Qarabağ Dirçəliş Fondunun (QDF) sifarişi ilə çəkilən "Ölümcül Miras" ("Deadly Legacy") sənədli filminin ilk qapalı nümayişi baş tutub.
“İki sahil” xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Milli Məclisinin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, QDF-nin donor, tərəfdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, ekran işi Prezident İlham Əliyevin dünyada mina terroruna son qoyulması və humanitar minatəmizləmə təşəbbüsünün BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədinə daxil edilməsi üzrə beynəlxalq səylərini, işğaldan azad edilmiş ərazilərdəki mina probleminin miqyasını, təhlükənin fəsadlarını faktlarla işıqlandırıb.
Çəkilişləri Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Kolumbiya, eləcə də Laosda aparılan film yerli və beynəlxalq ekspertlərin, rəsmi şəxslərin müsahibələri, mina terrorundan zərər çəkmiş insanların hekayələri əsasında hazırlanıb.
Təqdimat çərçivəsində qonaqlara QDF-in sifarişi ilə ərsəyə gələn "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabı da hədiyyə olunub.
Xatırladaq ki, bir müddət əvvəl işıq üzü görmüş kitab Azərbaycan həqiqətləri ilə yaxından tanış olan britaniyalı yazıçı Qrem Vilson tərəfindən qələmə alınıb.
Münaqişədən hazırkı bərpa prosesinə qədər olan dövrü əhatə edən 500 səhifəlik bu nəşr analitik yanaşması, zəngin fotoşəkilləri və interaktiv rəqəmsal materialları ilə Qarabağın dirçəliş hekayəsini canlandıran dəyərli salnamədir.
Sumqayıtda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib