24 fevral 2025 23:27
89

Zаvоd daxili tələbatı tam ödəyir, хаrici ölkələrə iхrаc həyata keçirir

Müəssisədə istehsal olunan neft məhsullarının keyfiyyəti “Avro-5” standartına çatdırılır

Bu gün Azərbaycan bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə davamlı və dayanıqlı inkişafa nail olub. Yeni sənaye müəssisələrinin yaradılması və ya onların fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər ölkəmizin iqtisadi inkişafına önəmli töhfə verir.

Bu xüsusda Cənubi Qafqazda ən böyük neft emal müəssisəsi olan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) “Modernizasiya və yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərə, əldə olunan davamlı nailiyyətlərə qısa nəzər salaq. 

1953-cü ildə təsis edilən zavod əvvəllər Yeni Bakı Neftayırma Zavodu, “Azərneftyanacaq” İstehsalat Birliyi və “Azərneftyanacaq” NEZ adlandırılıb. 2004-cü il aprelin 22-dən etibarən zavod Ümummilli Lider Heydər Əliyevin adını daşıyır.

Hаzırdа Heydər Əliyev adına NEZ-də Аzərbаycаn nеftindən 30 аddа nеft məhsulları, о cümlədən əsasən mayeləşdirilmiş karbohidrogen qazı, avtomobil benzinləri, reaktiv mühərrik yanacağı, dizel yanacağı, soba mazutu, məişət soba yanacağı, neft koksu, neft-kimya müəssisələri üçün maye qaz fraksiyaları, nafta fraksiyası, quru qaz, naften turşuları, bitumlar, sənaye, turbin, transformator yağları və s. istehsal olunur. Zаvоd  ölkəmizin  nеft məhsullаrınа оlаn tələbatını tam ödəyir. Bundаn əlаvə, istеhsаl оlunаn açıq rəngli nеft məhsullаrı bir çox  хаrici ölkələrə iхrаc еdilir.

İllik məhsuldarlıq 7 milyon tondur

NEZ-in əsas texnoloji qurğuları xam neftin elektrik duzsuzlaşdırma, atmosfer və vakuum altında distillə edilməsi blokları olan ilkin emal qurğularıdır. Zavod xam neftin emalı üzrə ixtisaslaşıb və xam neftə görə illik məhsuldarlığı 7 milyon ton təşkil edir. İlkin emal qurğularından başqa, zavodda təkrar emal qurğuları olan katalitik riforminq, tədrici kokslaşma, katalitik krekinq, hidrogen istehsalı, dizel hidrotəmizləmə, izomerizasiya, Metil-tret-butil efiri istehsalı və bitum istehsalı qurğuları istismar olunur.

İlkin emal qurğuları xam neftin ilkin emal olunduğu əsas qurğular olmaqla zavodun təkrar emal qurğularını xammal ilə təmin edir. İlkin emal qurğuları ağır və yüngül ilkin emal benzinləri, reaktiv mühərrik yanacağı distillatı, dizel distillatı, mazut, vakuum qazoyl və qudron məhsullarının alınması proseslərini həyata keçirir.

İllik məhsuldarlığı 1 milyon ton olan Katalitik riforminq qurğusunda avtomobil benzini istehsalında əsas komponentlərdən olan sabit platformat istehsal edilir. Bundan başqa, qurğuda istehsal edilən hidrogen tərkibli qaz hidrotəmizləmə proseslərində istifadə edilir.

Məhsuldarlığı 1,3 milyon ton olan Tədrici kokslaşma qurğusunun təyinatı elektrod koksunun alınmasıdır. Koksdan əlavə qurğuda quru qaz, stabil maye qaz “başlığı”, kokslaşma benzini, yüngül qazoyl (dizel yanacağı istehsalında istifadə olunur) və ağır qazoyl (qazan yanacağı komponenti) alınır.

