11 mart 2025 02:58
87

Qərbin Cənubi Qafqaz siyasəti Ermənistanı iflasa sürükləyir

Qərbin Azərbaycana münasibətdə ikili standartlar siyasəti nümayiş etdirməsi aşkar və inkaredilməzdir. Bu yanaşmanın rəsmi Bakı üçün qəbuledilməzliyi isə Azərbaycan hakimiyyəti tərəfindən beynəlxalq səviyyələrdə dəfələrlə bəyan edilib. Aydındır ki, Avropada Azərbaycanın nüfuzuna zərər vurmaqda maraqlı olan müəyyən qüvvələr mövcuddur. Məhz bu qüvvələr böyük təsir qüvvəsinə malik erməni lobbisini və himayəsi altında olduqları korrupsioner Qərb siyasətçilərini təmsil edirlər. Müsəlman ölkəsinin inkişafını istəməyən faşizm, rasizm, antisemitizm, islamofobiya və ksenofobiya tərəfdarlarının Azərbaycana qarşı «soyuq müharibə»sinin hələ də davam etməsi, Qərbin yaratdığı «beşinci kolon»dan yararlanması təbii ki, xeyixahılqdan qaynaqlanmır. Qərbin islamofoya mərəzi müsəlman ölkələrinin beynəlxalq təşkatlarda təmsilçiliklə bağlı münasibətlərində də özünü büruzə verir. Bu məsələ ilə bağlı ölkəmizə qarşı yanaşma da fərqli deyil. Əvvəllər ölkəmizin beynəlxalq təşkilatlarda təmsilçiliyi ilə bağlı fikirlər fərqli olsa da ən etibarlı seçimi uzaqgörən siyasəti ilə Prezident İlham Əliyev müəyyənləşdirmişdir. «Azərbaycan Avropa qurumlarına nə dərəcədə inteqrasiya etməlidir? İnteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və hesab edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır. Əslində, bu barədə biz artıq önəmli addımlar atmışıq. Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmamışdır. Ona görə ki, bu saziş bizim maraqlarımıza uyğun gəlmir. Orada, sadəcə olaraq, bir mexanizm təklif olunurdu ki, bu, ikitərəfli əməkdaşlıqdan çox birtərəfli əməkdaşlığa bənzəyirdi və elə bil ki, o saziş bir göstəriş vərəqəsi idi. Bizə isə bu, əlbəttə ki, yaramır. Çünki Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk» sözləri ilə xarici siyasətimizin istiqamətlərini dəqiq konturlar əsasında təkmilləşdirən dövlət başçımız bu sahədə də xalqımıza bələdçi oldu. İllər keçsə də Prezident İlham Əliyevin bu sözləri həyatda təsdiqləndi.
Dövlətimizin başçı əlavə olaraq vuruğlamışdı ki, hansısa təşkilata inteqrasiya bizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? Bu sualı «İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi. Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurası olmadan da yaxşı yaşaya bilərik, yaşamışıq da» sözləri ilə cavablandıran Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi, sınanmış daxili və xarici siyasətinə sadiqliyini də bəyan etdi.

Azərbaycana qarşı qərəzli yanaşmalar əvvəllər olduğu kimi, bu gün də davam etməkdədir. Xalqımız Birinci Avropa Oyunlarının başlandığı gün Almaniya Bundestaqında Azərbaycan əleyhinə çıxarılan qətnaməni unutmayıb. Bundestaqdan sonra, Oyunların gedişi zamanı Avropa Şurası Parlament Assambleyası (AŞPA) anti-Azərbaycan qətnaməsi qəbul etmişdi. Özlərini mütləqi-hakim hesab edən Avropa təsisatları ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində Azərbaycan əleyhinə qərarlar, qətnamələr qəbul etməyi adi hala çevirmişdilər. Həyat Prezident İlham Əliyevin uzaqgörən siyasətini təsdiqlədi. Avropa Şurasının Azərbaycana münasibətinin pərdəarxası ssenarisi özünü göstərdi. Erməni lobbisinin əlində oyuncaq olan, korrupsiyalaşmış AŞPA-nın ötən il Azərbaycan nümayəndə heyətinin 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qəbul etdiyi qətnamə ölkəmizə qarşı ikili standartların növbəti cızmaqarası idi. Erməni ruhlu AŞPA-da Azərbaycanla bağlı keçirilən müzakirələr zamanı çıxış edənlərin mütləq əksəriyyətinin əsassız qərarı ədalətli və zəruri adlandırması qurumun mənfur niyyətini bir daha göstərdi. Azərbaycana qarşı erməni lobbisinin sifarişləri əsasında qərəzli ittihamlar söyləyən satılmış avropalı parlamentarilər Ermənistanda həqiqi mənada pozulan insan hüquqlarını «unutdular.» Sanki dünyaya hakim kimi ölkəmizlə təhdid dili ilə danışmağa adət edən Avropa İttifaqı (Aİ) anti-Azərbaycan yarışında daim öndə gedir.

