02 aprel 2025 00:46
207

Fransa indi də “qara keşiş” rolunda

Bizdən uzaq  bu Avropa ölkəsinin inadla Ermənistanda yerləşməsinin səbəbi hər kəsə məlumdur. Yəni, Cənubi Afrikada nə üçün məskən salıbsa, bizim regionumuzda da həmin müstəmləkəçi məqsədinə çatmağa cəhd edir. Fransa Prezidenti  Emmanuel Makron 2020-ci ildən bu “sevda”ya düşüb və ölkəsinin Cənubi Qafqazda nüfuzlu mövqe tutması üçün dəridən-qabıqdan çıxır. Əvvəllər təzyiq və hədə-qorxu yolunu seçən Ermənistanın  “böyük bacısı” bir müddətdən sonra taktikasını dəyişmək məcburiyyətində qalıb. Hazırda burada zorakılığın, hərbi-siyasi təzyiqlərin  keçmədiyini anlayandan sonra diplomatik hiylələrə əl atır, nə yolla olursa-olsun əvvəl Ermənistanda möhkəmlənməyi, sonra isə oradan Azərbaycana qarşı pladstarm  kimi istifadə etməyi planlaşdırır. Rəsmi Parisin İrəvana silah-sursat, raketlər, zirehli texnika göndərməsi, Avropa İttifaqının “müşahidə missiyası” altında casuslar, kəşfiyyatçılar və hərbi mütəxəsislər dəstəsinin Azərbaycanla sərhədlərdə yerləşdirməsi bu planın tərkib hissələrindəndir. Ancaq  dediyimiz kimi, bunun da alınmadığını hiss edib “val”ı dəyişdirirlər.

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini bildirib ki, ölkəsi Hayastanın Sünik bölgəsində tammiqyaslı konsulluq deyil, yalnız konsulluq ofisi açmağa qərar verib. Onun sözlərinə görə, bu ofis fəxri konsul tərəfindən idarə olunacaq və Gorus şəhərində yerləşəcək. Halbuki Ermənistan kimi cırtdan bir ölkədə buna heç bir ehtiyac yoxdur. Ancaq səfir perspektivi görünməyən hansısa gələcək “bağlardan” danışıb. O, Gorus şəhərinin seçilməsi səbəbini belə əsaslandırıb: “Görus bir tərəfdən Sünikin kəsişmə nöqtəsidir, digər tərəfdən isə fransız dili ilə xüsusi bağlara malikdir. Əhalinin tərkibini nəzərə alsaq, bu, Ermənistanın ən çox fransızdilli şəhəri ola bilər”.

Sünik bölgəsi, yəni Azərbaycanın tarixi Zəngəzur torpaqları – hazırda Ermənistanla İran arasında quru bağlantısını təmin edir və Zəngəzur dəhlizi məsələsində strateji əhəmiyyət daşıyır. Fransanın məhz bu bölgədə, xüsusilə də Gorusda konsulluq ofisi açması xoş məram olmayıb iki qonşu dövlət arasında zərərli təbliğat  və siyasi xarakter daşıyır.

Azərbaycan baxımından bu təşəbbüs bir neçə məqamı ehtiva edir:

Fransanın Cənubi Qafqazda Ermənistan vasitəsilə yerləşmək istəyi – bu, xüsusilə Fransa-Ermənistan hərbi əməkdaşlığı fonunda narahatlıq doğurur.

Zəngəzur dəhlizi məsələsində qeyri-dost mövqe – Fransa bu bölgədə mövcudluq yaradaraq Azərbaycanın planlaşdırdığı regional nəqliyyat xəttinə dolayısı ilə təsir göstərmək istəyir. Fransanın diplomatik təşəbbüsləri Cənubi Qafqazda balanslı vasitəçilikdən çox Ermənistana birtərəfli dəstək kontekstində dəyərləndirilir. Bu plan təzə olmayıb 300 ildir davam etdirilir.

Qeyd etdiyimiz bu və ya digər faktlar aşkar göstərir ki, Fransa Azərbaycana qarşı əvvəldən səmimi olmadığı kimi, yenə də öz zorakı əməllərindən əl çəkmək niyyətində deyil. Makronun komandası xəbis niyyətinə çatmaq üçün təkcə Cənubi Qafqazda deyil, həm də Avropa ölkələrində və oradakı beynəlxalq təşkilatlatlarda Azərbaycanın əleyhinə “iş” aparır. Bəzən buna nail də olur. AŞPA-da, Avropa İttifaqında  və digər beynəlxalq təşkilatlarda apardığı qərəzli kampaniyalarla ölkəmizin mövqeyinin zəifləməsinə cəhd göstərir. Ancaq bütün bunlar keçici xarakter daşıyır. Çünki ölkəmizin tək-tük düşməninin qarşısında onlarla dostu durur. Amma Cənubi Qafqazda yeni reallıqlarla hesablaşmaq istəməyən müstəmləkəçi Fransa ölkəmizə qarşı zorakılığından əl çəkmək istəmir. Atdığı düşünülməmiş addımlar onu göstərir ki, korafəhim siyasətçi Emmanuel Makron hələ də 1990-cı illərin əvvəllərindəki zəif Azərbaycan eyforiyasından ayrıla bilmir. Bir fakt gətirək ki, o, Azərbaycanın güclənməsini və işğalçı Ermənistan üzərindəki möhtəşəm  Qələbəsini hələ də sinirə bilmir. Hegemonluq iddiası, siyasi hikkə Fransanın yekəxana başçısı Makronu kortəbii və sərsəm hərəkətlərə sövq edir. Rəsmi Parisin başbilənləri düşünə bilmirlər  ki, zorbalıq üzərində ədalətin zəfər çaldığı bir gün də var... O gün gec-tezi gələcək.  

Vəli İlyasov, “İki sahil”