06 oktyabr 2026 10:50
108

Mərkəzi Asiya və Cənubi Qafqazın vahid sənaye şəbəkəsi

"Made in Central Asia" brendi ixrac bazarlarını necə dəyişəcək?

Son illərdə Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında formalaşan regional əməkdaşlıq sadəcə qonşuluq münasibətlərinin möhkəmlənməsi deyil, bütövlükdə Avrasiya qitəsinin geoinkişaf xəritəsini yenidən cızan strategiyanın təzahürü kimi diqqət çəkir. Ənənəvi xammal ticarəti və logistika çərçivələrindən çıxan bu tərəfdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiyanı vahid, rəqabətədavamlı və dərin inteqrasiya olunmuş iqtisadi məkana çevirməkdədir. Bakıdan Daşkəndə, Astanadan Aşqabada qədər uzanan bu yeni platforma "Türk dünyası" konsepsiyasını real biznes layihələri, istehsalat zəncirləri və ortaq brendlərlə zənginləşdirir. İki region arasında əməkdaşlığın əsas sütunlarından biri sənaye kooperasiyası və birgə müəssisələrin yaradılmasıdır. Əgər əvvəllər tərəfdaşlıq əsasən neft-qaz və neft-kimya məhsullarının daşınması, habelə tranzit imkanlarının bölüşdürülməsi ilə məhdudlaşırdısa, bu gün əsas diqqət əlavə dəyər yaradan sənayeyə yönəldilib. Ticarət, tranzit və energetika sahələrindəki ənənəvi əməkdaşlıqla yanaşı, birgə müəssisələrin yaradılması və "Made in Central Asia" vahid brendi altında məhsul ixracının təşkili sürətləndirilir. Bu cür perspektivli planlar barədə bir neçə gün öncə Bakıda başa çatan sayca 12-ci illik CAMCA (Central Asia, Mongolia, Caucasus and Afghanistan — Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda söz açılıb. Bildirilib ki, Mərkəzi Asiya regionunda yerləşən ölkələr və Azərbaycan müqayisədə qısa müddət ərzində prioritet işgüzar istiqamətlər üzrə əməkdaşlığı fəallaşdırıblar. Əməkdaşlığın əsas istiqaməti Orta Dəhliz marşrutları üzrə ticarət və nəqliyyat-tranzit potensialının genişləndirilməsi olub: Buna liman və dəmir yolu infrastrukturlarının möhkəmləndirilməsi, gömrük və nəqliyyat tariflərinin azaldılması, güzəştli ticarət rejiminin formalaşdırılması hesabına nail olunub. Paralel olaraq, Mərkəzi Asiya dövlətləri və ölkəmiz optik-lifli rabitə və "yaşıl" enerjinin ixracı sahəsində birgə layihələrə start veriblər. Həmçinin diqqət sənaye və avtomobil istehsalı, kənd təsərrüfatı və aqrar xammalın emalı, turizm və informasiya texnologiyaları sahələrində qarşılıqlı investisiyalara və birgə müəssisələrin formalaşdırılmasına yönəldilib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Forumdakı çıxışında vurğulayıb: “İqtisadiyyatlarımızın bir-birini tamamlayan güclü tərəflərə malik olduğu sektorlarda regional dəyər zəncirləri quraraq getdikcə daha çox istehsal etməliyik. Bizim iri şirkətlərimiz və maliyyə qurumlarımız artıq fəal çalışır və bir-birinin bazarlarında təmsil olunur. İnanırıq ki, etimad imzalarla deyil, nəticələrlə ölçülür”. Onun sözlərinə görə, rəqəmsal transformasiya, energetika və «yaşıl» investisiyalar regionda əməkdaşlıq üçün ən geniş imkanlar yaradan üç əsas istiqamətdir.

Bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələri bir tərəfdən Türkiyə vasitəsilə Avropa ilə, digər tərəfdən isə Çin və Asiyanın digər ölkələri ilə (o cümlədən Əfqanıstan, Pakistan, Monqolustan və s.) bağlı olan vahid iqtisadi məkan formalaşdırırlar. Bu inteqrasiya Türk Dövlətləri Təşkilatı (TDT) formatında daha uğurla reallaşdırılır: Belə ki, 2025-ci ilin yekunlarına görə, bu qurumun üzvü olan və müşahidəçi statusuna malik dövlətlərin məcmu ÜDM-i 2,111 trilyon dolları ötüb, ticarət dövriyyəsinin həcmi isə 1,127 trilyon dollara çatıb.