İllik məhsuldarlığı 2 milyon ton olan Katalitik krekinq qurğusu avtomobil benzininin yüksək oktanlı komponentlərinin istehsalına imkan yaradır. Bundan əlavə, qurğuda “Azərikimya” İstehsalat Birliyi (İB) üçün dəyərli xammal (texniki propan, texniki butan və quru qaz), ağır fleqma və dizel yanacağı istehsalı üçün xammal hesab olunan yüngül fleqma məhsulları istehsal olunur.

Milli iqtisadiyyatımızın inkişafına mühüm töhfə

Ölkəmizin ən böyük müəssisələrindən olan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu  son illər  bir çox nailiyyətlərə imza atıb və milli iqtisadiyyatımızın inkişafında mühüm rol oynayır. Daxili və xarici bazarın artan tələbatı ilə əlaqədar NEZ-in istehsal gücünün artırılması, bazarın “Avro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin xammala olan tələbatının ödənilməsi, eləcə də neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədilə zavodun yenidən qurulması və modernizasiyası layihəsi həyata keçirilib.

İki mərhələdə həyata keçirilən layihənin 1-ci mərhələsi artıq başa çatıb. Bu mərhələdə 15 ədəd yeni qurğu, 9 köməkçi qurğu və təsərrüfat sistemi, o cümlədən yeni çirkab suların emalı qurğusu, suyun təmizlənərək yenidən istifadəsi qurğusu inşa edilib, 16 ədəd yeni çən quraşdırılıb. Bundan başqa, yeni infrastruktur binalarından mərkəzi idarəetmə binasının, 1 əsas və 11 köməkçi elektrik yarımstansiyasının, 3 operator binasının və 2 texniki idarəetmə binasının tikintisi başa çatıb. Həmçinin layihə çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi proqramları icra edilib, istismar standartlarının müasirləşdirilməsi, laboratoriya infrastrukturu yenidən qurulub.

“Avro-5” standartlarına cavab verən dizel, A-92 və A-95 benzin istehsalı...

Görülmüş işlərin nəticəsində 2023-cü ilin may ayında ölkəmizdə “Avro-5” standartlarına cavab verən dizel yanacağının, 2024-cü ilin iyun-iyul aylarında isə A-92 və A-95 benzininin istehsalına başlanılıb.

2023-cü ilin əvvəllərində NEZ-də yeni istismara verilmiş hidrogen istehsalı qurğusu zavodun hidrogen xammalına tələbatının tam qarşılanmasına imkan yaradır. İllik məhsuldarlığı 3 milyon ton olan yeni Dizel hidrotəmizləmə qurğusunun 2023-cü ilin may ayında istismara verilməsi ilə NEZ-in yenidənqurma və modernizasiya layihəsinin Dizel fazası başa çatdırılıb və “Avro-5” standartının tələblərinə uyğun dizel yanacağının istehsalına start verilib.

NEZ-in yenidənqurma və modernizasiya layihəsinin Benzin fazası çərçivəsində inşa olunmuş İzomerizasiya, MTBE (Metil-tret-butil-efiri), Amin təmizləmə, LPG Meroks qurğuları artıq istismar olunurlar. “Avro-5” standartlarına cavab verən benzin istehsalı üçün nəzərdə tutulmuş yeni Benzinin hidrotəmizləmə (PrimeG) qurğusunun sazlama işləri 2024-cü ilin 2-ci rübündə yekunlaşdırılıb.  Bununla yanaşı, yeni C4 Hidrogenləşdirmə qurğusu da istismardadır.

NEZ-də, həmçinin istehsal gücü 400 min ton olan yeni Bitum istehsalı qurğusu istismardadır.

SOCAR-ın polimer zavodlarında səmərəlilik yüksəlir

Yenidənqurmanın birinci mərhələsində NEZ “Azərikimya” İB-nin Buxar krekinq qurğusunu ilkin xammalla təchiz etmək imkanı qazanıb ki, bu da SOCAR-ın polimer zavodlarında etilen və propilenin polimerləri istehsalının səmərəliliyinin yüksəlməsi ilə nəticələnib. Birinci mərhələ çərçivəsində, həm də 7 avtoçən və 5 çəndən ibarət yeni maye-qaz (LPG) doldurma məntəqəsi istismara buraxılıb. Bu çənlər vaqon vasitəsilə il ərzində “Azərikimya” İB üçün xammal sayılan 180 min ton propan-propilen, 100 min ton maye qaz və boru vasitəsilə 178 min ton butan-butilen fraksiyasının daşınmasını (dəmir yolu ilə) mümkün edir.

Layihənin inkişafında hazırkı mərhələnin başa çatması NEZ-də ümumzavod təsərrüfatı və infrastrukturun yarısından çoxunun (70%) tam modernizasiya olunması deməkdir. Bundan əlavə, çirkab suların təmizlənməsi sahəsinin və yeni məşəl sisteminin tikilməsi nəticəsində ətraf mühitə mənfi təsirlər xeyli azaldılmışdır.

İstehsal olunan neft məhsullarının 10%-i ixrac edilir

Bu günə qədər Heydər Əliyev adına NEZ-də 370 milyon tona yaxın xam neft emal olunub, yeni qurğular tikilib, müasir texnologiya tətbiq edilib, müxtəlif növ neft məhsulları istehsal olunub. Hazırda istehsal olunan neft məhsullarının 10%-i ixrac edilir.

2003-cü ildən etibarən Heydər Əliyev adına Neft Emalı Zavodu beynəlxalq standartları tətbiq edir. NEZ ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri), OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) sertifikatlarını almış istehsalat müəssisəsidir. Həmçinin, 2019-cu ilin avqust ayında bitum istehsalı üçün  EN 12591: 2009 sertifikatı da müvəffəqiyyətlə əldə edilib.

Növbəti 25 il üçün hədəf: Təhlükəsiz, etibarlı və ekoloji cəhətdən təmiz fəaliyyət...

NEZ-in Yenidənqurma və Modernizasiya Layihəsinin 2-ci mərhələsinin məqsədi zavodun növbəti 25 il ərzində təhlükəsiz, etibarlı və ekoloji cəhətdən təmiz fəaliyyətinin təşkil edilməsi, mühərrik yanacaqlarına olan ölkədaxili tələbatın təmin olunması, idxal neftinin emalı imkanlarının və stabil xammal təminatının artırılmasıdır.

Bu mərhələdə NEZ-də yeni Atmosfer-vakuum (CDU/VDU), Katalitik krekinq (FCC), Nafta hidrotəmizləmə (NHT), Tədrici kokslaşdırma (DCU), və Kerosin təmizlənmə qurğularının inşası, Katalitik Riforminq (CCR) qurğusunun, istismarda olan çənlər parkının, birləşdirici boru estakadasının, Aminlə təmizləmə qurğusunun (ATU), Kimyəvi təmizlənmiş su qurğusunun (CTW), Quyruq (qalıq) qazların təmizlənməsi (TGTU) və Turş suların təmizlənməsi qurğularının (SWS) modifikasiya edilməsi nəzərdə tutulub.

“Yaşıl dost”: Zərərli qazların emissiyaları əhəmiyyətli dərəcədə azalacaq

Layihənin  2-ci mərhələsi dekarbonizasiya texnologiyalarının tətbiqi, şəhərdaxili ekoloji risklərin azaldılması ilə də səciyyələnəcək. Beləliklə, sözügedən layihənin tam həyata keçirilməsi Azərbaycanın növbəti 15-25 il ərzində yanacağa olan tələbatını ödəməyə və ölkənin ixrac potensialını artırmağa imkan verəcək. Layihənin tamamlanması ilə NEZ-in istismar xərcləri optimallaşdırılacaq. Layihənin ətraf mühitin sağlamlaşdırılması ilə bağlı da müsbət təsirləri olacaqdır. Belə ki, “Avro-5” standartına keçdikdən sonra avtonəqliyyatlardan çıxan zərərli qazların emissiyaları əhəmiyyətli dərəcədə azalacaq.

Orxan Vahidoğlu, “İki sahil”