Ölkənin davamlı inkişafı üçün hərtərəfli islahatların mühüm istiqamətlərindən biri də qeyri-neft məhsulları ixracının artırılması, yeni bazarlara çıxışının təmin olunmasıdır. Strateji Yol Xəritəsində hədəf kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılmasının əsasında da qeyri-neft sektorunun, qeyri-neft sənayesinin azı üç dəfədən çox arması durur.
Bunun üçün ölkə iqtisadiyyatı güclü və rəqabətqabiliyyətli qeyri-neft sektoruna malik olmalıdır. Bununla yanaşı, qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, dövlət dəstəyi mexanizmləri həyata keçirilir, sənaye parkları yaradılır, inzibati prosedurlar sadələşdirilir. Görülən işlərin nəticəsidir ki, yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin sayı artır, yerli tələbat ödənilməklə ixrac potensialı gücləndirilir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına 51 logistik mərkəzin, 23 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatının, 10 süd emalı, digər istehsal müəssisələrinin yaradılması, son illərdə istixanaların ərazisinin dəfələrlə genişləndirilməsi aqrar sektorda ixracın artırılmasına böyük töhfə verir.
Sənaye parklarında və zonalarında müasir müəssisələrin fəaliyyətə başlaması, indiyədək verilmiş 130 investisiya təşviqi sənədi üzrə 1,2 milyard manatlıq investisiya qoyuluşunun nəzərdə tutulması, hazırda 24 rayon üzrə 142,5 min hektar ərazidə 32 aqroparkın, o cümlədən 12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması və digər işlər yaxın illərdə qeyri-neft sektorunda istehsal və ixrac potensialını daha da artıracaq. Eyni zamanda, istehsalın dəstəklənməsi və ixrac potensialının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan 84 məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib. Bu qərar özünütəminetmə səviyyəsi yüksək olan məhsullar üzrə yerli istehsala böyük dəstəkdir. Belə ki, cari ilin ilk rübündə ümumi idxal 17 faiz, qeyri-neft idxalı isə 20 faiz azalıb. Spesifik rüsumlar tətbiq edilən məhsullardan sement və klinker idxalı 92 faiz, kafel-metlax idxalı 55 faiz, alçipan idxalı 49 faiz, fındıq idxalı 58 faiz, pomidor idxalı 49 faiz, armud idxalı 37 faiz, alma idxalı 33 faiz azalıb, ərzaqlıq yumurta və soğan idxalı isə demək olar ki, dayanıb. Gələcəkdə bu siyahıya əlavə məhsullar da daxil ediləcək.
“Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti”nə, “Made in Azerbaijan” brendinin təşviqinə, yerli şirkətlərin xaricdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramlarına çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları”nın tətbiqi ilə ixrac imkanlarının artması məhsul istehsalının həcmində də özünü büruzə verir. Aparılan danışıqların nəticəsi olaraq Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib. Çin Xalq Respublikasına səfər çərçivəsində beynəlxalq şərabçılıq sərgisində yerli şərab məhsullarımızdan biri qızıl medala layiq görülüb və 500 min şüşə şərabın Çinə ixracına dair imzalanmış müqavilənin icrasına başlanılıb. Dubaya ixrac missiyası çərçivəsində nar şirəsi, alma və balın ixracına dair razılaşmalar əldə edilib. 18 şirkətin iştirakı ilə Almaniyaya təşkil edilən ixrac missiyası çərçivəsində bu ölkəyə çay və narın ixracı ilə bağlı ilkin razılaşma əldə edilib, nar şirəsinin İsveçə ixracı ilə bağlı isə müqavilə imzalanıb. Pakistan və Əfqanıstana isə quru süd və süd məhsulları, nar şirəsi, qənnadı məhsulları, mebel, boru, metal konstruksiyaları və digər tikinti materiallarının ixracı üzrə razılıqlar əldə olunub. Qətərə isə ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsullar ixrac olunacaq.
Belarusun Azərbaycanda bir neçə mağazaları fəaliyyət göstərir. Dost ölkədə Ticarət Evinin yaradılması ilə Azərbaycan brendi ilə tanınan yerli məhsullarımızın Belarusa ixracı əlaqələri daha da genişləndirəcək. Eyni zamanda, Ukraynada bununla bağlı işlər aparılmaqla yanaşı, məhsullarımızın ixrac potensialı olan digər ölkələrdə də ticarət evlərinin yaradılması nəzərdən keçirilir. Görülən tədbirlər nəticəsində tərəvəz ixracı 45 faiz, meyvə ixracı 20 faiz, pambıq ixracı 3,6 dəfə, süd məhsulları ixracı 3,6 dəfə, spirtli və spirtsiz içki ixracı 2,3 dəfə, emal olunmuş meyvə-tərəvəz məhsulları ixracı isə 39 faiz artıb. Sənaye sahəsində isə kimya sənayesi məhsulları 85 faiz, toxuculuq məmulatları 65 faiz, alüminium və ondan alınan məmulatlar 43 faiz, plastiklər 33 faiz, avadanlıqlar, mexaniki qurğular və hissələri 2,1 dəfə çoxalıb. Rusiyada, Ukraynada, Qazaxıstanda belə evlərin yaradılması ilə ölkəmizə maraq artacaq, ixracatçılar üçün yeni imkanlar yaranacaq. Körfəz ölkələrində Azərbaycan məhsullarına böyük maraq göstərilir. İstehlak bazarı kifayət qədər böyük olan bu ölkələrdə xüsusilə fermerlərimizin yetişdirdikləri kənd təsərrüfatı məhsullarına tələbat da, ehtiyac da artır. “Onlar bizdə istehsal edilən və ixrac olunan malların bir çoxunu xaricdən, başqa ölkələrdən gətirirlər, idxal edirlər. Ona görə, biz bu bazarlara fəal girməliyik. Bunun üçün də Körfəz ölkələrində mütləq ticarət evləri yaradılmalıdır. İxrac missiyalarımız artıq öz səmərəsini göstərir. Sahibkarlar aparıcı beynəlxalq sərgilərdə iştirak edir. İxrac məsələlərini mütəşəkkil qaydada, kompleks şəkildə həll etməliyik” söyləyən Prezident İlham Əliyev bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin aktuallaşdırılmasını tövsiyə edir.
