Bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində dünyanın qloballaşan düzəninin formalaşmasına daha çox ehtiyac duyulduğunu «İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır» sözləri ilə ifadə edən Prezident İlham Əliyev Qərbin, o cümlədən Avropa təsisatlarının Cənubi Qafqaz siyasətini bölgədə sülhə təhdid adlandırıb. Eyni zamanda Ermənistanda gedən silahlanma prosesinin daha çox rəsmi İrəvan üçün təhlükəli seçim olduğunu diqqətə çatdırıb.
Dövlət başçımız, eyni zamanda, «Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək» sözləri ilə Ermənistanı və havadarlarını mənfur niyyətlərindən əl çəkməyə çağırıb. Artıq bütün dünya ictimaiyyəti kimi, rəsmi İrəvanı yeni müharibəyə təhrik edənlər də bilirlər ki, Azərbaycan bölgədə davamlı sülhün təminatı üçün bütün imkanlardan istifadə edir. Ermənistanla sülh sazişinin imzalanması üçün ən incə məqamlara belə diqqətlə yanaşır, müqavilənin beynəlxalq hüquq normaları əsasında formalaşmasına tərəfdar olduğunu bildirir.
Martın 13-dən 15-nədək Bakıda, «Gülüstan»” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə «Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi»” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu dünya ictimaiyyətini sülhə, sabitliyə çağırış platforması olmaqla dövlətlərin öz müqəddəratlarını təyinetmə hüquqlarına bu gün daha çox ehtiyac duyulduğu diqqətə çatdırıldı.
Torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycan 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri ilə gələcək taleyini müəyyənləşdirdi. Suverenliyini və ərazi bütövlüyünü tam təmin etməklə Ermənistana və havadarları olan Qərbə, xüsusilə Fransa Prezidenti Emmanuel Makrona xəbərdarlıq edən siyasi, iqtisadi qüdrəti, beynəlxalq aləmdə möhkəmlənən nüfuzu ilə fərqlənən Azərbaycan qalib tərəf olaraq bildirdi ki, rəsmi Bakı ilə təhdid dili ilə danışmaq olmaz.
«Bunun da müxtəlif səbəbləri ola bilər. Lakin onlardan biri ondan ibarətdir ki, onlar bizə öz iradəsini yeridə bilmədilər. Onlar suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər. Onlar o faktla razılaşa bilmirdilər ki, burada, Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman «bəli, cənab”» deməyən ölkə var. Əfsuslar olsun ki, Fransa hökuməti hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, daha uzağa getdi. COP29-da iştirak etmiş dünya liderlərindən etibarlı informasiyamız var və onlar bizə bu haqda məlumat verdilər. Hətta gəlməyən rəhbərlər mesaj göndərdilər ki, şəxsən Fransa prezidenti COP29-a qarşı kampaniya aparırdı» sözləri Prezident İlham Əliyevin qətiyyətinin ifadəsi idi.
Beynəlxalq təcrübə də subut edir ki, qərəzli, məkrli siyasət heç kəsə başucalığı gətirmir. COP29-u boykot edən yeganə ölkə Ermənistandan fərqli olaraq ən qüdrətli ölkələr Azərbaycanın yaşıl enerji siyasətini dəstəkləməklə ölkəmizdən dünya ictimaiyyətinə yönəlmiş çağırışlara tərəfdar oldular. Ötənlərdən nəticə çıxarmağın, gələcəyə nəzər salmağın, Cənubi Qafqazda sülhə nail olmağın vaxtının çatdığını diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın davamlı və etibarılı, ləyaqətli sülh mübarizəsinin ədalət, beynəlxalq hüquq normalarına əsaslandığını bildirib. Artıq bütün dünya ictimaiyyəti aydın görür ki, ABŞ-la münasibətlərində sərinlik hiss olunan Qərb güclü hərbi potensial qurmaq üçün bu gün öz siyasətini dəyişməyə məcburdur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi digər ölkələri öz resurslarını hərbi potensialına və infrastrukturunun qurulmasına vadar edir. Qlobal proseslərin , güc amilinin «ünvanının» tez-tez dəyişildiyi indiki məqamda ərazi bütövlüyünün və suverenliyinin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq hüquqa sadiqlik nümunəsidir. Bu gün bəzi Avropa bürokratları Ermənistanı «sülh göyərçini» kimi təqdim etməyə çalışırlar. Lakin onlar həmin hökumətin keçmişdə Azərbaycan xalqına qarşı etdikləri cinayətləri yaddan çıxarırlar. Unudurlar ki, İkinci Qarabağ müharibəsində erməni silahlıları hərbi əməliyyatlardan xeyli uzaqda yerləşən şəhərlərimizi, kəndlərimizi atəşə tutur, günahsız insanları qətlə yetirirdilər.
