Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonunun Sarıcalı kəndinə və Şuşa şəhərinə səfərləri çərçivəsində açılışında iştirak etdikləri, həmçinin görülən işlərlə tanış olduqları obyektlərin say tərkibi Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır
«İkinci Qarabağ müharibəsi təbii olaraq, tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq.» Dövlət başçısı İlham Əliyev martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında bir daha şanlı Qələbəmizi şərtləndirən amillərdən, yaratdığı reallıqlar fonunda hazırda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən geniş bəhs etdi. Bu mühüm məqam xüsusi vurğulandı ki, müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatlar keçirilmirdi, çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlanıldı və faktiki olaraq, düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın. Əks təqdirdə, bu bölgədə mühasirədə qalmış 10, bəlkə də 15 minlik Ermənistan ordusunun kontingenti tamamilə məhv ediləcəkdi: «Yəni, yenə də Azərbaycan dövləti humanistlik göstərdi o ünsürlərə ki, onlar buna layiq deyillər. Çünki bizə qarşı heç bir humanistlik göstərilməmişdi. Bizə qarşı soyqırımı törədilmişdi. Xalqımız böyük əzab-əziyyətlərə məruz qalmışdır. Bizim şəhərlərimiz viran qoyuldu, kəndlərimiz, şəhərlərimiz dağıdıldı. Körpələrimiz, qadınlarımız vəhşi düşmən tərəfindən qətlə yetirildi. Amma mən müharibə zamanı demişdim, biz qisasımızı döyüş meydanında alırıq və almışıq.»
Son dörd ildən artıqdır ki, azad edilmiş ərazilərimiz bərpa-quruculuq dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara hər səfərləri Böyük Qayıdış Proqramının uğurlu icrasına doğru atılan addımlarla zəngin olur. Bu qürurverici məqamı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimizdən sonra Prezident İlham Əliyev bayram, əlamətdar günlərdə azad edilmiş ərazilərə səfər edir, xalqımızı bu məkanlardan təbrik etməkdən böyük qürur hissi keçirir. Cənab İlham Əliyev Sarıcalı kəndinin sakinləri ilə görüşündə də qeyd etdi ki, bu yaxınlarda Novruz bayramını qeyd etmişik. Novruz bayramı ərəfəsində Ağdərə rayonunun Həsənriz kəndinin sakinləri ilə görüşüb, onlara evlərinin açarlarını təqdim etmişdim. Bu gün isə Ramazan bayramı ərəfəsində burada - Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşmək, əlbəttə ki, böyük xoşbəxtlikdir. «Mən işğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və biz sizi öz doğma torpağınıza qaytaracağıq» söyləyən dövlətimizin başçısı onu da əlavə etdi ki, bu gün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Ağdam şəhəri yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ölkə iqtisadiyyatının dayanıqlı inkişafının göstəricisidir. Dövlətimizin başçısının bu ərazilərə dəfələrlə etdiyi səfərlərə diqqət yetirdikdə yol tikintisinə xüsusi diqqət yetirildiyini, səfərdən sonra yeni yolların tikintisi ilə bağlı Sərəncam imzalandığını xüsusi qeyd etməliyik. Avtomobil yolu, dəmir yolu və hava limanının tikintisi prioritetdir. Ötən dörd ildən artıq dövrdə Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının isə bu il təhvil verilməsinin nəzərdə tutulması görülən işlərin sürəti, ən əsası ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır.
İşğaldan azad edilmiş ərazilərdə yeni dövlət idarəetmə modelinin tətbiqi ölkə miqyasında mühüm məsələdir. Artıq Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa, tikinti və idarəetmə xidməti göstərmək üçün müvafiq publik hüquqi şəxslər yaradılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye parkları, aqroparklar yaradılır. Hazırda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda «Araz Vadisi İqtisadi Zonası», Zəngilanda “Dost Aqropark”ı yaradılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm və yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı mühüm işlər görülüb, Şuşa, Ağdam və Kəlbəcərdə turizm obyektlərinin təməli qoyulub. Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq. Dövlət başçısı İlham Əliyev Sarıcalı kəndinin sakinləri ilə görüşündə də bu məsələyə xüsusi diqqət yönəltdi. Qeyd etdi ki, Ağdamın turizm imkanları nəzərə alınaraq iki mehmanxana artıq fəaliyyətə başlayıb və həm Ağdam, həm Füzuli, həm ətraf bölgələrə xidmət göstərəcək: «Bax, biz belə şəhər qururuq. Yadımdadır, işğaldan sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda mən demişdim, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq. Bütün bunlar öz gücümüzə həll olunan layihələrdir, məsələlərdir. Azərbaycan dövləti bu gün bu işləri görməyə qadirdir. Mən təkcə Ağdam rayonunda gedən işləri sadaladım. Amma əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir.»
