11 avqust 2017 23:41
1174

Şəxsi ambisiyalarının quluna çevrilən siyasi ölülər

Müxalif düşərgənin “ölülər”inə seçkidən-seçkiyə xarici himayədarlarının maraqlarına uyğun olaraq “nəfəs” verilsə də, çox keçməmiş arxivə qovuşmaları qaçılmazdır

“Gələcəyə nə qədər tələssək də  keçmişi  özümüzlə aparırıq” deyimi  təsadüfən yaranmayıb. Hər günün bir hesabat xarakteri daşıdığını nəzərə alsaq onların toplum halında birləşməsi zəngin bir keçmiş yaradır ki,  gələcəyimizi də onların təhlili fonunda qurmağımıza böyük zərurət duyulur.

“Müxalifətin birliyinin böyük təcəssümü”. Yəqin ki, dağıdıcıların bu təqdimatı hər kəsə bəllidir. Düşərgədə yaradılan hər bir  qurum ilk olaraq ictimaiyyətə belə “möhtəşəm” şəkildə  təqdim olunur. Elə ki, görüntülərin arxasında gizlənən həqiqət üzə çıxmağa başlayır, “birlik” yavaş-yavaş arxivə doğru irəliləyir. 2013-cü il prezident seçkiləri ərəfəsində  Rusiyanın layihəsi kimi  gündəmə gələn və gələcəyinə böyük inam ifadə olunan “Milli Şura” dağıdıcıların təbliğatının əksinə olaraq bu gün  ziddiyyətlərin dərinləşdiyi, qarşıdurmaların kulminasiya nöqtəsinə çatdığı bir qurum kimi diqqətdədir.

“Milli Şura” yarandığı gündən xarici qüvvələrin layihəsi olduğunu təsdiqləmişdir. İllər boyu vahid namizəd məsələsini öz aralarında çözə bilməyən dağıdıcıların birdən-birə “səmimiyyət” nümayiş etdirib, “birlik” görüntüsü yaratmalarının arxasında hansı maraqların dayandığı zaman-zaman açıqlanmağa başladı. İllərin rəqibləri olan İsa Qəmbər və Əli Kərimli özlərini ictimai fıkrə yaxın təqdim etmək istəyində bulunsalar da bunun mümkünsüzlüyünün fərqində oldular. Hər halda özlərinə “sirr” olsa da, ictimaiyyətə çox yaxşı bəllidir ki, bu gün AXCP-nin bir neçə adda fəaliyyət göstərməsi İ.Qəmbərin illər uzunu  “gərgin əməyinin” nəticəsidir. Bu durumdan bəhrələnən Ə.Kərimli AXCP-nin vahid lideri iddiasına düşərək, mərhum Ə.Elçibəyin ünvanına ittihamları yağış kimi yağdırmaqla partiyanın klassik və “yurdçu”lar qanadına bölünməsinə səbəb oldu. Bunlar tarixdir. Bu səbəbdən yazının əvvəlində hər birimizin fəaliyyəti üçün əsas amal olan o deyimi xatırlatdıq. Keçmişdəki bəzi məqamları  silməyə çalışsaq da, bunun mümkünsüzlüyü aydındır.

Müxalifət düşərgəsində müxtəlif dövrlərdə  müxtəlif adlar altında xeyli qurumlar yaranıb. Həmin qurumların sayının çoxluğu bu ünsürlərin arasında səmimiyyətin olmamasının təsdiqidir. Qısa müddətdə düşərgədə “İctimai palata”,  “Ziyalılar Forumu”,  “El” hərəkatı və “Milli Şura” fəaliyyətdə olub. Dağıdıcılar bununla  nəinki siyasi, eyni zamanda, riyazi cəhətdən də savadsız olduqlarını açıq-aşkar büruzə verirlər. Onlar toplananların yeri dəyişdikdə cəmin dəyişməməsindən xəbərsiz olduqlarını nümayiş etdirməklə bir həqiqəti də təsdiqlədilər ki, o qədər şəxsi ambisiyalarının quluna çevriliblər ki, onlar üçün yaradılan qurumda kimlərin təmsil olunması maraqlı deyil.  Adları çəkilən qurumların təmsilçiləri eyni, amma adları fərqlidir. Sual olunur: ölüləri bir addan o biri ada daşımağa ehtiyac varmı? Təbii ki, qul psixologiyaları onları bu addımı atmağa sürükləyir. Xarici dayıları  hansı havanı çalırlarsa, dağıdıcılar da həmin havanı oynamağa məcburdurlar. Axı oynamasalar, maddi dəstəkdən  məhrum olacaqlar. Xatırlasaq, “Milli Şura”nın təqdimat mərasimində, istərsə də ona qədərki dövrdə qurumun  “əsas qəhrəmanları” daş atıb, başlarını tuturdular ki, qurum xaricdən gələn göstəriş yox, sosial sifarişdir. İddiaları boyları ilə tərs mütənasiblik təşkil edən dağıdıcılar bu reallığı da çox yaxşı dərk edirlər ki, onların atdığı heç bir addım sosial sifariş ola bilməz. Sosial baza problemləri olmasaydı, bu qədər  xaricə üz tutub, dost  axtarmazdılar. Elə ki, “qapı-qapı düşüb dəstək dilənmək” siyasətlərinin üstü açılır, dərhal ictimai diqqəti yayındırmaq üçün qeyri-ciddi fikirlər dövriyyəyə buraxırlar. 

Bu gün həmin ünsürlərin  keçmişini bu günü ilə müqayisə edəndə nə qədər simasız, əqidəsiz olduqlarının şahidi olursan. Bu gün hər kəs “mən” deyib, özünü “qəhrəman” kimi təqdim edə bilər. Reallıq budur ki, səninlə bağlı ictimai rəy necədir, ən əsası fərziyyə gerçəklik kimi qəbul olunandırmı?  Hər zaman qeyd etdiyimiz kimi, “siyasətdə əbədi dost yox, əbədi maraqlar olur” deyimi sanki bizim dağıdıcı müxalifət düşərgəsi üçün söylənilmiş və  təsdiqini tapmışdır.  Onların zəifliklərinin, gücsüzlüklərinin ən böyük göstəricisi canfəşanlıqlarıdır.

Növbəti prezident seçkilərinə bir ildən artıq vaxt qalmasına baxmayaraq xarici antiazərbaycan qüvvələrin müxalif düşərgədə onların  maraqlarını həyata keçirəcək ünsürlər arasında  araşdırma aparması, yenidən ölüləri diriltmək barədə düşünmək cəhdləri diqqətdən yayınmır. Son zamanlar  Surət Hüseynovun və ona dəstək verən Ayaz Mütəllibovun adının  bu ünsürlərin tabeliyində olan mətbu orqanlarda yer alması təbii ki, səbəbsiz deyil. Hər iki şəxsin “xidmətləri” hər kəsə məlumdur.  S.Hüseynovun  son müsahibələrində AXC-Müsavat  hökumətini hədəfə alması, ittihamları yağış kimi yagdırması, amma bunun qarşılığında  bütün müxalif partiyaları münasibət bildirdikləri halda  “Milli Şura”çıların susması maraq doğurmaya bilməz. Ən əsası “Milli Şura”da  həmin dövrün əsas “qəhrəmanlarından” olan Ə.Kərimlinin təmsil olunduğunu nəzərə alsaq, bu susqunluğun  arxasında hansı maraqların  dayandığını şərh etməyə ehtiyac qalmaz. Əvvəldə də qeyd etdiyimiz kimi,  “Milli Şura”  Rusiyanın diktəsi əsasında yaradılmışdır. Bu gün “Milli Şura”çıların növbəti prezident seçkiləri üçün Rusiyanın  nəzərdə tutduğu adsız layihənin “əsas qəhrəmanı” olan   S.Hüseynovla münasibətlərini gərginləşdirməmək yolunu tutmaları bir çox məqamlara işıq salır. Bu dəfəki  ssenarinin oyunçuları olacaq  S.Hüseynov, A.Mütəllibov və “Milli Şuraçı”lar müxalifət düşərgəsinin digər təmsilçiləri tərəfindən də kəskin tənqid olunmaqdadırlar. 

Siyasi qul imiclərini zaman-zaman daha da möhkəmləndirən bu ünsürlər üçün milli maraqlar arxa plandadır. Öz şəxsi ambisiyalarının quluna çevrilən bu qüvvələr  bütün fəaliyyətləri  boyu  ölkəmizin  hər bir uğuruna qara eynəkdən baxmağa adətkardır. Xarici sifariş əsasında formalaşan “birlik”lər, cızılan  “yeni-yeni” ssenarilər şəxsi ambisiyalara xidmət etdiyindən aydın məsələdir ki, dövlətin, xalqın mənafeyi, milli maraqlar arxa plana keçəcək, hər bir uğur qara rəngdə ictimaiyyətə təqdim olunacaq. Amma bir əsas məqamı unudurlar ki, özləri xalqı yalan vədlərinə inandırıb, hakimiyyəti bir illik ələ keçirdikləri dövrün hissləri ilə yaşasalar da, xalq həmin dövrdəki xalq deyil, ağı qaradan seçməklə yanaşı, hadisələrə obyektiv dəyər verməyi də  çox yaxşı bacarır.  Müxalifətçiliyi dövlətin, xalqın mənafeyinə, milli maraqlara zidd addımların atılmasında görənlər hər zaman olduğu kimi, bu gün də qınaq hədəfindədirlər.  Ölkənin uğurlarına qısqanclıq hisslərini qərəzli yanaşmaları ilə təsdiqləyən antimilli ünsürlərin xalqdan dəstək umması mümkünsüzdür. Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır. Seçkidən seçkiyə “biz də varıq” deyib, xarici himayədarlarının dəstəyi ilə  siyasi meydana atılanların sonda hansı aqibəti yaşadıqları məlumdur. Dağıdıcı ünsürlər illərdir bu reallıqla barışmağa özlərində cəsarət tapmırlar ki, onların siyasi meydanı ölkə iqtidarının gördüyü işlər hesabına daralıb. Xalq fərziyyələrə deyil, gerçəkliyə dəyər verir. Surət hüseynovların, ayaz mütəllibovların əsl siması xalqa çox yaxşı bəllidir. Onların bu gün varlıqları barədə təsəvvür yaratmaq cəhdləri suda boğulanın  saman çöpündən yapışmasına bənzəyir.

Yeganə Əliyeva, “İki sahil”