24 fevral 2025 12:34
81

“Media haqqında” yeni qanun layihəsi müzakirə ediləcək

Gürcüstan parlamentində “Media haqqında” yeni qanun layihəsi müzakirə ediləcək.

“İki sahil” xəbər verir ki, Gürcüstan parlamenti bu həftə “Media haqqında” yeni qanun layihəsini müzakirəyə çıxaracaq.

Qeyd olunub ki, qanunvericilik təşəbbüsü Böyük Britaniyanın media qanunvericiliyinə əsaslanacaq və mediada obyektivliyin qorunmasını, eləcə də jurnalist etikası standartlarını müəyyən edəcək.

Hakim “Gürcü arzusu” partiyasının nümayəndəsi, parlament fraksiyasının sədr müavini İrakli Kirtsxalia jurnalistlərə açıqlamasında bildirib ki, yeni qanun mediada dezinformasiya, böhtan, destruktiv və nifrət nitqinin yayılmasının qarşısını almağa hesablanıb.

“Son illərdə və xüsusilə son aylarda bəzi media qurumlarından, xüsusilə partiya yönümlü mediadan dezinformasiya, böhtan və destruktiv çağırışlar eşidirik. Bu cür halların tənzimlənməsi və media məkanının sağlamlaşdırılması zəruridir. Yeni qanun məhz bu məqsədə xidmət edəcək", - Kirtsxalia vurğulayıb.

Qanun layihəsinin detalları və onun təsir dairəsi ilə bağlı əlavə müzakirələr aparılacaq.