15 mart 2025 11:11
116

ECB prezidenti: Trampın siyasəti narahatlıq doğurur

“Əgər ticarətin əhəmiyyətli dərəcədə azalacağı real ticarət müharibəsinə girsək, bunun ciddi nəticələri olacaq”.

İki sahil” xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard BBC telekanalına müsahibəsində deyib.

O, ABŞ prezidenti Donald Trampın aqressiv tarif siyasətinin narahatlıq doğurduğunu söyləyib.

Laqard, qərarların sadəcə xatırlanmasının belə uzun müddətdir görünməyən bir qeyri-müəyyənlik səviyyəsinə səbəb olduğunu və bu səbəbdən ECB-nin son dərəcə diqqətli olduğunu və nəticələri qiymətləndirməyə çalışdığını söyləyib.

Ticarət müharibəsində bəzi ölkələrin digərlərindən daha çox zərər görəcəyinə diqqət çəkən Laqard, qlobal böyümə və qiymət sabitliyinin mənfi təsirlənəcəyi xəbərdarlığını edib.

ECB sədri, Brüsselin tarif mübahisəsində ABŞ-dan qisas almaqdan başqa çarəsinin olmadığını söyləyib.

ABŞ-ın yeni administrasiyasının siyasətləri və tariflərlə bağlı fikir ayrılığının Avropanın daha böyük birliyinə yeni təkan verdiyini bildirən Laqard, "Bunun indi nəyə səbəb olduğunu bilirsinizmi? Avropanın enerjisini oyandırır. Bu, Avropa üçün böyük bir oyanış çağırışıdır", söyləyib.

Trampın, “Avropa İttifaqı (Aİ) ABŞ-ı məhv etmək üçün təsis edilib”, - fikirlərini təkzib edən Kristin Laqard, əlavə edib ki, Aİ Avropada sabitlik istəyən ABŞ-ın təşviqi ilə yaradılıb: "Avropanın ABŞ-ı məhv etmək üçün yaradıldığını iddia etmək təkcə pis söz deyil, həm də tarixdən sui-istifadədir".

Məhərrəm Ağalaroğlu, “İki sahil”