16 mart 2025 20:51
99

Rubio Ukrayna ilə bağlı ABŞ-Rusiya təmaslarını perspektivli adlandırıb

ABŞ-ın Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması üzrə Rusiya ilə təmasları, o cümlədən Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında görüş ümidvericidir və tərəflər çox güman ki, yaxın vaxtlarda nəticələrini açıqlaya biləcəklər.

İki sahil”in məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

O, “CBS News”a müsahibəsində məsələ ilə bağlı sualı cavablandırarkən, "Düşünürəm ki, bu, ümidverici görüş idi" deyib: "Ümid edirəm ki, biz kifayət qədər tezliklə bəyanat verə bilərik. Buna zəmanət verə bilmərəm, amma bu, əlbəttə ki, ümidverici görüş idi".

ABŞ dövlət katibi qeyd edib ki, Amerika hakimiyyətinin sülh yolu ilə nizamlanma planı iki mərhələni nəzərdə tutur. “A Planı atəşkəs əldə etməkdir ki, biz B Planına və ya İkinci Fazaya keçə bilək, bu, bütün tərəfləri danışıqlara, bəlkə də məkik diplomatiyası vasitəsilə cəlb etmək və bu müharibəni dayandırmaq üçün davamlı və bütün tərəflərin ehtiyaclarını nəzərə alan bir yol işləyib hazırlamaqdır”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”