Azərbaycanla bağlı imzalanmış qanunvericilikdə nəzərdə tutulan əməkdaşlığın şərtlərini- enerji sahəsində milli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması, Azərbaycan və Xəzər dənizi hövzəsindən enerji tədarükü və tranzit sistemlərinin fiziki və texniki təhlükəsizliyinin gücləndirilməsi, enerjiyə qənaət və iqlim dəyişikliyi hədəfləri ilə əlaqədar enerji tələbatının müfəssəl idarəçilik siyasətinin hazırlanması, texniki əməkdaşlıq və təcrübə mübadiləsi şərtlərini unudan Avropa İttifaqı artıq səlahiyyətlərindən kənar əməlləri ilə qarşılıqlı anlaşma prinsiplərinə xəyanət edir. Yəni, beynəlxalq hüquq normalarının işləmədiyi müasir dövrümüzdə dünya siyasətinə verilən qiymət dəyişilməzdir: «Kimin gücü varsa, o da haqlıdır və bu, xoşagəlməyən antidemokratik reallıqdır.»

Avropa təsisatlarının fəaliyyətində , Avrozonada istənilən qədər antidemokratik mühütin formalaşdığı dövrdə Azərbaycana münasibətdə qərəzlilik etibarlı tərəfdaşın etimadını itirməkdən başqa bir şey deyildir. Heç kəsə sirr deyil ki, Azərbaycan tarazlaşdırılmış və düşünülmüş siyasət yürüdür və bu yanaşma dünya ictimaiyyəti qarşısında açıq şəkildə bəyan edilir. Rəsmi Bakı beynəlxalq hüquqa riayət prinsipini birmənalı dəstəkləyir və öz tərəfdaşlarını da bu sahədə həqiqəti dəstəkləməyə çağırır. Dövlətimizin xarici siyasəti yalnız milli maraqlar üzərində qurulsa da, başqa ölkənin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanan «qızıl” qayda»ya sadiqdir. Ermənistandan vasitə kimi istifadə edərək Cənubi Qafqazda yerləşməyə cəhd edən Qərb başa düşməlidir ki, Azərbaycan, ilk növbədə, qitə dövlətlərinin enerji təhlükəsizliyinin təminatçısıdır. Çox təəssüf ki, Ermənistanda Mülki Müşahidə Missiyası yerləşdirən Aİ ölkəmizlə əməkdaşlıq prinsiplərini «unudur.» Aİ təmsilçiləri aydın başa düşürlər ki, Avropanın Sülh Fondundan guya Ermənistanın «müdafiəsinin gücləndirilməsi»” üçün ayrılan 10 milyon avro humanitar məqsədlər üçün sərf olunmayacaq. Həmin vəsaitlə alınan silahlar Azərbaycana yönələcək. Bu seçim təbii ki, Aİ-Azərbaycan arasındakı qarşılıqlı əməkdaşlıq prinsiplərinə ziddir.

Aİ-in bütün cəhdləri və hədəfləri Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinə mane olmaqdır. Xüsusilə, Zəngəzur dəhlizinin açılmasını türk birliyini daha da möhkəmləndirəcək amil hesab edən Aİ bu məsələdə «qırımızı işıq» rolunu oynayır. Amma Avropaya üz tutan Ermənistan hələ də anlamır ki, daha bir tarixi şansı qaçırır. Azərbaycanın beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri əsasında ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Avropa İttifaqının, Avropa Şurasının və digər anti-Azərbaycan təsisatların mənfur niyyətlərinin üzərindən qırmızı xətt çəkdi. Anti-Azərbaycan dairələrin mənfur planları iflasa uğradı.

