Öz geosiyasi maraqlarına görə dünyanın ayrı-ayrı bölgələrində, eləcə də Cənubi Qafqazda xaos, qeyri-sabitlik, qarşıdurma yaratmaq istəyənlər USAID, NED, Fridrix Nauman, Marşall, İREX OCCRP və digər bu kimi təşkilatlardan zaman-zaman ayrı-ayrı ölkələrin siyasi hakimiyyətlərinə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər. Azərbaycana qarşı xain planlar quran məlum məkrli qüvvələr həmin təşkilatların vasitəsilə cəmiyyətdə narazılığın artırılmasını, gərginliyin yaradılmasını əsas xətt kimi müəyyənləşdiriblər.
Ötən ilin noyabrında iqlim dəyişmələrinə həsr olunan mötəbər bir tədbirin-COP29-un davam etdiyi günlərdə bir sıra Qərb mediasında siyasi kontekstdə Azərbaycana qarşı açıq-aşkar mənfi tendensiyanın müşahidə olunmasına da bu kontekstdən yanaşmaq lazımdır. Artıq heç kimə sirr deyil ki, Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAID) erməni lobbisi ilə işbirliyinə girərək həmin vaxt ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasında bütün dünyanın yaxşı tanıdığı lobbiçilərdən, bəzi xarici media orqanlarından həyasızcasına istifadə edib. Məkrli planlarını işə salan bədnam mərkəzlərin nəzarətində olan bu qurumun maliyyələşdirdiyi mətbuat orqanlarında Azərbaycanda insan haqlarının qorunması ilə bağlı reallığı əks etdirməyən, əsassız ittihamlar və iddialarla dolu məqalələrin dərc edilməsi heç də təsadüfi deyil.
Təkzibolumaz faktlarla sübut olunur ki, dünya üzrə 707 media qurumu, 6200 jurnalist və jurnalistika sahəsində fəaliyyət göstərən 279 qeyri-hökumət təşkilatını maliyyələşdirən USAID-in OCCRP (Organized Crime and Corruption Reporting Project -Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi) eləcə də yerli agentura şəbəkəsinin vasitəsilə ölkəmizin əleyhinə şər-böhtan, hətta təhqir dolu məqalələrin böyük əksəriyyəti USAID tərəfindən maliyyələşdirilib.
Təsir və təzyiq vasitəsi olan USAID-in fırıldaqçılıqla məşğul olduğuna diqqət çəkən, onun bağlanmasının vacibliyini bildirən ABŞ Prezidenti Donald Trampın fevralın 8-də Ağ Evdə Yaponiyanın Baş naziri Sigeru İşiba ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən söylədiyi bu sözləri xatırlamaq yerinə düşər: “Onun büdcəsinin hər bəndinə baxdığım zaman ya korrupsiya görürəm, ya da gülünc bir şey”. Yeri gəlmişkən qeyd edək ki, bütün bunlar Bayden administrasiyası dövründə Açıq Cəmiyyət İnstitutu və Sorosun dəstəyi ilə vəzifə nərdivanında sürətlə irəliləyən, özünə əməlli-başlı karyera quran ermənipərəst Samanta Pauerin bu quruma rəhbərlik etdiyi dönəmə təsadüf edir.
Hələ iki il bundan əvvəl yazmışdıq ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ayrı-ayrı bölgələrdə və ölkələrdə öz planlarını həyata keçirmək üçün “yüksək peşəkarlıqla” araya- ərsəyə gətirdiyi OCCRP, USAID kimi təşkilatları daim irəliyə verib. Bu qurumlar, daha doğrusu, məkrli təxribat maşınları müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, cəmiyyətdə qeyri-sabitlik, qarşıdurma, çevriliş, xaos yaratmaq üçün ən çirkin vasitələrdən istifadə edirlər. OCCRP-in əsas məqsədinin ABŞ kəşfiyyatı tərəfindən ötürülən məlumatların araşdırmaçı jurnalist məhsulu kimi təqdim olunması bu təşkilatın rəsmi Vaşinqtonun xarici siyasətində təsir rıçağı rolunu oynamasını bir daha təsdiq edir. O da danılmaz faktdır ki, məlum güc mərkəzləri geosiyasi maraqları naminə davamlı olaraq ayrı-ayrı ölkələrin daxili məsələlərinə müdaxilə edir, məkrli planlarını bu üsullarla reallaşdırırlar.
OCCRP-nin daim Cənubi Qafqazı, eləcə də Azərbaycanı əsas hədəf kimi seçməsinə, ölkəmizin daxili işlərinə qarışmasına, əsasən erməni maraqlarının müdafiəçisi kimi çıxış etməsinə, USAID-in ermənipərəst rəhbəri Samanta Pauer tərəfindən “tərəfdaş qurum” hesab edilməsinə, hazırda OCCRP-nin əməliyyatlarını USAID əməkdaşı Şennon Maquayrin kurasiya etməsinə də bu kontekstdən baxmaq lazımdır. Bu qurumun Amerika milyarderlərinin ofşor zonalarda fəaliyyətini araşdırmaması da real gerçəklikdir. Qlobal xəbər təşkilatı ilə birgə layihələr üzərində işləmiş Latın Amerikasında ən məşhur baş redaktorlardan biri “Drop Site News”a bildirib: “OCCRP-nin ABŞ hökumətinə faydalı olması üçün onlara hər hansı məlumat təqdim etməsinə ehtiyac yoxdur. Bu, ABŞ-dan kənarda araşdırmalar aparan “təmiz əllər” ordusudur”.
Bir məsələni xüsusilə qey etmək istərdik ki, OCCRP ölkəmizdə reallaşan iqlim dəyişmələri ilə bağlı tədbirlər zamanı ABŞ Dövlət Departamentindən aldığı sifarişləri yerinə yetirərək öz çirkin fəaliyyətini davam etdirib. USAID-isə OCCRP xətti ilə dərc olunan yazıları maliyyələşdirib. “Vaşinqton Post”, “Qardian”, “New York Times”, “Washington Post” kimi media orqanları da bu çirkli və çirkin oyunda infrormasiya təminatçıları kimi çıxış ediblər.
Zahid Rza, “İki sahil”