30 yanvar 2025 15:34
108

Azərbaycan gəncliyi daha işıqlı sabahlara doğru...

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Həmçinin, hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bugünü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur.

Azərbaycan gəncliyi deyəndə, istər sovet dövründə, istərsə də müstəqillik dönəmində bunu Ulu Öndər Heydər Əliyevsiz təsəvvür etmək olmaz. 1997-ci il fevralın 1-də Azərbaycan Gənclərinin Forumunun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

- Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur.

Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir”.  Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev Ümummilli Liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübut etmişdir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir.     

Azərbaycan gəncləri üçün ən həlledici sınaq sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq.

Aynur Tağıyeva,
Humanitar fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi