıxışlarının hər cümləsindən, onların ritorikasından Azərbaycan əleyhdarı olan dairələrin sifarişlərinin, təlimatlarının və çirkli pullarının iyi gəlir. Necə deyərlər, əskinas keşişin cibinə düşür, günahkarın ruhu rahatlıq tapır.
Anti-Azərbaycan dairələr və erməni lobbisi dəridən-qabıqdan çıxaraq xaricdə ölkəmizin əleyhinə qara piar kampaniyası aparmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Erməni lobbisinin təsiri altında olan təşkilatların və maliyyə qurumlarının tezislərini icra edən radikal müxalifətin təmsilçiləri və onların xarici ölkələrdəki əlaltıları sosial şəbəkələrdə, xüsusilə “YouToube” və “Facebook” platformalarında ölkəmizin uğurlarına kölgə salmağa çalışır, yalan informasiyalarla ictimai rəyi çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Təsadüfi deyil ki, bu gün Ermənistan mətbuatı da bu məsələlərlə bağlı bütün potensialnı ortaya qoyaraq respublikamızın əleyhinə qarayaxma kampaniyası aparır. Bu isə onu deməyə əsas verir ki, antimilli ünsürlər Azərbaycan əleyhdarları, erməni lobbisi, işğalçı Ermənistanın xüsusi xidmət orqanları tərəfindən idarə olunurlar. Əslində hər fürsətdə “hüquqi dövlət”dən, “demokratik dəyərlər”dən danışan bu antimilli ünsürlərdən başqa bir şey gözləmək mümkün deyil. 1992-1993-cü illərdə ölkəni xaos və anarxiya meydanına çevirən AXC-Müsavat cütlüyünün törətdiyi qanunsuz əməllər yaddaşlardan silinməyib. Belə ki, 1992-ci ildə hakimiyyəti zorla, top-tüfəng gücünə zəbt edən rüsvayçı AXC-Müsavat hakimiyyətinin satqın, dönük, savadsız, flüger “rəhbərləri” Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular. Ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Heç bir nəzəri biliyi, dövlətçilik təcrübəsi, idarəçilik qabiliyyəti olamyan “bəylər”in yarıtmaz idarəçiliyi nəticəsində respublika dərin böhrana sürüklənirdi. Azərbaycan artıq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikada xaos, anarxiya, hərc-mərclik hökm sürür, talançılıq, korrupsiya, rüşvət baş alıb gedirdi. İnflaysiya 1000 faizdən çox idi. İş o yerə çatmışdı ki, ozamankı dövlət başçısı Əbülfəz Elçibəy 1993-cü il mayın 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə məmurlara ittihamedici suallar verərək “Bizim sayəmizdə bu respublika dağılır, niyə bu respublikanı dağıdırsınız? Xalq deyir, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Bu xalq əgər imperiyadan canını qurtardısa, gələcəkdə onun əlindən burada əyləşən adamların canı qurtarmayacaq. Deyin görüm, respublikanı niyə dağıdırsınız? Camaat yollarda oturub ata-anamızın qəbrini söyür... Bizdə demokratiya anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz” demişdi.
Əslində bütün bunlar cəmiyyətimiz üçün bir o qədər də təəccüblü görünmür. Çünki AXCP sədri Əli Kərimli və onun ətrafındakılar təxminən 30 ildir ki, milli maraqlarımıza xəyanət etməklə məşğuldurlar. İctimaiyyətimiz də yaxşı bilir ki, bu adamın mayası xəyanətlə yoğrulub. Ə. Kərimli öz liderinə belə xəyanət edən bir şəxsdir. Vaxtilə AXC sədri Əbülfəz Elçibəy Türkiyədə Gülhanə xəstəxanasında ağır xəstəlikdən müalicə olunanda Ə.Kərimli “Azadlıq” qəzetində Qənimət Zahidin vasitəsi ilə öz lideri haqqında şər-böhtan kampaniyası aparırdı. Ə.Elçibəy 90-cı illərin ortalarında Kələkidə olarkən Ə.Kərimli “cəbhə”nin idarəçiliyini ələ almış, inhisarında olan qəzetlərin muzdlu mirzələrinə onun barəsində dilə gətirilməsi mümkün olmayan təhqirlər yazdırmışdı.
Zahid Rza, “İki sahil”