15 aprel 2025 12:43
121

Çin ilə Azərbaycan arasında səmimi və etimada əsaslanan dostluq münasibətləri var - Lu Mey

Çinin Azərbaycana yeni təyin edilmiş səfiri Lu Mey diplomatik missiyasını yerinə yetirmək üçün Bakıya gəlib.

“İki sahil” Çin səfirliyinə istinadla xəbər verir ki, Lu Meyi aeroportda Azərbaycan XİN-in nümayəndələri və bu ölkənin diplomatik nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

Səfir qeyd edib ki, Çin ilə Azərbaycan arasında səmimi və etimada əsaslanan dostluq münasibətləri var, onlar bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq edən tərəfdaşdır. Diplomat əlavə edib ki, belə bir mühüm məqamda Çini Azərbaycanda təmsil etməsi onun üçün şərəfdir.

O, həmçinin iki ölkə liderlərinin əldə etdiyi mühüm razılaşmalara əməl etmək və praqmatik əməkdaşlığı dərinləşdirmək, xalqlar arasında qarşılıqlı anlaşmanı möhkəmləndirmək, Pekin ilə Bakı arasında strateji tərəfdaşlığı yeni səviyyəyə qaldırmaq istiqamətində Azərbaycan cəmiyyətinin müxtəlif zümrələrinin nümayəndələri ilə birgə işləmək niyyətində olduğunu bildirib.

Azərbaycan tərəfinin nümayəndəsi səfir Lu Meyi salamlayaraq qeyd edib ki, ölkə hökuməti, parlamenti və hakim partiyası Çinlə əməkdaşlığa böyük əhəmiyyət verir.