Azərbaycan sərmayə ilə bağlı konkret layihələr üçün Somaliyə heyət göndərə bilər.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudla fevralın 12-də mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Somali Prezidenti Hasan Şeyx Mahmudla iki ölkə arasındakı sərmayə imkanlarını müzakirə ediblər.
"Somali Prezidentinin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır", - Prezident vurğulayıb.
İlham Əliyev bu prosesin davam etməli olduğunu diqqətə çatdırıb:
"Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində biz digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə mənə məlumat verdi. Mən, həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Bir sözlə, hesab edirəm ki, biz bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik".