13 fevral 2025 00:59
127

Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzi

Bu ilin yanvar ayının 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində ölkəmizin dünya birliyində dəstəklənən daxili və xarici siyasəti, əməkdaşlıq istiqamətləri barədə sualları cavablandıran Prezident İlham Əliyev Orta Dəhliz layihəsinin reallaşmasında əsas tərəfdaşlardan olan Çin-Azərbaycan münasibətlərindən də bəhs etmişdir

Transmilli layihə olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunu gerçəkləşdirməklə logistik potensialını artıran layihələr üçün geniş imkanlar yaradılan ölkəmizdə görülən işlərin hər biri beynəlxalq əhəmiyyətli olmaqla şaxələndirmə siyasətinə uyğun inkişaf etdirilir. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib. Son illərdə ölkə daxilində genişlənən nəqliyyat infrastrukturu əminlik yaradır ki, xalqımıza xas vədə sadiqlik beynəlxalq layihələrin gerçəkləşməsində də özünü doğruldacaq.

Yanvarın 28-də ölkəmizin nəqliyyat infrastrukturunun vəziyyəti, perspektivləri ilə bağlı müşavirədə bu barədə ətraflı məlumat verən Prezident İlham Əliyevin açıqlamaları islahatların əhatə dairəsinin daha geniş olacağını göstərir. Təkcə ötən ildə görülmüş işlər 2025-ci il üçün planlaşdırılan perspektivlərin uğurlu davamına ümidləri artırır. Ümumiyyətlə, son 20 ildə Azərbaycanda həyata keçirilən islahatlar yol infrastrukturunun inkişafına da güclü təsir etmişdir. Həmin müddətdə respublika üzrə 20,767 km uzunluğunda avtomobil yolları çəkilmiş, bəziləri yenidən qurulmuş və təmir edilmişdir. 335 körpü və yol ötürücüsü, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilmişdir. Hazırda işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 3 371,1 km təşkil edən 44 avtomobil yolu layihəsi icra edilir. 45 tunel, 447 körpü və 16 viadukun tikintisi aparılır. Görülmüş işlər nəticəsində 2024-cü ildə bir sıra sahələrdə rekord göstəricilər və nailiyyətlər əldə edilmişdir. Ümumilikdə, ölkə ərazisi ilə tranzit yükdaşımaların həcmi 10,5 faiz artaraq 14,8 mln tona, dəmir yolu ilə daşımalarda bu rəqəm 7,3 mln tona çatdırılmışdır. Paytaxtda nəqliyyatın düzgün tənzimlənməsi ilə vətəndaşlara göstərilən xidmətin səviyyəsi yüksəlmiş, ictimai nəqliyyat sisteminin formalaşması, infrastrukturun yaradılması və yenilənməsi istiqamətində həlli vacib problemlərə diqqət artırılmışdır. Paytaxtın 30-dan çox küçə və prospektində xüsusi hərəkət zolaqları yaradılmışdır. Prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxtda nəqliyyatın sıxlığının azaldılması və mobilliyinin inkişafında mühüm rol oynayan Bakı Metropoliteninin genişləndirilməsi və mövcud infrastrukturun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Metropolitenin digər nəqliyyat vasitələri ilə inteqrasiyasına xüsusi diqqət göstərilir. Xüsusilə «Yaşıl» və «Bənövşəyi» xətlərin inkişaf etdirilməsi ilə nəqliyyat sistemində balanslı və effektiv hərəkətin təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulur. Bakı Metropoliteninin inkişafı çərçivəsində 10 yeni stansiyanın tikintisi və bəzilərinin adlarının dəyişdirilməsi nəzərdə tutulur. Metroda hərəkətin intensivləşdirilməsi üçün ölkəmizdə keçirilən COP29 ərəfəsində 35 yeni vaqon alınaraq komplektləşdirilib. Həmin günlərdə ölkəmizə gətirilən 160 elektrikli avtobusdan artıq paytaxtda müxtəlif marşrutlarda uğurla istifadə edilir. Mobilliyin transformasiyası proqramı çərçivəsində növbəti mərhələdə marşrutların optimallaşdırılması, avtobusların sayının artırılması və parkların ekoloji cəhətdən təmiz avtobuslar hesabına yenilənməsi, taksi sahəsində islahatların yekunlaşdırılması, yol hərəkətinin təşkili və piyada infrastrukturunun təkmilləşdirilməsi həyata keçiriləcək.

