12 mart 2025 12:54
104

Azərbaycan-Şimali Makedoniya münasibətləri: qarşılıqlı siyasi etimad, fəal dialoq və çoxşaxəli əməkdaşlıqda yeni mərhələ

Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlərin qurulmasından ötən müddət ərzində tərəflər müxtəlif istiqamətlərdə əməkdaşlığın möhkəmləndirilməsinə önəm vermişdir. Bu əlaqələr qarşılıqlı hörmətə və tərəfdaşlığa əsaslanır və son dövrlərdə yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi ilə müşahidə olunur.

Martın 11-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova arasında Bakıda baş tutan görüş ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Dövlətimizin başçısının vurğuladığı kimi, ölkələr arasında siyasi dialoq dinamik xarakter alır. Qısa müddət ərzində dövlət başçıları arasında ikinci görüşün baş tutması əməkdaşlığın möhkəmləndiyini əyani şəkildə göstərir.

Azərbaycan bu münasibətlərin yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi və humanitar sahələrdə dərinləşdirilməsini vacib hesab edir. Cənab İlham Əliyev çıxışı zamanı bu rəsmi səfərdən və nümayəndə heyətlərinin təmaslarından sonra ticari-iqtisadi sahədə əməkdaşlığın yeni imkanlar yaradacağına ümid etdiyini ifadə etmişdir.

İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün müvafiq müqavilələr mövcuddur. 2013-cü ildə imzalanmış “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” və “Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” sazişlər bu sahədə hüquqi baza yaradır.

Hazırda Azərbaycanda qeydiyyatda olan Şimali Makedoniya kapitallı 5 kommersiya qurumundan 3-ü aktiv fəaliyyət göstərir. Bu, iqtisadi əlaqələrin ilkin mərhələdə olduğunu göstərsə də, gələcəkdə qarşılıqlı sərmayələrin artacağı gözlənilir. Azərbaycan tərəfi bu sahədə yeni təşəbbüslərin irəli sürülməsini, sərmayə qoyuluşu imkanlarının araşdırılmasını və ticari dövriyyənin artırılmasını zəruri hesab edir.

İkitərəfli münasibətlərdə son aylarda diqqətçəkən mühüm irəliləyiş enerji sahəsində əməkdaşlığın başlanmasıdır. Azərbaycan qazının artıq Şimali Makedoniya bazarına çatdırılması bu əməkdaşlığın konkret nəticəsidir. Bu, Azərbaycanın enerji ixrac coğrafiyasının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Qeyd edilməlidir ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu, regional enerji təhlükəsizliyində dövlətimizin rolunu daha da gücləndirir.

Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bu istiqamətdə irəliyə doğru atılmış mühüm addım olmuşdur. Azərbaycan qazının bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyində oynadığı rol fonunda Şimali Makedoniya ilə əməkdaşlıq da xüsusi önəm daşıyır.

Siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə əlaqələrin möhkəmləndirilməsi də dövlətlərarası münasibətlərdə mühüm yer tutur. Prezident İlham Əliyev bu istiqamətdə qarşılıqlı mədəni əlaqələrin genişlənməsini müsbət dəyərləndirmişdir. Şimali Makedoniya Prezidentinin Bakı səfəri zamanı mədəni tədbirlərdə iştirakı xalqlar arasında daha yaxın münasibətlərin formalaşmasına töhfədir.

Azərbaycan və Şimali Makedoniya arasındakı münasibətlər siyasi etimadın möhkəmlənməsi, enerji sahəsində strateji tərəfdaşlıq və humanitar müstəvidə artan əməkdaşlıq fonunda inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səyləri bu münasibətlərin daha da dərinləşməsinə zəmin yaradır. Gələcək dövrdə iqtisadi və investisiya əlaqələrinin genişlənməsi bu əməkdaşlığın daha çox sahəni əhatə etməsinə imkan yaradacaqdır.

Heydər Əsədov,
​Milli Məclisin deputatı