Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 6-da Şəki şəhərində keçirdiyi əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul, cari ilin məzunları üçün əlavə xarici dil, həmçinin martda keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən XI sinif şagirdləri və eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanları başa çatıb.
“İki sahil” xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 7 mərkəz ayrılıb. İmtahanlar Şəki şəhərindəki 7, 8, 11, 12, 14 və 17 nömrəli tam orta məktəblərdə, fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olmaları üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Ümumilikdə 1424 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 17 imtahan rəhbəri və 142 nəzarətçi cəlb olunub. İmtahanların keçirilməsi üçün 117 zal ayrılıb.
DİM-in Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində imtahanlar mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.