25 fevral 2025 01:57
91

Makronun “quyruğu” qapı arasında qalanda...

Üzə bax ha, bir vaxt Türkiyəni Avropa İttifaqına yaxın qoymayanlar indi onu köməyə çağırırlar

Fransa Prezidenti Emmanuel Makron bazar günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Almaniya Kansleri Olaf Şoltsla, İngiltərə Baş naziri Keyr Starmerlə və Macarıstanın Baş naziri Viktor Orbanla telefon danışığı aparıb.

Dərhal hiss olunur ki, ABŞ Prezidenti Donald Trampın Rusiyaya xoş münasibətindən, onlar üçün göndərdiyi hədə mesajlarından özlərini əməlli-başlı itiriblər. Çünki yeni münasibət ciddi surətdə onların ziyanına işləyir. Belə vəziyyətin yaranmasını qətiyyən ağıllarına gətirməyən Avropa ölkələrinin başçıları şok keçirirlər, səsləri çıxmır, nə fikrə gələcəklərini, hansı qərarı qəbul edəcəklərini müəyyən edə bilmirlər. Lakin həmişə özünü diribaş və ağıllı kimi göstərməyə cəhd edən Emmanuel Makron bu dəfə kəskin fikir işlətməyə cəsarət etməyərək “miyanə” çıxışla özünü yenə də  gözə soxmağa çalışıb.

Bu barədə Makron özü sosial şəbəkə hesabında paylaşım edib: “Bir müddət əvvəl mən Avropa Komissiyasının sədri Ursula Fon der Leyenlə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta, Şoltsla, Starmer, Ərdoğan və Orbanla danışdım. Avropalı həmkarlar və müttəfiqlərlə birgə biz Ukraynada sülhün bərpasına sadiqik".

Makron vurğulayıb ki, nizamlanma ədalətli, davamlı və uzunmüddətli əsasda olmalıdır və danışıqlar Avropanın təhlükəsizliyini gücləndirməlidir.

Bu da Makronun gülünc bəyanatlarından biri. Utanmır, ədalətli nizamlamadan, sülhün bərpasından və hələ üstəlik Avropanın təhlükəsizliyindən danışır. İllərlə Cənubi Afrikada, Cənubi Qafqazda xalqların təhlükəsizliyinə təhdid yaradan, sülh müqaviləsinin bağlanmasına əngəl törədən, Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlamaqla, təcavüzkara humanitar yardım, silah-sursat göndərməklə məşğul olan həmin bu Makron indi hiylə niqabını üzünə çəkməkdən belə utanmır. Gürcüstanda keçirilən parlament seçkilərində casuslarının sorağı dünyaya yayıldı. Ancaq Makron indi ayılıb ki, ayaqlarının altını qazan var, bundan bərk təşvişə düşüb. Özü də bu təşviş dünyanın hansısa regionundakı bir zəif ölkədən deyil, məhz qorxduqları yerdən-okeanın o tayındakı superdövlətdən gəlir. Makronun “ora” cavab qaytarmağa cəsarəti çatarmı? Əlbəttə, yox. O, davranışları ilə açıq göstərdi ki, yalnız zəif ölkələrin, məzlum xalqların cəlladıdır. Güclünün qarşısında isə boynu tükdən də nazikdir.

İş o yerə çatıb ki, Türkiyəni illərlə Avropa İttifaqına üzvlüyə qəbul etməyən həmin bu yekəbaş ədəbazlar və onlardan əvvəlkilər indu özlərinin təhlükəsizliklərini qorumaq üçün Prezident Ərdoğana telefon açırlar. Halbuki, Makron Fransası bir ovuc ermənini əzizləyərək qondarma “erməni soyqırımı”nı tanıyıb. Bütün beynəlxalq tədbirlərdə Türkiyə və Azərbaycan əleyhinə çıxışlar edib, fikirlər bildirib. Elə isə indi niyə Ermənistanı deyil, Türkiyəni köməyə çağırır? Bu da açıq göstərir ki, Makronun bir neçə üzlü olması barədə fikirlər tamamilə doğrudur. Sifətlərindən birinə öz vətəndaşı tərəfindən şillə vurulsa da, o birisinə lomba ilə tüpürülsə də utanmaq, istefa vermək mədəniyyəti çatmır. İndi bu Makron hansı sifətlə həmişə düşmən münasibət saxladığı Türkiyə dövlətinin Prezidentinə Avropanın  təhlükəsizliyi üçün çağırış edir? Belə yaramaz sifətlərlə vəzifəsinə davam edərsə gələcəkdə, daha doğrusu vəzifədən gedəndən sonra ona “bonjur” deyən də tapılmayacaq. Ona da çox vaxt qalmayıb.

Vəli İlyasov, “İki sahil”