30 yanvar 2025 09:33
154

Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı və qarşıda dayanan hədəflər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 28 yanvar tarixində keçirdiyi müşavirədə nəqliyyat məsələləri müzakirə olunaraq, ölkəmizin bu sahədəki mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirildi. Son illərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilsə də, Bakı şəhərində tıxacların artması və nəqliyyatın daha da səmərəli təşkili məsələləri yenidən gündəmə gəldi.

Dövlət başçısı müşavirədə Bakı şəhəri və onun ətraf ərazilərinin nəqliyyat infrastrukturunun son illərdə böyük inkişaf yolundan keçdiyini xatırlatdı. Yeni metro stansiyalarının istifadəyə verilməsi, tunellərin, yol qovşaqlarının və körpülərin inşası şəhər nəqliyyatının hərəkət qabiliyyətini artırsa da, tıxac problemi hələ də aktualdır. Ölkə əhalisinin, xüsusilə Bakı şəhərində yaşayanların sayının sürətlə artması şəhər yol infrastrukturunun və metro sisteminin bu yükü tam mənimsəməsinə çətinlik yaradır. Buna görə də, yeni dövlət proqramının hazırlanması istiqamətində işlər aparılır.

Cənab Prezident son 15 ildə Bakıda həyata keçirilən nəqliyyat layihələrinin şəhər həyatına göstərdiyi böyük təsirdən də bəhs etmişdir. Əgər bu işlər icra olunmasaydı, paytaxtın nəqliyyat sistemi iflic ola bilərdi. Bununla belə, mövcud problemləri həll etmək üçün yeni strategiyaların hazırlanması zəruridir. Dövlət proqramının həyata keçirilməsi Bakı şəhərinin və ölkənin digər bölgələrinin nəqliyyat sistemində modernləşməni və optimallaşdırmanı daha da sürətləndirəcəkdir.

Prezident İlham Əliyev Bakıdan savayı , ölkəmizin digər bölgələrində də həyata keçirilmiş böyük layihələrindən bəhs etdi. Aparılan genişmiqyaslı işlər nəticəsində magistral, şəhərlərarası və kənd yolları yenidən qurulmuşdur. Cənab Prezident 20 il əvvəlki yol infrastrukturunun vəziyyəti ilə müasir dövrü müqayisə etdikdə bu sahədə də böyük irəliləyiş olduğunu vurğulamışdır. Hazırda kənd yollarının təmiri və yenidən qurulması 85-90% səviyyəsinə çatıb və bu proses hər il davam etdirilir.

Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycanın iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Ölkəmizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir və bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, rəqəmsallaşma sahəsində də ciddi addımlar atılır. Eyni zamanda, qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılaraq müştərək müəssisələr qurulmaqdadır.

Azərbaycan regionda mühüm nəqliyyat qovşağına çevrilmişdir. Cənab Prezident ölkəmizin dünya okeanlarına birbaşa çıxışının olmadığını xatırladaraq belə bir vəziyyətdə həyata keçirilən düzgün strateji layihələr və infrastruktur investisiyaları sayəsində Azərbaycanın Avrasiyanın əsas nəqliyyat mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirdiyini söylədi. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı bu prosesin əsas tərkib hissəsidir.

Adətən, qlobal nəqliyyat qovşaqları okeanlara və dənizlərə çıxışı olan ölkələrdə yerləşir. Bununla belə, Azərbaycan coğrafi mövqeyindən maksimum istifadə edərək və məqsədyönlü addımlar ataraq, qlobal nəqliyyat sistemində mühüm yer tutmuşdur. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə yük daşımalarının həcmi sürətlə artır və bu artımı qarşılamaq üçün infrastruktur gücləndirilir. Bu istiqamətdə əlavə sərmayələr yatırılır və yeni layihələr icra edilir.

Zəngəzur dəhlizi Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilmiş və beynəlxalq leksikona daxil edilmişdir. İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Zəfər bu layihənin reallığa çevrilməsi üçün əsas zəmini yaratmışdır. Zəngəzur dəhlizinin açılması regional nəqliyyat əlaqələrinin genişlənməsinə və ölkəmizin əsas hissəsi ilə onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası arasında birbaşa bağlantının təmin edilməsinə xidmət edir.

Buna baxmayaraq, Ermənistan dörd ildən artıqdır ki, qeyri-konstruktiv mövqe nümayiş etdirərək, 10 noyabr 2020-ci il razılaşmasının şərtlərini yerinə yetirməkdən boyun qaçırır. Rəsmi İrəvan müxtəlif bəhanələrlə və əsassız layihələrlə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistanın irəli sürdüyü “Sülh kəsişməsi” layihəsi isə Azərbaycan olmadan heç bir dəyərə malik deyil və bunu beynəlxalq tərəfdaşlar da anlayır.

Ermənistanın maneə törətmək cəhdlərinə baxmayaraq, Azərbaycan İran ilə razılaşma əldə edərək Ermənistanı oyundan kənar vəziyyətə salan avtomobil körpüsünün tikintisini başlatmışdır. Bu layihənin yaxın zamanda tamamlanması planlaşdırılır. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında ikinci bir körpünün inşası da gündəmdədir.