30 illik işğal dövründə çətinlik şəraitində yaşayan soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri işlər görülür. Bunun üçün bu gün vətəndaşlarımızın qayıtdıqları ünvanlarda yaradılan şəraitə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev daim çıxışlarında vurğulayır ki, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar. Onların məşğulluğunun təmin edilməsi prioritet məsələlər sırasındadır.
Sosial xidmətin təminatı üçün bu ərazilərdə də “ASAN xidmət”, DOST mərkəzlərinin yaradılması qarşıda dayanan hədəflər sırasındadır. İlk “ASAN xidmət” Şuşa şəhərində tikilib. Növbəti mərkəz isə Füzulidə tikiləcək. Tarixi sahibinə qayıdan torpaqlarımız «ağıllı şəhər» və «ağıllı kənd» layihələri üzrə yenidən qurulur. Daim ilklərə imza atan Azərbaycan bu gün «ASAN xidmət», DOST layihələrinin davamı olaraq «ağıllı şəhər» və «ağıllı kənd» konsepsiyası ilə diqqətdədir. Cənab İlham Əliyev bu hədəfi də açıqlayır ki, gələcəkdə digər bölgələrimizdə də bu layihələr tətbiq edilə bilər.
Tarixi Zəfərimizdən ötən dörd ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin hamısını tam şəkildə qeyd etmək mümkün deyil. Çünki görülən işlərin miqyası olduqca genişdir. Bunun üçün təkcə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 27-də Ağdam rayonunun Sarıcalı kəndində, Şuşa şəhərində açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də Sarıcalı kəndidir. Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Sarıcalı kəndi 1873 nəfər əhali üçün planlaşdırılıb. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın, körpələr evi-uşaq bağçasının, tam orta məktəb binasının açılışında iştirak etdilər.
Kəndin girişində inşa edilmiş çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək. Bu isə öz növbəsində əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə imkan yaradacaq.
Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə də tanış oldular. Qeyd edildi ki, birinci mərhələ üzrə buraya 895 nəfərin, 203 ailənin köçürülməsi planlaşdırılır. Artıq 203 fərdi ev inşa olunub.
Arxada qalan hər gün bizi Böyük Qayıdış Proqramının icrasının vaxtından əvvəl başa çatdırılmasına yaxınlaşdırır. Azərbaycanın iqtisadi imkanları hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir. Bu gün Azərbaycan şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir. Ağdam və Zəngilan şəhərlərində Azərbaycan Milli Şəhərsalma forumlarının keçirilməsi də bunun bariz nümunəsidir. Tədbir üçün məhz bu şəhərlərin seçilməsi təsadüfi deyil. Zəngilanın Ağalı kəndi ilk “ağıllı kənd”, Ağdam şəhəri isə ilk «ağıllı şəhər» olacaq. Dövlətimizin başçısı İlham Əliyev həmin forumlarda bir daha diqqəti bu reallıqlara yönəltdi ki, biz sıfırdan yeni şəhər və kəndlər inşa edirik. Ona görə də burada müasir texnologiyalar tətbiq etməliyik ki, bununla da keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradaq. Onların bir hissəsi artıq qayıdıbdır.
2022-ci ildə birinci Şəhərsalma Forumu Ağdam şəhərində keçirildi. 2023-cü ildə isə Zəngilan şəhəri bu tədbirə ev sahibliyi etdi. Zəngilanın Ağalı “ağıllı kəndi”nə həyat qayıdıb. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, bütün regionlarımız, o cümlədən 4 ildən artıqdır ki, tarixi sahibinə qovuşan torpaqlarımız yeni inkişaf dövrünü yaşayır. Dövlətimizin başçısı hər bir yeni təcrübənin ölkəmizə gətirilməsini və tətbiqini qarşıya mühüm vəzifə kimi qoyub. Qalib, bütövləşən Azərbaycana hansı sahədən diqqət yetirsək yeni texnologiyaların tətbiqi şəraitində davamlı uğurları görərik. Azərbaycan bu gün təkmil dirçəliş modeli, eyni zamanda, müasir şəhərsalma təcrübəsi ilə dünyanın diqqətindədir. Müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsinə həsr edilən, fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icmaları bir araya gətirən forumlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ev sahibliyi özündə bütün məqamları ehtiva edir. Azərbaycan yenilikçi ölkə kimi qazandığı mövqeyə daim yeni əlavələr edir.
Dövlət başçısı İlham Əliyev Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşüb onlara evlərin açarlarını təqdim edilməsi mərasimindəki çıxışında bir daha bildirdi ki, işğal dövründə şəhər tamamilə söküldü, yerlə-yeksan edildi və Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Yəni, bu, misli görünməmiş vəhşilikdir. Erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir. Ağdamı yenidən qurulur. İndi genişmiqyaslı quruculuq işləri aparılır. İşğaldan sonrakı dövrdə bir çox önəmli infrastruktur obyekti istifadəyə verilib. Ağdam-Bərdə yolu yenidən quruldu. Ağdam-Xankəndi yolu inşa edilir. Dəmir yolu çəkilir. Bu il istifadəyə verilməsi nəzərdə tutulur. Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir. Birinci bərpa olunan bina Ağdam məscidi olmuşdur. Muğam Mərkəzi inşa edilir. “İmarət” Kompleksi, Natəvanın qəbri bərpa olundu. Xaçınçay su anbarı yenidən quruldu. Məktəb binası, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir.
Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Ağdamla bərabər, Laçın və Kəlbəcər rayonları da geri qaytarıldı. «Biz onsuz da bu torpaqları azad edəcəkdik, ancaq müharibə davam etsəydi, çoxlu itkilər olacaqdı» söyləyən cənab İlham Əliyev bildirdi ki, ona görə müharibəni vaxtında dayandırdıq, ancaq öz siyasətimizdən bir addım geri atmadıq. Ondan üç il sonra tam nəzarəti ələ götürdük, suverenliyi, ərazi bütövlüyümüzü bərpa etdik və bu gün separatizmin kökü kəsildi. Bu gün burada insanlar rahat yaşayacaqlar. Ermənistan 30 il ərzində hər vəchlə çalışırdı ki, bir santimetr torpaq da bizə qaytarılmasın. Onun arxasında duran xarici qüvvələr də onlarla həmrəy idi. Amma onlar bir şeyi nəzərə almamışdılar, o da Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və Ordumuzun qəhrəmanlığıdır.
Bərpa-quruculuq işləri davam edəcək. Sarıcalı kəndinin birinci mərhələsinin inşası başa çatdı. Burada hazırda 200-dən çox ev var. Amma ikinci mərhələ başa çatandan sonra təqribən evlərin sayı 400-ə çatacaq. Yaşamaq üçün bütün şərait var. Bu torpaqlara qayıdan sakinləri işlə təmin etmək üçün lazımi addımlar atılır. Dövlət başçısı İlham Əliyev bu çağırışı etdi ki, kənd təsərrüfatı da sahibkarlar tərəfindən inkişaf etdirilməlidir.
Bugünümüzün reallığı belədir ki, hazırda azad edilmiş ərazilərdə 40 mindən çox insan yaşayır və çalışır. İlin sonuna qədər təqribən 30 min, 40 min sakinin qayıdışı nəzərdə tutulur: «İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız.»
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də azad edilmiş ərazilərə səfərləri çərçivəsində Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak etdilər. İaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış oldular.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin müasir səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Şuşada bu cür tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Şuşa Müalicə Sağlamlıq-Mərkəzi şəhərdə yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihələrindən biridir.
Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, Böyük Qayıdış Proqramı uğurla icra edilir. Birinci mərhələnin başa çatacağı 2026-cı ilədək bu torpaqlara qayıdacaq sakinlərin sayının 140 min nəzərdə tutulması təbii ki, görülən bərpa-quruculuq işlərinin sürətinə, qayıdış ünvanlarının sayının günbəgün artmasına əsaslanır. Dörd ildən artıq dövrdə beş şəhərin- Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayıl şəhərlərinin və 6 kəndin- Ağalı, Talış, Sus, Zabux, Həsənriz və Sarıcalı kəndlərinin sakinlərinə qovuşması qarşıdakı dövrün mənzərəsini təqdim edir. Görülən işlər Azərbaycan xalqının necə qurucu xalq olduğunu nümayiş etdirir. Bu torpaqların sahibi olaraq Azərbaycan bütün işləri öz daxili imkanları hesabına həyata keçirir. Böyük Qayıdışla bağlı qəbul edilən Dövlət Proqramına uyğun ilk olaraq vacib sosial obyektlərin açılması göstərir ki, Azərbaycan xalqı öz soy-köklərinə və doğma torpaqlarına bağlıdır. Cənab İlham Əliyevin bu rayonlara hər bir səfəri xeyli sayda kəndlərin təməlqoyma mərasimlərinin, eyni zamanda, bərpadan sonra sakinlərini qarşılaması ilə diqqətdə olur.
Yeganə Əliyeva, «İki sahil»