24 fevral 2025 23:14
85

ABŞ-Avropa İttifaqı qarşıdurmasının ciddi fəsadları ola bilər

Ağ ev rəsmisi «qoca qitə»ni diktaturaya meyillənməkdə ittiham edir

Bu gün geosiyasi mənzərənin qarmaqarışıqlığı özünü onda göstərir ki, çağdaş dünyada hətta ənənəvi müttəfiqlər belə, barışmaz rəqiblərə çevrilirlər. Bu tendensiyanı hazırda ABŞ-la Avropa İttifaqı (Aİ) arasında müşahidə etmək olur. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp hələ seçki təbliğatı zamanı Aİ-yə qarşı ciddi ittihamlar irəli sürürdü. Məhz onun sözügedən çıxışlarından anlaşılırdı ki, Ağ Evin yeni sahibi vəzifəsinin icrasına başlayan kimi Avropa İttifaqı ilə ciddi qarşıdurmanı inkişaf etdirəcək.

Qeyd ermək lazımdır ki, bu qarşıdurmanın əsas səbəblərindən biri də Ukrayna ilə bağlıdır. Tramp administrasiyası iddia edir ki, ABŞ-ın keçmiş hakimiyyətinin və Avrpoa İttifaqı rəhbərliyinin uğursuz siyasəti Rusiya- Ukrayna müharibəsinin başlamasına səbəb olmuşdur. Bəli, bu qarşıdurmadan sonra Avropa İttifaqı daha özünü ABŞ-ın müttəfiqi hesab etmir. Ən acınacaqlısı isə odur ki, ABŞ-Avropa İttifaqı qarşıdurması Ukraynanın taleyinin onsuz müzakirəsinə səbəb olmuşdur.

Məhz Münxen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Avropa İttifaqına qarşı sərt çıxışı da Aİ-yə sarsıdıcı siyasi zərbə kimi qiymətləndirilir. Avropa ölkələrinin bəzi liderləri Ağ Ev rəsmisinin bu ittihamlarını təhqiramiz, qəbuledilməz və bütün «qırmızı cizgiləri» aşan yanaşma tərzi hesab edirlər. Avropa siyasi dairələri ABŞ-ın Aİ-ni diktaturaya doğru irəliləməkdə suçlamsını təxribat hesab edirlər. Onların fikrincə, ABŞ-ın Avropa Birliyinə qarşı siyasi hücumlar edəcəyi qətiyyən istisna olunmurdu. Ancaq Ağ Evin bu qurumu demokratiyadan imtina edərək, diktaturaya üz tutmaqda suçlaması gözlənilməz xarakter daşıyır.

Aİ-nin hazırkı aciz vəziyyətə düşməsi mövcud makronizmin acı nəticəsidir

ABŞ-ın vitse-prezidenti Münxen Təhlükəsizlik Konfransında onu da bildirib ki, Aİ ortodoksal olmayan fikir mərkəzlərini senzura ilə qapatmaqla, əks mövqedə olan siyasi rəqibləri həbs etməklə demokratiyanı müdafiə etmiş olmur. Əksinə, bu, demokratiyanı məhv etmək üçün ən doğru metoddur. Ona görə də Avropanın siyasi liderləri yanlış fəaliyyətə qarşı tənqidləri qəbul etməyi bacarmalıdırlar. Təbii ki, Vaşinqton rəsmisinin bu ittihamları Avropa İttifaqının siyasi elitasında şok effekti yaradıb. Çünki Avropa İttifaqının hazırkı aciz vəziyyətə düşməsi mövcud makronizmin, xüsusilə də Fransanın və digər «köhnə qitə» ölkələrinin neokolonializm siyasətinin davam etdirilməsidir.

Ona görə də Ceyms Devid Vensin sözügedən ittihamları Avropa İttifaqına sarsıdıcı siyasi zərbə olaraq dəyərləndirilir. Bəzi Avropa liderləri Ağ Ev rəsmisinin bu ittihamlarını təhqiramiz, qəbuledilməz və bütün «qırmızı cizgiləri» aşan yanaşma tərzi hesab edirlər. Onların fikrincə, ABŞ-ın Avropa İttifaqına qarşı siyasi hücumlar edəcəyi qətiyyən istisna olunmurdu. Ancaq Ağ Evin bu güc mərkəzlərinin demokratiyadan imtina edərək diktaturaya üz tutmaqda suçlaması gözlənilməz idi. «Qoca qitə»lilər bunu Avropa İttifaqının təməl prinsiplərinə vurula biləcək ən sarsıdıcı zərbə hesab edirlər.

Azərbaycan özünü Ukraynanın acı taleyini yaşamaqdan necə qoruya bildi?

Əvvəldə qeyd etdik ki, bu gün Ukraynanın taleyi onun iştirakı olmadan müzakirə edilir. Bu isə Ukraynanın narıncı inqilablar poliqonuna çevrilməsi nəticəsində baş vermişdir. Vaxtı ilə həmin çevrilişləri təşkil edən ABŞ siyasətçisi, peşəkar diplomat, ABŞ-ın sabiq dövlət katibi Antoni Blinkenin sabiq köməkçisi Viktoriya Nuland və ABŞ-ın sabiq dövlət katibi Kondaliza Rays kimilər özləri üçün rahat yaşayırlar. Əzab içərisində qalan isə Ukrayna xalqıdır. Bu ölkə hər gün müharibənin ən dəhşətli əzabları ilə yaşamağa məcburdur.

Xatırladaq ki, vaxtı ilə həmin ultra liberal qüvvələr (Nuland, Rays və s.), psevdo demokrat düşərgəsinin siyasətçiləri NED, NDİ və s. fondları vasitəsilə Azərbaycanda rəngli inqilablar təşkil etmək istəyirdilər. Novorçular öz təbliğatları ilə Azərbaycan gənclərində Qarabağa bağlılığı unutdurmağa çalışırdılar. Hətta LQBT fəalları Azərbaycan ailəsi modelini dağıtmaq istəyirdilər. Lakin Ukraynadan fərqli olaraq Azərbaycanın güclü və qətiyyətli, daim milli mənafeni öndə tutmağı bacaran lideri- Prezident İlham Əliyev ölkəmizi bu faciələrdən qoruya bildi. Xüsusilə ölkəmizin başçısı hələ illər öncə Azərbaycana yönəlik həmin təhdidləri vaxtında görərək onları neytrallaşdırmaq üçün müdrik addımlar atmışdır.

Bundan sonra da Azərbaycan dövləti heç zaman imkan verməyəcək ki, onun ərazisi digər dövlətlərdə olduğu kimi rəngli inqilablar, hansısa siyasi eksperimentlər üçün bir hərbi- siyasi poliqonlara çevrilsin. Çağdaş Azərbaycan dövlətinin milli mənafeyimizi qoruyacaq müstəqil və konseptual siyasəti mövcuddur. Ona görə də zamanın istənilən məqamında ölkəmiz öz milli maraqlarını həm qeyri-dost, həm tərəfdaş ölkələrlə münasibətdə qətiyyətlə qoruya bilir.

Elçin Zaman, «İki sahil»