02 fevral 2025 21:50
86

Hərracda satılan ən bahalı yarış avtomobili

Məşhur Qran-Pri yarış avtomobillərindən olan “Mercedes-Benz W 196 R” modeli Ştutqartda təşkil olunan hərracda 51 milyon avroya satılıb.

“İki sahil” Almaniyanın “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, bu, indiyədək hərracda satılan ən bahalı Qran-Pri yarış avtomobili kimi tarixə düşüb.

Avtomobil ilk dəfə 1965-ci ildə istehsalçı tərəfindən “Indianapolis Motor Speedway” muzeyinə bağışlanıb. “W 196 R” dünyanın müxtəlif ölkələrindən xeyli sayda zəngin kolleksionerin diqqətini cəlb edib. Avtomobil həvəskarları bu avtomobilin texniki üstünlüklərinə və cəlbedici sürətinə böyük heyranlıq duyurlar. Məhz bu baxımdan hərracda avtomobilə böyük maraq göstərilib.

Qeyd edək ki, 1930-1950-ci illərdə “W 196 R” modeli Qran-Pri yarışlarında böyük üstünlük nümayiş etdirib. Model 1954-cü ildə 2,5 litrlik mühərriklərlə təqdim edilən yeni qaydalar üçün xüsusi olaraq hazırlanıb. Argentinalı yarış pilotu Xuan Manuel Fangio bu avtomobillə bir neçə Qran-Pridə qələbə qazanıb. Bu isə avtomobilin avtoidman tarixində ən çox axtarılan kolleksiya əşyalarından birinə çevrilməsinə səbəb olub.