Tibb elminin inkişafında xüsusi xidmətləri olmuş Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, dünya şöhrətli oftalmoloq Zərifə xanım Əliyevanın ömür yolu, fəaliyyəti nəsillərə örnəkdir. İnsanlara nur bəxş edən, minlərlə insanın gözlərinə işıq verən, Zərifə xanım öz həkimlik fəaliyyəti, nəcibliyi, qayğıkeşliyi, xeyirxahlığı ilə həm də ömür yolunu işıqlandırmış xalqının qəlbində əbədi heykəlini ucaltmışdır.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi.
Deputat bildirdi ki, mənəvi paklıq və nəciblik nümunəsi olan Zərifə xanım yalnız həkim kimi deyil, bir alim, ictimai xadim, qayğıkeş ana, vəfalı həyat yoldaşı, mehriban insan, ləyaqətli vətəndaş, sadiq silahdaş kimi ürəklərə həkk olunmuş ölməz bir ömür qazanmışdır. Ulu Öndərimiz Heydər Əliyevin "Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam" ifadələri böyük bir siyasətçinin, dünya şöhrətli dövlət xadiminin ürək səsi olmaqla, qəlb sirdaşına verdiyi ən yüksək qiymətdir. Bu qiymət xalqımızın ruhundan xalqın istəyindən qaynaqlanır və milli liderimizin fikirləri milyonlarla insanın ürək sözləri ilə üst-üstə düşür, cilalanır və həmahəng səslənir.
Cənab İlham Əliyev isə öz əziz, mehriban anası haqqında "O, həmişə mənim qəlbimdədir" deyir. Bəli, Zərifə xanım Əliyeva öz əməlləri, amalları fəaliyyəti ilə hər birimizin qəlbindədir. Öz xalqının unudulmaz qızıdır, Vətənimizin ən sədaqətli vətəndaşı övladıdır. Allah ruhunu şad eləsin, yeri cənnət olsun.
Səbinə Kazımova, "İki sahil"