Çox təəssüf ki, beynəlxalq aləmdə baş verən hadisələrdən hələ də nəticə çıxarmayan, dəyişən dünyanın nizamında öz yerini tarazlaya bilməyən Ermənistan bir dövlət kimi varlığını təsdiqləyə bilmir. Xarici siyasəti başqaları tərəfindən idarə olunan Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya-Qərb- ABŞ üçlüyü arasında məkrli gedişlər edərək özünü Azərbaycanla sülh sazişinin imzalanmasına tərəfdar kimi göstərməyə çalışır. Hətta beynəlxalq aləmə car çəkir ki, Ermənistan sazişin tələblərini yerinə yetirməyə hazırdır. Amma son günlərdə Azərbaycanın hərbi mövqelərini atəşə tutmaqdan da çəkinmir. Həmişə olduğu kimi, sülh sazişinin imzalanmasını dəstəklədiyi görüntüsü yaradan Ermənistan sülhə atəş açmaq vərdişini davam etdirir. Yenə də vaxt uzatmağa çalışır. Amma rəsmi İrəvan unudur ki, dünya düzəninin saatı erməni vaxtı ilə tərs mütənasibdir. Böyük güclər «siyasətin saatını» öz istədikləri formada tənzimləyir, harada nəyin baş verəcəyini güc amili ilə dəqiqləşdirirlər.
Prezident İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində «Euronews»” televiziyasına müsahibəsində siyasi iradəsinə əsaslanaraq bildirdi ki, beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. superguclər qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər. Bu proses sürətlə davam edir. Dövlət başçımızın «Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var» sözləri Ermənistana xəbərdarlıqdır.
Qlobal hadisələrin axarında yerini möhkəmləndirmək istəyən ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verirlər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar öz zəifliyini bəlli etdirir. Bəziləri isə Ermənistan kimi tamamilə iflic vəziyyətindədir. Heç bir xarici ölkədən, beynəlxalq təsisatdan asılı olmayan Azərbaycan qlobal transformasiyanın ilkin mərhələsində olsa da dünya birliyində öz yerini möhkəmləndirib.
Bəllidir ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və supergüclərin siyasi rəqabət bölgəsi olub. Hazırda nisbətən sabitlik yaransa da növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaradılmalıdır. Ən əsası odur ki, hər kəs dünya siyasətinin şahmat taxtasında dəyişilən daşların yerinə düzgün oturdulmasından faydalanmalı, qlobal nizamdan düzgün nəticə çıxarılmalıdır. Bu gedişatdan ən çox nəticə çıxarmalı olan ölkələr sırasında Ermənistanın da adı var. Başqalarının yardımına göz dikən, kimdənsə asılı olan bu toplumun varlığına heç bir zəmanət yoxdur,
«Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləsi imzalanmayıb. Qərbin, makronların əlində oyuncaq, vasitə olan Ermənistan artıq növbəti sığınacaq, dilənəcək məkan axtarır. Amma Azərbaycan xalqının müdrik kəlamında qeyd olunduğu kimi, quyuya su tökməklə quyu dolmaz. Hələ də Qərbdə «dayı», «bacı» axtarışında olan Ermənistan üçün ən etibarlı dayaq elə qonşuları Azərbaycan və Türkiyədir. Ermənistan onu da unutmamalıdır ki, hər gün bir budağa qonan quşun yuvası olmaz. Artıq Nikol Paşinyanın hadisələri ayıq başla təhlil edib düşünməsinin vaxtıdır. Sonra gec olacaq. Azərbaycan əsgərinin səbrinin sınağa çəkilməsinin nə ilə nəticələnəcəiyini Ermənistan unutmasın.
Xuraman İsmayılqızı, «İki sahil»