Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi qlobal layihələr regionun inkişafına töhfə verməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Qırx dörd günlük müharibə zamanı dost, qardaş Türkiyənin xalqımıza qəti siyasi və mənəvi dəstəyi Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsində əhəmiyyətli rol oynadı. Eləcə də iki il əvvəl qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə bağlı Azərbaycan öz qardaşlıq dəstəyini əsirgəmədi. Bütövlükdə Azərbaycan-Türkiyə münasibətləri iki ölkənin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanaraq, beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Bütün dünya Azərbaycan və Türkiyə qardaşlığını təcəssüm etdirən «Bir millət, iki dövlət» milli konsepsiyasının bəşəri missiya olduğunu görür. Hər kəs bilir ki, Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır. Bu qardaşlıq və müttəfiqlik siyasi, iqtisadi, sosial, mədəni və başqa sahələrdə əməkdaşlığa üstünlük verir. Azərbaycan və Türkiyə dövlət başçılarının qarşılıqlı səfərləri əsl qardaşlıq, dostluq nümunəsidir. Eyni zamanda, bu, bir mesajdır ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verir. Bu gün ən nəhəng qaz və neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı vasitəsilə dünyaya uzanmaqdadır. Bunun necə siyasi güc olması bütün dünya dövlətlərinə yaxşı məlumdur. Bütün bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Bu gün hər iki ölkənin iqtisadiyyatı istər dövlət şirkətləri, istərsə də biznes qurumları üçün açıqdır.
Bu fikir daim böyük qürur hissi ilə qeyd edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Bu birlik bütün istiqamətlərdə qurulub və nümunədir. Martın 5-də İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi isə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin növbəti ifadəsidir. Bu layihənin təkcə sosial-iqtisadi deyil, siyasi əhəmiyyəti də böyükdür. Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı da layihənin önəmini təsdiqləyir.
İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Prezident İlham Əliyev mərasimdəki çıxışında İğdır-Naxçıvan qaz kəmərinin əhəmiyyətindən danışaraq qeyd etdi ki, Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürüləcək və bu da muxtar respublikanın enerji təhlükəsizliyini təmin edəcək. Şübhəsiz ki, bu layihənin qlobal çəkisi də böyük olacaq və regionun iqtisadi potensialının dinamikasını artıracaq.
Bu gün görünən odur ki, istər regional, istərsə də qlobal müstəvidə Türkiyə-Azərbaycan qardaşlığının analoqu yoxdur. Buna qədər imzalanan sazişlər, birgə atılan diplomatik addımlar təkcə iqtisadi maraqlarla məhdudlaşmayıb, tam şəkildə regional təhlükəsizliyə və sülhə xidmət edir. Türkiyə-Azərbaycan dostluğu bütövlükdə Türk dünyasının birliyində müstəsna rol oynamaqla yanaşı, həm də Anadoludan uzaq Şərqə qədər böyük bir coğrafiyada ədalətsizliyə və imperialist siyasətə qarşı bütün xalqların güvəndiyi tək güc mərkəzidir. Çağdaş dünyamızın müharibələr, siyasi kataklizmlər, iqtisadi böhranlar girdabında olduğu bir zamanda iki qardaş ölkənin imzaladığı qaz nəqli sazişi bir daha onu təsdiqləyir ki, beynəlxalq arenada Bakı-Ankara sarsılmaz birliyinin qarşısında dayanan güclər zəifdir. Bu birlik təkcə iki qardaş xalqın deyil, bütövlükdə dünya birliyinin sülh və sabitlik içində yaşaması üçün ən layiqli örnəkdir. Gələcəkdə bu əməkdaşlığın daha da genişlənməsi və yeni strateji layihələrin həyata keçirilməsi regional sabitlik və inteqrasiyanın inkişafı baxımından həlledici amil olacaq.
Şəmsiyyə Əliqızı, “İki sahil”