30 il faşizm ideyalarına xidmət edən erməni quldurlarının cinayətlərinə göz yuman bu qüvvələr hazırda Ermənistanı yeni müharibəyə hazırlaşdıralar da revanşist çağırışlar baş tutmayacaq. Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etsə də, Ermənistan Konstitusiyasında hələ də Qarabağla bağlı iddialar saxlanılır. İrəvan intensiv şəkildə müttəfiqlərindən və himayədarlarından əslində isə dilənərək, məhz hücum silahları alır. Təbii ki, Fransadan alınan haubitsalar, «Caesar»lar İrəvanın muzeylərində saxlanılmaq üçün alınmayıb. Bir vaxtlar Xankəndidə meydan sulayan işğalçı xuntanı «müstəqillik günü”» münasibətilə təbrik edən, Qarabağda yüzlərlə tank, digər zirehli texnika, lüləli və reaktiv artilleriya ilə silahlanmış 15 minlik silahlı qruplaşma saxlayan separatçıları dəstəkləyən Qərb Cənubi Qafqaz regionunda öz planlarını reallaşdırmağa çalışacaqlarını zənn edirlər. Başqalarının diktəsi ilə hərəkət edən Ermənistanın baş naziri Nikol Paşinyan Qərbə meyillənməklə bütün region dövlətlərinin maraqlarına zidd addımlar atır. Aİ, xüsusən Fransa 44 günlük İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqlardan, Azərbaycanın dünyada artan nüfuzundan çox narahatdır. Ermənistanın silahlandırılması da buradan qaynaqlanır. Torpaqlarımızı 30 il işğal altında saxlayan rəsmi İrəvana haqq qazandıran Qərb Azərbaycanın haqq-ədalət mübarizəsini Ermənistana təcavüz kimi qələmə verməyə cəhd göstərir. Gürcüstanda və Azərbaycanda mövqelərini itirmiş Aİ Ermənistana havadarlıq etməklə bölgədə yerləşməyə çalışsa da niyyətləri baş tutmayacaq. Aİ-nin Mülki Müşahidə Missiyasının fəaliyyət müddətinin uzadılması Azərbaycana qarşı məkrli siyasətin qərəzli elementləri olsa da sonu olmayan gedişdir.

Hazırda ABŞ-la Qərb arasındakı yaranan ixtilaflar da Avropanın Cənubi Qafqaz siyasətinə təsir edir. Rusiya-Ukrayna müharibəsi ilə bağlı rəsmi Vaşinqtonla Qərb arasındakı fikir ayrılığı, ABŞ-ın Ukraynaya hərbi yardımlarını dayandırması vəziyyəti dəyişdirib. Ən başlıcası isə Avropa ölkələrində belə rəsmi Kiyevə hərbi yardımlarla bağlı fikir ayrılıqları mövcuddur. Təbii ki, yaranan vəziyyət Ermənistana münasibətdə də hiss olunacaq. Belə olan halda yemi azalan, sahibsiz qalan Ermənistanın daha hansı ağanın qoltuğuna sığınacağı maraqlıdır. Sadalanan gerçəkliklərdən nəticə çıxarmayan Ermənistan Qərbin təhlükəli planlarından çəkinməlidir”. Çünki erməni separatizminə, terrorçuluğa son qoyan Azərbaycan istənilən təhdidlərə hər zaman layiqli cavab verməyə hazırdır.

Ermənistan təcrid olunmuş halda qalmaq istəmirsə Azərbaycanla sülh müqaviləsini imzalamalıdır. Əks təqdirdə dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşacaq Ermənistana heç bir qüvvə yardım etməyəcək. Azərbaycan sülhə nail olmaq üçün Ermənistanla danışıqları davam etdirmək niyyətindədir. Amma Ermənistan yenidən müharibəyə başlamağa cəhd etsə daha böyük itkilərlə üzləşməli olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»