Bölgənin beynəlxalq statusunu artıracaq Laçın Beynəlxalq Hava Limanının tezliklə istifadəyə verilməsi planlaşdırılır
Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən işlər, yaradılan infrastruktur, dini-tarixi abidələrimizin təmir və bərpası, yeni binaların, beynəlxalq hava limanlarının tikintisi bu ərazilərdə irimiqyaslı layihələrin icrasını bir daha təsdiqləyir. Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu da bu layihələrin mərkəzində yer alır desək yanılmarıq. 1992-ci il mayın 18-də əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdu. Nəticədə rayonun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüş, Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilmişdi. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilmişdi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdı. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır.
Hazırda Laçında bərpa-yenidənqurma işləri sürətlə aparılır, yeni infrastruktur qurulur. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir. Prezident İlham Əliyevin 2020-ci il iyunun 26-da təməlini qoyduğu Laçın Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsi planlaşdırılır. Bu barədə xəbəri yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev açıqlayıb. Artıq hava limanında bir neçə sınaq uçuşları edilib.
Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun istifadəyə verilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
Bu günədək Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Hazırda 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir. Rayonun yol-nəqliyyat infrastrukturu da yenidən və ən müasir standartlar üzrə qurulur. Prezident İlham Əliyevin Sərəncamına əsasən, uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu tikilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpünün də inşa edilməsi nəzərdə tutulur. Həmçinin təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilir. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və qonaqların sevimli istirahət məkanlarından birinə çevrilib. Artıq Həkəri çayı üzərində göl yaradılıb. Burada asma körpü inşa edilib, ətrafda yaşıllıqlar salınıb, kotteclər tikilib. Göldə çimərlik də fəaliyyət göstərəcək. Rayon sakinlərinin və qonaqların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması planlaşdırılıb. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərməsi nəzərdə tutulur.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın Şəhəri Günü kimi qeyd olunur. Həmçinin MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin Mədəniyyət Mərkəzi elan edilib.
Sevinc Azadi, “İki sahil”