İqtisadiyyat naziri, həmçinin vurğulayıb ki, məqsəd regional ticarətin həcmini 20 milyard dollara çatdırmaqdır. Eyni zamanda, regional inteqrasiya yalnız malların sərhədlərdən keçməsi ilə məhdudlaşmamalıdır, onun növbəti mərhələsi "Made in Central Asia" vahid brendi altında birgə məhsul istehsalının qurulmasıdır. Nazir qeyd edib ki, işgüzar təşəbbüslərin maliyyələşdirilməsi üçün Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə birgə investisiya fondları yaradıb. Bu addım orta miqyaslı bir neçə bazarı vahid investisiya platformasında birləşdirir və ölkəmizin bu fondların hər birindəki payı azı 50 faiz təşkil edir. Burada xatırlatmaq yerinə düşər ki, son illərdə Mərkəzi Asiya dövlətləri və Azərbaycan aqrosənaye birgə müəssisələrinin yaradılması formatında işgüzar əməkdaşlığın möhkəmləndirilməsi üçün artıq əhəmiyyətli addımlar atıblar. Bu baxımdan nizamnamə kapitalı 500 milyon dollar olan birgə investisiya fondu tərəfindən dəstəklənən Azərbaycan-Özbəkistan təşəbbüsləri daha səciyyəvidir. Xüsusilə, Özbəkistan investorları Xankəndidə tikiş fabriki açıblar. Bundan əlavə, pambıq yetişdirilməsi və emalı, tekstil istehsalı sahəsində layihələr reallaşdırılır, Hacıqabul sənaye klasterində avtomobillərin birgə yığılması qaydaya salınıb və s. Əks istiqamətdəki investisiyalar da olduqca perspektivlidir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti - SOCAR Özbəkistanda çox mühüm «Üstyurt» yatağının kəşfiyyatına və bu ölkədə yanacaqdoldurma məntəqəsi şəbəkəsinin inkişafına sərmayə yatırır. Öz növbəsində, digər yerli dövlət şirkəti - "AzerGold" Qaşqadərya vilayətindəki «Akba» qızıl yatağının mənimsənilməsində iştirak etməyi planlaşdırır.

Kənd təsərrüfatı sahəsində də qarşılıqlı fəaliyyət sürətlə inkişaf edir: Azərbaycan şirkətləri Özbəkistanın bir sıra vilayətlərində 1 min hektar sahədə meyvə bağının salınmasını, soyuducu anbarların və kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin tikintisini planlaşdırır. Turizm və tikinti sahələrində ikitərəfli əməkdaşlıq çox məhsuldar inkişaf edir, xüsusən də Daşkənddə otellərin, rekreasiya zonaları infrastrukturlarının və elit yaşayış daşınmaz əmlakının inşasına hazırlığa başlanılıb.

Bakı və Astana tərəfdaşlığı da işgüzar müstəvidə məhsuldarlığı ilə fərqlənir: Qazaxıstanda Azərbaycan kapitalı ilə 1,4 mindən çox şirkət qeydiyyata alınıb və dövlətimiz investisiya biznesinin sayına görə top-10 ölkə sırasına daxildir. Bu gün yalnız Manqistau vilayətində Azərbaycan kapitalının iştirakı ilə 300-ə yaxın birgə müəssisə mövcuddur; onların layihələri tikinti, liman infrastrukturunun inkişafı, nəqliyyat-logistika təşəbbüsləri, aqrar məhsulların istehsalı, saxlanması və emalı seqmentlərini əhatə edir.

Xəzər dənizindəki «Dostluq» yatağının birgə işlənilməsi və karbohidrogen xammalının xaricə ixracının təşkili barədə razılaşmaların əldə olunduğu Türkmanıstan ölkəmizin mühüm regional tərəfdaşıdır. Nəqliyyat və energetika layihələri ilə yanaşı, son illərdə Bakı və Aşqabad sənaye klasteri layihələrinin də birgə reallaşdırılmasını hədəfləyiblər - gəmiqayırma sahəsində artıq əməkdaşlıq qurulub, həmçinin iki ölkə və Qazaxıstan Xəzərin dibi ilə elektrik kabelinin birgə çəkilişinə hazırlaşırlar. Bundan əlavə, bir sıra özəl Azərbaycan şirkətləri Türkmənistan iqtisadiyyatının müxtəlif sahələrinə təxminən 500 milyon dollar investisiya yatırmağı, o cümlədən maye azot gübrələrinin və müasir aqrokimyəvi maddələrin istehsalını lokallaşdırmağı planlaşdırır.

Göründüyü kimi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionları artıq geopolitik rəqabətin sadəcə seyrçisi və ya tranzit məkanı deyil. İkitərəfli və çoxtərəfli formatlarda, xüsusilə Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri çərçivəsində atılan addımlar regionu qlobal iqtisadiyyatın müstəqil, davamlı və cazibədar mərkəzlərindən birinə çevirir. Birgə investisiya fondları, sənaye parkları və "Made in Central Asia" brendi bu regionun yaxın gələcəkdə qlobal təchizat zəncirində əsas oyunçulardan birinə çevriləcəyini şəksiz təsdiqləyir.

Sevinc Azadi, “İki sahil”