Bu sahədə yeni əlaqə vasitəsi olan “Azexport” portalının yaradılması, Azərbaycanda istehsal olunan məhsullar barədə ətraflı məlumatların xarici investorlara çatdırılması yeni metod kimi sərfəlidir. Nəticə olaraq “Made in Azerbaijan” brendi dünyada tanınır və şöhrət qazanır. “Biz, eyni zamanda, böyük dövlət şirkətlərini və özəl şirkətləri də bu işə cəlb etməliyik ki, onlar da fəaliyyət göstərdikləri ölkələrdə bu brendi təbliğ etsinlər. Xüsusilə burada dövlət qurumlarından söhbət gedir. O şirkətlər ki, onların xaricdə geniş fəaliyyət dairəsi var, ilk növbədə, Dövlət Neft Şirkəti - SOCAR, Azərbaycan Hava Yolları - AZAL, “Azərbaycan Dəmir Yolları” QSC və digər böyük dövlət şirkətlərimiz xarici tərəfdaşlarla təmasdadırlar, xarici ölkələrdə fəaliyyət göstərirlər” söyləyən Prezident İlham Əliyev bildirir ki, reklamın ticarətin ayrılmaz hissəsi olması nəzərdə saxlanılmalıdır. Hazırda xarici bazarlar uğrunda mübarizə genişlənir, ticarət imkanları, ixracın şaxələndirilməsi məsələləri nəzərdən keçirilir, ənənəvi bazarlarda mövqelər möhkəmləndirilir. Xarici bazarlarda yerli məhsullarımızın artırılmasında ölkədən kənarda yaşayan soydaşlarımızın iştirakını önə çəkən Prezident İlham Əliyev onların biznes imkanlarının genişləndirilməsini də tövsiyə edir.
“Mən onları da bu işlərə dəvət edirəm, onların da böyük ticarət şəbəkələri var. Onlar dünyanın müxtəlif yerlərindən məhsul idxal edirlər. Xüsusilə nəzərə alsaq ki, indi bizim imkanlarımız genişlənir, daha çox Azərbaycandan idxal etsinlər” söyləyən Prezident İlham Əliyev yeni ixrac istiqaməti kimi Müdafiə Sənayesi Nazirliyinin strukturlarında istehsal olunan hərbi təyinatlı məhsulların xarici bazarlara çıxarılmasını da ixracda qazanılan uğur kimi dəyərləndirir:. “Bu da hərbi texnikanın ixracıdır. Bu da yenilikdir. On il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi ki, Azərbaycan silah, texnika ilə nəinki öz tələbatını özü təmin edəcək, eyni zamanda, bunu ixrac edəcək...Bu gün nəinki biz ordumuzun əsas tələbatını özümüz ödəyirik, biz ixrac da edirik. Biz beynəlxalq sərgilərdə iştirak etmişik. Bax, bu, bir daha göstərir ki, sərgilərdə iştirak etmək nə qədər əhəmiyyətlidir.”
İxrac əməliyyatlarında kənd təsərrüfatı məhsullarının böyük payı, əvəzolunmaz yeri, rolu vardır. Buna görə də Azərbaycanda aqrar sahəyə dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Bunun nəticəsidir ki, yaddan çıxan, tənəzzülə uğrayan pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük kimi bəzi sahələrdə canlanma hiss olunur. Ötən il ölkədə fındıq istehsalı 34,3 min ton olub. 55,1 min hektar bağ sahələrində məhsuldarlıq orta hesabla hər hektara 1 ton düşür. İstehsalçılar 25 minə yaxın ev təsərrüfatını və 22 fındıq emal müəssisəsini əhatə edir. Ötən il Azərbaycanda 70,7 ton yaş barama, 8,3 ton xam ipək istehsal olunub. Bu ilin sentyabrından ipək xalçalar üçün ipliyin istehsalına başlanacaq.
“Biz təşviq sistemini tətbiq etməyə başladıq. Mən əvvəlki illərdə də bu barədə demişdim. Çünki bir neçə ölkədə təşviq sistemi özünü doğrultmuş və ixracın sürətli artımına gətirib çıxarmışdır. Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq. Hər iki mexanizm işə salınıb və artıq uğurla icra edilir” sözləri ilə daha böyük islahatların aparılacağını bildirən dövlət başçımız xarici bazarlarda Azərbaycan brendi ilə tanınan mallara tələbatın artacağını əminliklə söyləyir.
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır