1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Akademik Zərifə Əliyeva böyük mənəviyyata, xüsusi istedada sahib əsl ziyalı bir Azərbaycan xanımı kimi mənalı ömür yolu keçmişdir. O, çoxşaxəli elmi fəaliyyəti ilə respublikamızda tibbin oftalmologiya sahəsinin inkişafına çox mühüm töhfələr vermişdir. Akademik Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə hər zaman böyük diqqət ayırmışdır. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Görkəmli Akademik həm də “Yüksək etimad” adlı kitabın müəllifidir. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara göstərdiyi diqqət ona həmkarlarının və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın yaradıcılığına çox yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bildirirdi: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür. ”
Ananın övladlara hədsiz diqqət və sevgisindən söz açan Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev öz xatirələrini bölüşərək qeyd edir: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir. ”
Müdrik xalqımız görkəmli oftalmoloq alim, sadə Azərbaycan ziyalısı Akademik Zərifə Əliyevanın misilsiz xidmətlərini heç zaman unutmayacaq və onun əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.
Arifə Abdullayeva,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi