Çinin Azərbaycanda yeni təyin olunmuş səfiri Lu Mey qarşılıqlı anlaşmanın dərinləşdirilməsi, dostluq münasibətlərinin möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri ilə əlaqələri fəal şəkildə gücləndirməyə hazır olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, səfir bu sözləri Bakıya gəlişi zamanı bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə dövlət başçıları tərəfindən Çin-Azərbaycan strateji tərəfdaşlığının qurulmasının elan edilməsi ikitərəfli münasibətləri yeni inkişaf mərhələsinə çıxarmağa kömək edib.
"Çin və Azərbaycan bir-birinə etibar edən səmimi və mehriban dost, bərabərhüquqlu tərəfdaşlardır. 2000 ildən çox əvvəl Çin və Azərbaycan Böyük İpək Yolu vasitəsilə mədəni mübadilələrə, qarşılıqlı zənginləşmə və öyrənmə prosesinə başlayıb. 1992-ci ildə diplomatik əlaqələr qurulduqdan bəri ikitərəfli münasibətlər sabit şəkildə inkişaf edir. 2024-cü ilin iyul ayında Çin Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev Çin-Azərbaycan strateji tərəfdaşlığının qurulduğunu elan ediblər ki, bu da ikitərəfli münasibətləri yeni inkişaf mərhələsinə çıxarmağa kömək edib", - səfir qeyd edib.
L.Mey vurğulayıb ki, qarşılıqlı dəstək sayəsində Çin və Azərbaycan təkcə ikitərəfli əməkdaşlıqda deyil, həm də qlobal arenada əhəmiyyətli uğurlar əldə ediblər.
"Hər iki tərəf bir-birinə ardıcıl surətdə möhkəm dəstək göstərir və siyasi qarşılıqlı etimadı gücləndirir. Biz, həmçinin beynəlxalq arenada sıx əməkdaşlıq edir, birgə daha ədalətli və rasional dünya nizamının formalaşmasını təşviq edirik," – səfir əlavə edib.