Beləliklə, son illərdə ölkə əhalisinə göstərilən nəqliyyat xidməti sahəsində önəmli yeniliklər həyata keçirilmiş, böyük infrastruktur layihələri icra edilmiş, yol qovşaqları salınmış, tunellər çəkilmiş, kənd yolları, şəhərlərarası yollar, magistral yollar salınmışdır. Həmin müddətdə Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilmişdir. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən qurulmuşdur. Qəbələ, Zaqatala, Füzuli və Zəngilanın davamı olan doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşınan Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksinin inşası ilə bu rəqəm daha da artacaq. Hazırda Ələtdə yük qəbuletmə imkanları 1 milyon ton olacaq terminal inşa edilir.

Son illərin vacib layihələrindən biri də yeni Dəniz Ticarət Limanının inşasıdır. «Yeni Dəniz Ticarət Limanının birinci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulurdu. Ancaq biz görürük ki, yüklərin həcmi daha çox olacaq. Artıq göstəriş verildi və biz bu ildən işə başlayırıq» sözləri ilə nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirməyin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev gəmiqayırma zavodunun tam gücü ilə işləməsini də əhəmiyyətli layihə adlandırıb.

Təkcə pytaxtda deyil, işğaldan azad edilmiş ərazilərdə də görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. Horadiz-Ağbənd dəmir yolunun 60, Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. «Amma yenə də deyirəm, həyat yerində durmur. Biz indi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb» söyləyən Prezident İlham Əliyev iri maliyyə tutumlu layihələrin həllini ölkə vətəndaşlarına xidmətin genişləndirilməsi kimi dəyərləndirir. Belə ki, Proqramın həyata keçirilməsində üç əsas məqsəd qarşıya qoyulmuşdur. Bunlar daha sürətli, daha təhlükəsiz, daha ekoloji mobillik imkanlarının yaradılmasıdır. Sakinlər üçün şəhər konsepsiyasına keçidin təmin edilməsi üçün ictimai nəqliyyatdan istifadənin genişləndirilməsi, əlavə və yeni mobillik imkanlarının yaradılması, piyadaların hərəkətinin, eləcə də mikromobilliyin genişləndirilməsi başlıca vəzifələrdəndir. Bununla insanları daha çox narahat edən tıxacların aradan qaldırılması, nəzərdə tutulan ünvanlara daha tez , təhlükəsiz çatmaq üçün lazımi tədbirlər görüləcək. Proqramın icrası nəticəsində əlavə müsbət sosial-iqtisadi effektlər yaranacaqdır. Bütün bu amillər birlikdə Bakı şəhərinin beynəlxalq hesabatlarda ən yüksək reytinqə, ən yaxşı şəhərlər reytinqinə daxil olmasını təmin edəcəkdir.

Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan, eyni zamanda, beynəlxalaq nəqliyyat dəhlizlərinin qovuşduğu strateji əhəmiyyətli qovşaqdır. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılır, ortaq müəssisələr, müştərək müəssisələr qurulur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir. Başqa sözlə deyilsə, ölkəmiz dünyanın enerji xəritəsində tutduğu mövqeyi ilə əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilir. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə görülən əlavə tədbirlər, həcmi artan yükdaşımalar qarşılıqlı əməkdaşlığın məntiqi nəticəsidir. Məqsəd dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmək, tərəfdaşların sayını artırmaqdır.

Çinin təşəbbüsü olan «Bir kəmər, bir yol» layihəsinə qoşulmaqla yükdaşıma imkanlarını, tərəfdaşlığın coğrafi istiqamətlərini genişləndirən Azərbaycan hazırda ən sərfəli, qitələri birləşdirən yüksək imkanlara malik ölkə kimi diqqəti cəlb edir. Çinlə Avropa arasındakı ən qısa marşrut kimi tranzit və yükdaşıma baxımından səmərəli olan Şərq-Qərb nəqliyyat dəhlizi”nə maraq artmaqdadır. Çünki Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkə olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bu təşəbbüs dünyanın nəqliyyat xəritəsini dəyişən qlobal layihədir.

Bu ilin yanvar ayının 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Azərbaycanın dünya birliyində dəstəklənən daxili və xarici siyasəti, əməkdaşlıq istiqamətləri barədə sualları cavablandıran Prezident İlham Əliyev Orta Dəhliz layihəsinin reallaşmasında əsas tərəfdaşlardan olan Çin-Azərbaycan münasibətlərindən də bəhs etmişdir. «Artıq qeyd etdiyimiz kimi, biz strateji tərəfdaşıq, lakin, eyni zamanda, Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək» sözləri ilə beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrində xüsusi rolu olan iki dövlət arasındakı münasibətləri yüksək dəyərləndirən dövlət başçımız Azərbaycanın qlobal əhəmiyyətli nəqliyyat infrastrukturu barədə də açıqlama vermişdir. «Çünki bizim hədəfimiz ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı. Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk» söyləyən Prezident İlham Əliyev vurğulamışdır ki, Mərkəzi Asiyada bağlantı layihələri əsasən Çin hökuməti tərəfindən həyata keçirilir.
Nəqliyyat infrastrukturunu ölkələri birləşdirən , ikitərəfli və çoxtərəfli münasibətləri möhkəmləndirən amil adlandıran Prezident İlham Əliyev qarşıdakı illərdə daha mühüm layihələrin həyata keçirilməsində birgə fəaliyyət prinsiplərinə sadiq qalacaqlarını bildirmişdir.

Hazırda yeni layihələr arasında beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizi dünyanın siyasi masasında aktuallığı ilə seçilir. İkinci Qarabağ müharibəsindən sonra imzalanan üçtərəfli Bəyanatda xüsusilə qeyd olunan bu dəhlizin mühüm kommunikasiya xətti olduğu beynəlxalq səviyyədə qəbul edilir və dəstəklənir. «Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur» söyləyən Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın heç bir əsası olmayan dırnaqarası «sülh kəsişməsi»ni dünya ictimaiyyətini çaşdırmaq naminə irəli sürülən səhv fikir, xəyali layihə adlandırıb:” «Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır.»

Təbii ki, bu cür kampaniyalar Azərbaycana qarşı aparılan təxribatların tərkib hissəsidir. Bu dəhlizin açılmasının regional əhəmiyyətini
«Prinsip etibarilə Gürcüstan, Türkiyə ərazilərindən də bu bağlantı yaradıla bilər, amma ən rahat yol və imkan olduğu halda, əlbəttə ki, bu məsələ prioritet təşkil edir. Bununla belə, biz görəndə ki, Ermənistan tərəfi yenə də özünü qeyri-səmimi aparır, İran İslam Respublikası ilə müvafiq razılaşma əldə edilmişdir və Ermənistanı baypas edən avtomobil körpüsünün tikintisi də, artıq bu layihə də icra edilir və yəqin ki, bu il tamamlanacaq» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev hazırda ən böyük beynəlxalq loqistika və infrastruktur olan Orta Dəhliz layihəsinin davamı kimi dəyərləndirilən Zəngəzurdan keçəcək dəmir və avtomobil yollarının açılmasının zərurətini faktları təhlil etməklə diqqətə çatdırır. Bu yolun açılması ilə Azərbaycanın tarixi ərazisi, ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası, qardaş Türkiyə ilə birbaşa əlaqələr daha da asanlaşacaq. Turk birliyini möhkəmləndirəcək bu dəhlizin açılmasından təşvişə düşən Ermənistan və havadarları müxtəlif bəhanələrlə layihənin bərpasına maneçilik göstərirlər. Amma unudurlar ki, Azərbaycandan Azərbaycana maneəsiz, heç bir yoxlamadan keçmədən keçidin təmin olunması beynəlxalq hüquq normalarına da tam uyğundur.

Bir çox ölkənin iqtisadi böhranla üzləşdiyi müasir dövrümüzdə nəqliyyat infrastrukturunun, yük daşımaların səmərəli təşkili diqqətdə olan qlobal problemdir. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınması üçün bu dəhliz ən sərfəli nəqliyyat vasitəsidir.

Xuraman İsmayılqızı, «İki sahil»