Ərazi iddiaları, “Böyük Ermənistan” xülyası erməni millətçilərinin tarixən azərbaycanlılara və digər xalqlara qarşı qarşı formalaşdırdığı nifrət ideologiyası üzərində müşayiət olunmuş, müxtəlif dövrlərdə etnik təmizləmə, deportasiya və soyqırımlarla nəticələnmişdir.
Erməni cinayətkar qrupları tərəfindən xalqımızın başına gətirilən ən dəhşətli soyqırımlarından biri də 1918-ci ilin mart-aprel aylarında törədilən amansız qətliamlardır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və erməni-daşnak quldur dəstələri azərbaycanlı dinc əhalini kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.
Etnik və dini mənsubiyyətinə görə, 30 mindən çox soydaşımızın ölümünə səbəb olan bu amansız terror aktlarında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdi. Faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə təkcə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənmişdir.
Kütləvi qırğınlar zamanı on minlərlə insan öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Vəhşi xislətlərinə sadiq qalan ermənilər soydaşlarımızın qətliamını həyata keçirməklə yanaşı, xalqımızın zəngin qədim tarixi-mədəniyyət abidələrini, dini ocaqlarını darmadağın etmiş, maddi sərvətlərini talançılıqla qəsb etmişlər.
Sovet hakimiyyəti dövründə bu ağır cinayət ört-basdır edilsə də, xalqımızın yaddaşında dərin iz salmış acı xatirələr, tarixi faktlar, soyqırımı törədilən ərazilərdəki çoxsaylı dəlillər erməni terrorizminin ifşa edilməsində mühüm rol oynamışdır.
Azərbaycanlı tədqiqatçılar ötən əsrin 90-cı illərindən etibarən mart soyqırımı ilə bağlı bir çox ərazilərdə, o cümlədən kütləvi qırğınların əsas ünvanlarından biri olan Şamaxıda araşdırmalar aparıblar. Tədqiqatlar nəticəsində təkcə Şamaxı şəhərində təqribən 14-16 min, 40 kənd və obada 6-8 min nəfərin qətlə yetirildiyi, Şamaxı qəzasından 18 min nəfərin didərgin düşdüyü müəyyənləşib.
Habelə Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu, 122 kəndin tamamilə dağıdıldığı, 2750-dən çox evin yandırıldığı öz təsdiqni tapıb. Qubada aşkarlanan kəllə və digər insan sümüklərindəki zərbələr isə insanların küt alətlərlə öldürüldüyünü sübut edir.
Azərbaycanın tarixi ərazisi olan İrəvanda azərbaycanlıların qətlə yetirilməsi də soyqırımın amansızlığına işarədir. Erməni silahlı dəstələri İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kənd olmaqla, ümumilikdə 198 kəndi yerlə-yeksan etmişlər.
Erməni terrorizmi haqqında o dövrdə yaşamış erməni tarixçilərin özlərinin fikirləri heyrət doğurur. Yervand Lalayan qeyd edirdi ki, azərbaycanlılara qarşı bu soyqırımı aktları dövlət siyasəti səviyyəsində hazırlanmış və Ermənistanda daşnak hökuməti “30 aylıq hakimiyyəti” dövründə (may 1918 - noyabr 1920) Azərbaycan əhalisinin 60 faizini qırmışdır. “Daşnaklar qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər”.
Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı mütəxəssis Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitabında qeyd edir ki, ermənilər təkcə Bakıda “Mart qırğını” zamanı iyirmi beş min azərbaycanlını qətlə yetirib.
Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman Bakı hadisələri barədə yazırdı ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etmirdilər.
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə siyasi-hüquqi qiymətin verilməsi və əsl həqiqətlərin dünya ictimai fikrinə çatdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu bəşəri cinayətlərə beynəlxalq siyasi qiymətin verilməsinin vacibliyinə toxunan Ulu Öndər bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşdüyünü xatırladırdı: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Ulu Öndər soyqırımı qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamış, sənədə əsasən, martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərman erməni terroru ilə bağlı yeni tədqiqatların üzə çıxarılmasında və çoxsaylı araşdırma əsərlərinin yazılmasına, əcnəbi dillərə tərcümə edilməsində mühüm rol oynamışdır. Toplanmış yeni faktlar və sənədlər ermənilərin vəhşi siması haqqında əlavə zəngin materialların dünya birliyinə təqdim edilməsinə səbəb olmuşdur. Quba şəhərində aşkarlanmış kütləvi məzarlıqlar isə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş olduğunu sübuta yetirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1918-ci il hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, gələcək nəsillərin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıb. Dövlət başçısının imzaladığı 30 dekabr 2009-cu il tarixli Sərəncama əsasən, Quba Soyqırımı Memorial Kompleksinin yaradılması qərara alınıb və ümumi sahəsi 3,5 hektar, 5 hissədən ibarət kompleksin 2013-cü il sentyabrın 18-də açılış mərasimi keçirilib.
Cənab Prezident Soyqırımı Memorial Kompleksinin açılışı zamanı bildirib ki, 1918-ci ildə erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər, 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. “Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”.
Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə dövlət başçısı tərəfindən 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanıb. Tədbirlər Planı çərçivəsində həmin il çoxsaylı aksiya və tədbirlər həyata keçirilib.
Ramid Namazov,
Milli Məclisin deputatı