Azərbaycanın tələbi aydındır: ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz və sərbəst keçid təmin edilməlidir. Bu, 10 noyabr razılaşmasının bəndlərindən biridir və Ermənistanın bu öhdəliyi yerinə yetirməməsi beynəlxalq hüquqa ziddir.

Xalqımız tarixi boyunca ərazilərimizə qarşı törədilən ədalətsizlikləri unutmur. Qərbi Zəngəzurun 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Azərbaycan torpaqlarından ayrılması tarixi bir haqsızlıqdır. Ermənistanın Azərbaycana qarşı uzun illər boyu törətdiyi cinayətlər – Qarabağ xanının öldürülməsi, ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, Xocalı soyqırımı və digər hadisələr xalqımızın yaddaşından çıxmayacaq.

Dövlət başçımız Azərbaycanın nəqliyyat infrastrukturunun son 20 ildə keçdiyi böyük inkişaf yolundan da bəhs etdi. Belə ki, ölkəmizin avtomobil, dəmir yolu, hava nəqliyyatı və dəniz daşımaları sahəsində həyata keçirdiyi layihələr nəqliyyat sektorunu keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.

Son 20 ildə Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilmiş və təmir edilmişdir. Bu müddət ərzində 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid inşa edilmişdir.

Azərbaycanın dəmir yolu infrastrukturu da əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. 1500 kilometrdən çox yeni dəmir yolu xətti tikilmiş, 1800 kilometr xətt isə təmir edilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmiş strateji layihələrdən biridir. Layihənin icrası zamanı bəzi beynəlxalq maneələrə baxmayaraq, Azərbaycan bu mühüm tranzit yolunu istifadəyə vermişdir.

Bununla yanaşı, Abşeron dairəvi xətti, hazırda 80 % tamamlanmış Sumqayıt-Yalama, Bakı-Qəbələ dəmir yolları kimi vacib layihələr uğurla icra edilmişdir. Hazırda Ələt-Astara dəmir yolunun genişləndirilməsi gündəlikdədir.

Cənab Prezident müşavirə zamanı Azərbaycanın hava nəqliyyatı sektorunda da əldə edilmiş böyük irəliləyişlərdən də bəhs edərək qeyd etmişdir ki, son 20 ildə 8 beynəlxalq hava limanı inşa edilib və mövcud hava limanları yenidən qurulub. Belə ki, Qəbələ, Zaqatala, Füzuli və Zəngilan hava limanları tikilərək istifadəyə verilmiş, Naxçıvan ,Bakı, Lənkəran, Gəncə hava limanları isə müasir standartlara uyğun yenidən qurulmuşdur. Bundan əlavə, Laçında yeni hava limanının inşası davam etməkdədir.

Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord göstərici ilə 7 milyondan çox sərnişin qəbul etmişdir. Artan tələbatı qarşılamaq üçün hava limanında yeni terminal kompleksi inşası da nəzərdə tutulmuşdur.

Dövlət başçımız Azərbaycanın dəniz nəqliyyatı sahəsində də görülən böyük işlərdən söz açmışdır. Bakı Dəniz Ticarət Limanı şəhər mərkəzindən çıxarılaraq yeni ərazidə qurulmuşdur. Limanın hazırkı yükötürmə qabiliyyəti 15 milyon ton olsa da, bu göstəricinin yaxın illərdə 25 milyon tona çatdırılması planlaşdırılır. Bundan əlavə, ölkəmizin dəniz nəqliyyatı sektorunun gücləndirilməsi məqsədilə Bakıda gəmiqayırma zavodu inşa edilmişdir.

Prezidentimiz müşavirədə işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı infrastruktur layihələrindən də söhbət açmışdır. Bu ərazilərdə infrastrukturun bərpası sürətlə davam edir. Belə ki, hazırda 3400 kilometr avtomobil yolu,45 tunel, 447 körpü, 16 viaduk inşa edilməkdədir.

Eyni zamanda, Horadiz-Ağbənd dəmir yolunun 60%-i, Bərdə-Ağdam dəmir yolunun isə 94%-i tamamlanmışdır. Bu layihələr işğaldan azad edilən torpaqlarda iqtisadiyyatın canlanmasına böyük töhfə verəcəkdir.

Bakı şəhərində ictimai nəqliyyatın inkişafı məqsədilə son illərdə 7 yeni metro stansiyası inşa edilmişdir. Dövlət Proqramına əsasən, yaxın illərdə daha 10 yeni metro stansiyasının tikintisi nəzərdə tutulur. Bundan əlavə, şəhərdə elektrobusların istifadəyə verilməsi istiqamətində ciddi addımlar atılır.

Azərbaycanın nəqliyyat sektoru həm daxili, həm də beynəlxalq səviyyədə mühüm inkişaf yolu keçməkdədir. Ölkəmizdə əhalinin artması və iqtisadi aktivliyinin yüksəlməsi yeni nəqliyyat strategiyalarının hazırlanmasını zəruri edir. Sözsüz ki, Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun genişləndirilməsi, kənd yollarının təmiri və beynəlxalq nəqliyyat dəhlizlərinin modernləşdirilməsi istiqamətində görülən işlər Azərbaycanın nəqliyyat sahəsində dayanıqlı inkişafını təmin edəcəkdir.

Ziyafət Əsgərov,

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini